Rusiyanın Ukraynaya hücumu: Putin nüvə silahını işə sala bilərmi?

Şəklin mənbəyi, Anadolu ajansı/Getty
- Müəllif, Steve Rosenberg
- Vəzifə, BBC News, Moskva
Bu yazıya bir etirafla başlamalıyam.
Əvvəlki vaxtlarda bəzi mövzularla bağlı bir neçə dəfə "Putin qətiyyən bunu etməz" demişəm. Amma o, etməz dediyim hər şeyi etdi.
"Krımı ilhaq etməz". Etdi.
"Heç vaxt Donbasda müharibə başlatmaz". Başlatdı.
"Ukraynanın bütün ərazisini işğal etməyə girişməz". Girişdi.
Nəticədə mən artıq bu qənaətə gəldim ki, Vladimir Putinlə bağlı məsələlərdə "qətiyyən etməz" cümləsinin işlədilməsinə gərək yoxdur.
Bunun ardınca o narahatedici sual ağla gəlir:
"O, nüvə düyməsini birinci basmaz. Yoxsa, basar?"

Və bu, nəzəri sual deyil. Rusiya prezidenti NATO liderlərinin "aqressiv bəyanatlar" verdiyini deyərək ölkənin nüvə qüvvələrini "xüsusi hazırlıq vəziyyətinə" gətirdi.
Keçən cümə axşamı etdiyi çıxışda Ukraynanın bütün ərazisinin işğalı planını "xüsusi hərbi əməliyyat" adlandıran Putin tükürpədici açıqlamalar vermişdi:
"Xaricdən müdaxilə etmək istəyən hər kəs bilsin - Rusiya dərhal cavab verəcək. Bunu etsəniz, tarixinizdə yaşadığınız hər şeydən daha ağır nəticələrlə üzləşəcəksiniz".
Nobel sülh mükafatı laureatı, "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratov deyir ki, "Putinin sözləri bilavasitə nüvə müharibəsi təhdidi kimi anlaşılır.
Həmin çıxışında o, Kremlin yox, planetin sahibi ədasıyla danışırdı. Lüks avtomobilinin açarını əlində oynadıb öyünən biri kimi, o da nüvə düyməsini nişan verir. Putin dəfələrlə deyib ki, Rusiya yox olacaqsa, planetin özünə də ehtiyac yoxdur. Heç kim onun sözlərini ciddiyə almadı, amma bu o deməkdir ki, Rusiya istədiyi münasibəti görməzsə, hər şeyi məhv edə bilər".

Şəklin mənbəyi, AFP/Getty Images
2018-ci ildə çəkilmiş bir sənədli filmdə Putin belə demişdi: "Kimlərsə Rusiyanı yer üzündən silmək qərarına gəlsə, buna legitim şəkildə cavab vermək haqqımız var. Bəli, bu, insanlıq və dünya üçün son olacaq. Amma mən Rusiya vətəndaşıyam və bu dövlətin rəhbəriyəm. İçində Rusiyanın olmadığı dünyaya ehtiyac varmı?"
2022-ci ilə qayıdaq.
Putin Ukraynaya qarşı total müharibə başlatdı. Amma Ukraynanın silahlı qüvvələri güclü müqavimət göstərirlər. Qərb ölkələri Kremli təəccübləndirərək Rusiyaya qarşı effektiv iqtisadi və maliyyə sanksiyaların tətbiqi məsələsində ortaq mövqe ortaya qoydular. Bu, Putinin qurduğu sistemin mövcudluğuyla bağlı şübhələrə yol aça bilər.
"Putin küncə sıxışdırılıb. Qərb Rusiya Mərkəzi Bankının aktivlərini dondurduqda və Rusiya maliyyə sistemi çökəndə seçim variantları azalır. Bu, sistemin fəaliyyətini durdurar" - müdafiə məsələləri üzrə rusiyalı ekspert Pavel Felgenqauer belə deyir.
Onun sözlərinə görə, seçimlərdən biri Avropa ölkələrini geri addım atmağa məcbur etmək üçün onlara təbii qaz verilməsini dayandırmaq ola bilər: "Digər variantsa Britaniyayla Danimarka arasında - Şimal dənizi üzərində nüvə silahı partladıb "Görək, nə olacaq" deməkdir".
- Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb
- Rusiya Ukraynanı işğal etməyə hazırlaşırmı? Və digər suallar
- "Alman işğalı dövründə də necəsə yaşamışıq". Ukrayna sərhədində yaşayanlar Rusiyayla müharibə ehtimalı haqda nə deyirlər?
- "Hamı qorxur", Ukraynanın şərqindən çıxarılan sakinlər
- Rusiyanın Ukraynaya hücumundan sonra Kiyevdə həyat-fotolar
Vladimir Putin nüvə silahından istifadə etmək qərarına gələrsə, yaxın çevrəsində onu bundan vaz keçməyə inandıra biləcək və ya ona mane ola biləcək kimlərsə varmı?
"Rusiyanın siyasi elitaları heç vaxt xalqla birlikdə hərəkət etmirlər. Həmişə rəhbərlərin yanında dururlar" - Muratov belə deyir.

Vladimir Putinin Rusiyasında ölkə rəhbəri çox böyük səlahiyyətlərə sahibdir. Bu ölkədə iqtidara nəzarət mexanizmləri çox zəifdir, bütün qərarlar Kremldə verilir.
Pavel Felgenqauer "Heç kim Putinə qarşı çıxmağa hazır deyil. Çox təhlükəli nöqtədəyik" deyir.
Ukraynadakı müharibə Vladimir Putinin müharibəsidir. O öz hədəflərinə nail olsa, Ukraynanın gələcəkdə suveren bir ölkə olaraq qalması çətin olacaq.
Qorxulu ehtimalsa odur ki, Putin məğlub kimi görünüb böyük itkilər versə, bu, Kremli daha çıxılmaz yollara əl atmağa yönəldə bilər.
Bu variant üçün də "qətiyyən etməz" deyə bilmirik.







