"Artıq Ukraynada heç yer əmin-aman deyil"

Ukrayna, müharibə, BBC, Rusiya

Şəklin mənbəyi, MARTA SHOKALO

    • Müəllif, Marta Şokalo
    • Vəzifə, BBC Ukraynaca xidmətinin redaktoru, Kiyev

Gecə həmkarımdan mesaj gələndə oyaq idim: O, Vladimir Putinin Ukraynanın işğalını başlatdığını yazırdı.

Dərhal da, partlayışlar başladı. Evimdən eşidirdim. WhatsApp qrupumuza ölkənin müxtəlif yerlərindən insanlar onlara yaxın yerlərdə partlayışların baş verdiyini yazırdılar.

Ölkənin şərqindəki cəbhə xəttindən uzaqda olan Kiyevin hücuma məruz qaldığını anlamaq şokedici idi.

Ukraynada artıq təhlükəsiz yer yoxdur.

Burada sadə insanlar üçün ən böyük qorxu elektrikin və internetin kəsilməsidir - belə olarsa, biz doğrudan da təcrid olunacağıq. Daha bir qorxu isə onunla bağlıdır ki, Dnepr çayının üzərindəki körpülər bombalanar və şəhəri iki yerə ayırar.

Partlayışlar 30 dəqiqə davam etdi.

10 yaşlı oğlumu geyindirdim. Səhər yeməyimizi yedik, bacardığımız qədər pəncərədən uzaqda oturduq, amma oğlum elə qorxmuşdu ki, qusdu. Şam və su götürüb zirzəmiyə düşdük - vəziyyət pisləşərsə, buraya sığınacağıq.

Evimin yaxınlığındakı supermarketlərin və çoxunda pul olmayan ATM-lərin qarşısında uzun növbələr var. Bəzi yanacaqdoldurma məntəqələrində yanacaq qurtarıb və onlar artıq bağlıdır. Qatarlar işləyir, amma onlarda yer tapmağa çalışan böyük insan izdihamı var. Prezident Zelenskinin imzaladığı fövqəladə vəziyyət fərmanına görə, Ukraynanın hava məkanı bağlıdır.

Dağıdılan yalnız hərbi hədəflər deyil, bizdə ölkənin müxtəlif yerlərindəki şəhərlərin yaşayış binalarının birbaşa hücuma məruz qaldığını göstərən fotolar var. Rusiyanın bombaları ölkənin bütün regionlarını hədəfləyib. Hətta Polşa sərhəddinə yaxın Lvovda belə bu səhər həyəcan siqnalı çalınıb və həmkarlarımdan biri bombardmandan qoruma sığınacağına yerləşib.

Bir həmkarım ailəsini Kiyevdən çıxarıb ki, havadan hücuma məruz qalmasınlar. Bəlkə də, rayonlar və kəndlər şəhərdən daha təhlükəsizdir, amma hər tərəfdən - şimaldan, şərqdən və cənubdan hücum edilən bir ölkədə artıq təhlükəsiz yer yoxdur.