Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb

Ukrayna hərbçisi, Donetsk, 22, 2022

Şəklin mənbəyi, Reuters

Ukrayna Rusiyada yaşayan vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Hesab olunur ki, Rusiyada üç milyona yaxın ukraynalı yaşayır.

Ukrayna hakimiyyəti həmçinin ölkədə bir ay davam edəcək fövqəladə vəziyyət elan edib.

Hökumətin son addımları münaqişənin miqyasının sürətlə kəskinləşə biləcəyinə işarə edir.

line

Fövqəladə vəziyyət - hələ müharibə demək deyil

Svyatoslav Xomenko

BBC müxbiri

Ukraynanın bütün ərazisində fövqəladə vəziyyətin tətbiqi Ali Rada tərəfindən təsdiqlənməlidir. Onun bu məsələ ilə bağlı iclası Kiyev vaxtı ilə saat 17:00-a (Bakı vaxtı ilə 19:00) təyin edilib, amma zənnimcə, bu qərar formal xarakter daşıyacaq.

"Fövqəladə vəziyyət" - Ukrayna hakimiyyətinin leksikonunda yeni sözlərdir: son vaxtlara kimi Kiyev iddia edib ki, hadisələrin istənilən inkişafına hazırdır, amma, əslində sakinlər üçün elə də qorxulu olacaq bir şey yoxdur.

İndi hər bir vilayət administrasiya nəzdində operativ qərargah yaradılacaq.

Fövqəladə vəziyyət rejimi onun rəhbərliyinə kifayət qədər geniş səlahiyyətlər verir. Buraya hərəkət azadlığının məhdudlaşdırılması, kütləvi aksiyalara qadağa, medianın işinin tənzimlənməsi və komendant saatının tətbiqi hüququ da daxildir.

Hər bir bölgə üçün məhdudiyyətlər onun ərazisinə cavabdeh olan qərargah tərəfindən təsdiq ediləcək.

"Fövqəladə vəziyyət rejiminin bizim həyatımıza demək olar ki, heç bir təsiri olmayacaq", - Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Hadisələrin daha bir inkişaf variantı - ölkədə hərbi vəziyyətin tətbiqidir. Kiyevdə artıq Prezident Volodımır Zelenskiyə qarşı qınaqlar eşidilir: deyilir ki, fövqəladə vəziyyət yarımölçüdür və artıq hərbi vəziyyət tətbiq edilməlidir.

Bu variantın lehinə olan dəlillər fövqəladə vəziyyət barədə Prezident fərmanını təsdiq edəcək parlament iclasında səsləndirilməlidir.

Lakin Ukrayna hakimiyyəti hələlik hərbi vəziyyətin tətbiqini zəruri hesab etmir və bildirir ki, bu tədbir yalnız Rusiya ordusunun genişmiqyaslı müdaxiləsi ilə bağlı tətbiq oluna bilər.

Antony Blinken

Şəklin mənbəyi, Getty Images

Bu gün ABŞ dövlət katibi Antony Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşdən imtina edib.

Blinken bu qərarını çərşənbə axşamı Washington-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib və görüşdən imtina səbəbini "indi mənası yoxdur" şəklində şərh edib.

Həmçinin Ağ Evin mətbuat katibi Jen Psaki açıqlayıb ki, Rusiya Prezidenti Putin və ABŞ Prezidenti Biden arasında əvvəllər müzakirə edilən görüş də gündəmdə deyil.

Rusiya Dövlət Dumasının 351 deputatına sanksiya

Şəklin mənbəyi, TASS

351 deputata sanksiya

Avropa İttifaqı (Aİ) Donetsk və Luhansk-ın tanınmasına cavab olaraq, Rusiya Dövlət Dumasının 351 deputatına qarşı sanksiya tətbiq edib, bunu Fransa xarici işlər naziri Jean-Yves Le Drian və avropalı diplomat Josep Borrel bəyan ediblər.

Diplomatlar bildiriblər ki, Aİ-yə üzv ölkələr özlərini müstəqil elan etmiş Donbass və Luhansk respublikalarını tanınmasına görə Rusiyaya qarşı sanksiyaları yekdilliklə təsdiqləyib.

Fevralın 15-də Rusiya Dövlət Dumasının 351 deputatı DXR və LXR-nin tanınması təklifi ilə Prezident Vladimir Putinə müraciətə səs verib. Dövlət Duması DXR və LXR-ni tanımasını Rusiya Xarici İşlər Nazirliyindən yox, birbaşa Putindən istəyib.

line

Sanksiyalar Putini dayandıracaqmı?

Təhlil

Bu arada, ABŞ-ın The New York Times nəşri Ağ Ev rəhbəri Joe Biden-in Rusiyaya qarşı nəzərdə tutduğu iqtisadi təzyiqlərin effektivliyi məsələsini gündəmə gətirib.

Qoyulan sualı cavablandıran ekspertlər Joe Biden-in sanksiya siyasətinin uğurlu olmayacağını düşünürlər.

"Rusiya hökuməti gələcək sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün uzun illərdir maliyyə və büdcənin restrukturizasiyası işlərini həyata keçirir.

Bu işdə Moskvaya neft və qaz qiymətlərinin yuxarı olması kömək edib. Hazırda Rusiyanın xarici borcu çox aşağıdır.

Bundan əlavə, 2014-cü illə müqayisədə indi Kremlin xarici maliyyə institularından kredit götürməyə elə də ehtiyacı yoxdur.

Ən vacib məqam isə ondan ibarətdir ki, Rusiyanın xarici valyuta rezervi 631 milyard dollar səviyyəsindədir. Bununla da rəsmi Moskva dünyanın ən çox xarici rezervə malik 4-cü ölkəsidir," - qəzet yazır.

Məqalə müəllifləri onu da əlavə edib ki, ciddi iqtisadi geriləmə Vladimir Putinin siyasi mövqeyini laxlada bilər.

Lakin ABŞ və onun avropalı müttəfiqlərinin Kremlə qarşı daha ağır sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki bu yoll onlar həm də öz iqtisadiyyatlarına zərbə vura bilərlər.

line
Ukrayna Luhansk Donetsk Rusiya qoşunları seprataçı rejimlər

Sanksiyalar daha kimləri hədəf alır?

Borrell həmçinin açıqlayıb ki, Aİ Dövlət Dumasının 351 deputatıyla yanaşı, həm də 27 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu şəxslər "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmaqda və ya təhdid etməkdə rol oynayır", - Borrel deyib. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın Donbassdakı əməliyyatlarını maliyyələşdirən qurumları, həmçinin Rusiyanın "qərar qəbul edənlərini" və müdafiə sektorunun nümayəndələrini maliyyələşdirən bankları da hədəfə alacaq.

Avropalı diplomatın sözlərinə görə, Rusiyanın Aİ-nin maliyyə və kapital bazarlarına çıxışını məhdudlaşdırmaq barədə də qərar qəbul edilib. Avropa diplomatiyasının rəhbəri "Milanda daha çox alış-verişə, Saint Tropezdə əyləncələrə, Antverpendə brilyantlara ehtiyac yoxdur" deyib, lakin onun bu tviti tezliklə silinib. Fransanın xarici işlər naziri Jean-Yves Le Drian da öz növbəsində bildirib ki, Aİ xarici işlər nazirləri Ukraynanın şərqində özünü müstəqil elan etmiş iki qurumun tanınması ilə bağlı "birinci sanksiyalar paketi ilə bağlı yekdilliklə razılığa gəliblər".

"Bu tədbirlər Rusiyaya zərbə vuracaq və ağır zərbə vuracaq", - Borrell mətbuat konfransında deyib.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin sanksiya siyahısına DXR və LXR ilə sazişləri ratifikasiya etmiş Dövlət Dumasının deputatları, özünü müstəqil elan etmiş respublikaların tanınmasını dəstəkləyən bir sıra məmurlar, habelə Rusiya hakimiyyətinə maliyyə bazarlarına və Aİ xidmətlərinə giriş imkanı verən bir neçə bank daxil olacaq.

NATO

Bu arada Kanada, Avstraliya və Yaponiya da Rusiyaya sanksiyalar tətbiq edib.

Kanada Rusiyanın iki dövlət bankına (bankların adı açıqlanmır) sanksiya tətbiq edib. Bu ölkə həmçinin öz vətəndaşlarına və şirkətlərinə Donetsk və Luhanskla "hər hansı maliyyə əməliyyatlarında iştirak etməməyi və Rusiyanın dövlət borclarının alınmasında iştirak etməyi" qadağan edib.

Yaponiya hökuməti isə Rusiyanın aktivlərini donduracağını və bir sıra Rusiya vətəndaşlarına viza verilməsini qadağan edəcəyini açıqlayıb.

Avstralia isə Rusiya Təhlükəsizlik Şurasının 8 üzvünə şəxsi maliyyə sanksiyaları və ölkəyə giriş qadağası tətbiq edib.