Rusiyanın Ukraynayla müharibəsi: bundan sonra nə olacaq, NATO hansı addımları atacaq?

Kiyevdə könüllülərə silah paylanır

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kiyevdə könüllülərə silah paylanır
    • Müəllif, Frank Gardner
    • Vəzifə, BBC-nin hərbi icmalçısı

Maskalar çıxarıldı, rola girməyin mənası qalmadı, diplomatiya öldü - ən azı indilik.

Ukrayna Rusiyanın genişmiqyaslı hücumuna məruz qaldı və indi öz mövcudluğu uğrunda mübarizə aparır.

İndi nə olacaq?

Rusiyanın əsas məqsədi dövlət strukturları və Prezident Administrasiyasıyla birlikdə paytaxt Kiyevi ələ keçirməkdir. Bu şəhər uğrunda döyüşlər tam gücüylə davam edir.

Belə görünür ki, prezident Putin öz generallarının planlarını öyrənməyə bir neçə ay sərf edib. Bu planlar nəzəri olaraq Ukraynanın - Qərbə meyllənən slavyan qardaşının işğalı və Moskvanın orbitinə qaytarılmasıyla nəticələnməlidir.

İşğal planı bütövlükdə üç istiqamətdən - şimal, şərq və cənub istiqamətləri üzrə hücumdan, müqaviməti qırmaq üçün artilleriya və raket zərbələrindən, ardınca isə piyada və tankların ölkəyə daxil olmasından ibarət idi.

İdealda Putin istəyərdi ki, Zelenski hökuməti mümkün qədər tez kapitulyasiya etsin və onun yerinə Moskvadan idarə olunan marionet hökumət keçsin.

Eyni zamanda, şəhərlərdə uzunmüddətli hərbi kampaniyadan yayınmaq və milli müqavimətin möhkəmlənməsinə yol verməmək də vacib idi.

"Rusiyanın Kiyevi ələ keçirməsi qısamüddətli perspektivdə hərbi və strateji əhəmiyyətli siyasi uğur olardı. Amma Ukrayna hökuməti ölkənin qərbində ehtiyat idarəetmə mərkəzi yaratdığına görə bu onun məğlub edilməsi anlamına gəlməzdi" - Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) keçmiş briqada generalı Ben Barry belə deyir.

Hazırda Rusiya qoşunlarının irəliləməsi müşahidə olunur, onlar say baxımından Ukraynanın hərbi qüvvələrindən 3 dəfə çoxdurlar. Ukrayna hərbi rəhbərliyinin qərarları və Ukrayna ordusunun müqavimət qabiliyyəti barədə də bəzi suallar var.

Müqavimət

Ukrayna ümumi səfərbərlik elan edib, onsuz da Rusiya qoşunlarını sərt müqavimətlə qarşılayan ordu hissələrinə və ehtiyatda olan əsgərlərə əlavə olaraq Kiyevdə könüllülərə 18 min ədəd avtomat silah paylanıb.

Putinin növbəti hədəfinə çevrilməkdən ehtiyat edən Şərqi Avropa ölkələri Rusiya qoşunlarının onların sərhədləri yaxınlığındakı manevrlərini əsəbi şəkildə müşahidə etməkdədirlər.

Estoniya Müdafiə Nazirliyinin daimi katibi Kusti Salm Ukraynaya hərbi yardımın artırılmasında israr edənlərdəndir:

"Onlara tank əleyhinə "Javelin" raketləri, hava hücumundan müdafiə raketləri, döyüş sursatları, qoruyucu avadanlıqlar verməliyik. Hər bir NATO ölkəsi onlara kömək etməlidir".

Rusiya 40 milyonluq əhalisi olan ölkəni məğlub etməyə nə qədər çox vaxt sərf etsə, qarşısına o qədər çox problem çıxacaq. Amma öz ölkəsində istənilən müxalif qüvvəni sıradan çıxarmaq təcrübəsinə malik olan Putin yəqin ki, qonşu Belarusun avtokratik rejiminin son iki ildə ölkədəki protest ovqatını tamamilə məhv etmək təcrübəsini də gözdən keçirib. Orda etirazçıların saxlanması zamanı tətbiq edilən zorakılıq və işgəncə taktikası aksiyaları bitirən əsas faktor olmuşdu.

Ben Barri hesab edir ki, "Rusiya son dərəcə sərt repressiyalara əl atacaq, Çinin Sincanda istifadə etdiyi rəqəmsal izləmə üsulunun gücləndirilmiş versiyasını tətbiq edəcək. Bundan başqa, Ukraynadakı partizan hərəkatına dəstək verən istənilən ölkəni hədələyəcək".

Bəs NATO hanı?

Ukraynada baş verənlərə müdaxilə etməmək üçün NATO-nun çox ciddi səbəbləri var. Kiyevin köməklə bağlı Qərbə yalvarışlarına baxmayaraq alyans Ukraynaya qoşun göndərmək ideyasını qətiyyətlə rədd etdi.

Malta adasında Ukraynaya dəstək aksiyası

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Malta adasında Ukraynaya dəstək aksiyası

Niyə? Çünki Ukrayna NATO üzvü deyil və açıq desək, alyans Rusiyayla müharibə etmək istəmir.

Rusiyanın hərbi əməliyyatı uzunmüddətli xarakter alarsa, 1980-ci illərdə ABŞ Əfqanıstanda mücahidlərin SSRİ-yə qarşı mübarizəsinə dəstək verdiyi kimi, Qərb ölkələri də Ukraynadakı partizan hərəkatına yardım edə bilərlər. Amma bu da risklidir - böyük ehtimal, Putin hansısa şəkildə bunun qisasını alacaq.

Belə görünür ki, NATO şərq sərhədlərinin möhkəmləndirilməsinə fokuslanıb. İroniya bundadır ki, Moskva alyansdan öz qoşunlarını qərbə çəkməyi tələb edirdi, amma Putinin Ukraynaya hücumu bunun əksi olan prosesə səbəb oldu.

"Bu, Avropa üçün ciddi bir həyəcan siqnalıdır. Otuz illik sülh, təəssüf ki, qeyri-adi vəziyyətdir. Tiranla mübarizə apararkən biz [hərbi] planlarımızı sürətləndirməliyik" - Britaniya parlamentinin Müdafiə komitəsinin sədri Tobias Ellwood belə deyir.

Vəziyyət daha da pisləşə bilərmi?

Ukrayna üçün vəziyyət onsuz da çox pisdir. Ölkənin şərqindəki rusiyapərəst separatçılarla səkkiz illik döyüşlərdən sonra Ukrayna arsenalında nüvə silahı olan nəhəng qonşusunun bomba və raketlərinin hədəfinə çevrilib.

1991-ci ildə ukraynalılar müstəqilliyə səs verərək nüvə silahından imtina ediblər. Amma Rusiya öz istədiyinə nail olub ölkəni işğal etsə, bu, Ukraynanın otuz il əvvələ qayıtması demək olacaq.

Qərb liderlərini narahat edən daha bir sual var: prezident Putinin Ukraynadan sonrakı planı nədir?

NATO generalları onun 2021-ci ildəki çıxışını yenidən analiz ediblər və bu qənaətə gəliblər ki, Putinin Polşa, Litva, Latviya və Estoniyaya doğru irəliləmək ehtimalına qarşı şərq sərhədlərini möhkəmləndirmək lazımdır, həm də təcili surətdə.

Bütün bunlar Putinin nəyinə lazımdır?

"Onun bir planı olduğunu düşünürəm - "ön müharibə" vəziyyəti yaratmaq üçün əvvəlcə ora nizamsız ordu göndərmək. Mən bütün bunların Balkanlara sıçrayacağından qorxuram" - Tobias Ellwood belə deyir.

NATO uğuru təsadüflərin ümidinə buraxmaq fikrində deyil, ona görə də 100-dən çox təyyarəni döyüş hazırlığı vəziyyətinə gətirib.

Britaniya şərqə, o cümlədən, Estoniyaya əlavə hərbi qüvvə göndərən ilk ölkələrdən biri oldu.

Gücləndirmənin effektinə realist yanaşan Kusti Salm deyir ki, "Britaniyalıların rəhbərlik etdiyi bir taktiki batalyon qrupunun gücünə görə dünyanın ikinci böyük nüvə arsenalını əngəlləyə biləcəyini heç kim düşünmür.

Bu, ABŞ, Britaniya və Fransa da daxil olmaqla, NATO-nun bütün gücündən istifadəni hərəkətə gətirəcək impulsdur".

Son vaxtlara qədər mümkün görünməyən bu ssenari - Rusiyanın alyans üzvü olan ölkəyə hücumu reallaşsa, NATO və Rusiya həqiqətən də müharibə vəziyyətində qala bilərlər.

Amma bu baş verməyib (hələ ki) və Qərb liderləri ümid edirlər ki, sərt iqtisadi sanksiyalar da daxil olmaqla, razılaşdırılmış ümumi səylər nəticəsində Moskvanı bu çəkindirmə siqnallarını "tutmağa" məcbur edə biləcəklər.