Volodimir Zelenskinin əsas rolu və Putinin psixi durumu: dünya KİV-ləri Rusiya-Ukrayna müharibəsinin ilk günləri haqqında

Volodimir Zelenski

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, düşmən tərəf onu özünü bir, ailəsini isə iki nömrəli hədəf elan edib.

Dünya mediasının əsas diqqəti fevralın 24-ü səhər tezdən Rusiya qoşunlarının "Donbasda hərbi əməliyyat" üçün Ukraynanın müxtəlif bölgələrini atəşə tutmasıyla başlayan müharibəyə yönəlib.

Volodimir Zelenskinin istəmədən və hazırlaşmadan əldə etdiyi rol, Rusiya Prezidentinin reallıqla əlaqəsinin hansı səviyyədə olması və İngiltərənin indiyədək sanksiyalar tətbiq etməkdə niyə ehtiyatlı davranması haqqında beynəlxalq KİV-də yazılanlar BBC-nin icmalında.

"New York Times": ölkənin şərqindən olan rusdilli biri tipik Ukrayna vətənpərvəri oldu

"Volodimir Zelenski ondan, demək olar ki, heç kəsin gözləmədiyi bir roldadır - müharibə dövrünün prezidenti rolunda".

Belə görünür ki, onun həyatının əsas tamaşası Rusiya qoşunlarının hücuma hazırlaşması anında başladı.

24 fevral səhəri - hücumdan bir neçə saat əvvəl Zelenskinin rusiyalılara onların ana dilində müraciət edib ağlın səsini dinlətmək üçün göstərdiyi israrlı cəhd, təssüf ki, uğursuz oldu. Amma bu, keçmiş yumoristi və aktyoru müharibə dövrünün liderinə çevirdi.

Ukrayna Prezidentinin dramatik çıxışı, eləcə də keçən həftənin sonunda Münhen Təhlükəsizlik Konfransına gedib avropalı müttəfiqlərinə Rusiyanı "sakitləşdirilmək" zəruriyyətiylə bağlı xəbərdarlıq etməsi ona hətta tərəfdarları arasında da olmayan bir şey - nüfuz qazandırdı.

İndi Prezident Zelenski müasir Ukrayna tarixinin ən böyük böhranıyla üzləşməli və Prezident Putinə müqavimət göstərməlidir.

Əlbəttə, Rusiyanın üstün gücünə qarşı ukraynalıların nə qədər müqavimət göstərəcəkləri və ümumiyyətlə, bunu bacarıb-bacarmayacaqları, Zelenskinin oynadığı rolu davam etdirib-etdirməyəcəyi aydın deyil.

Yumoristik serialda ifa etdiyi Prezident rolundan başqa heç bir siyasi təcrübəsi olmayan Zelenski seçkidə populist çıxışlarına - hakimiyyətdəki oliqarxlarla mübarizə apararaq Ukraynanı "Qərbin korrupsiyalaşmış müttəfiqi" və "Rusiyanın kiçik bacısı" imicindən xilas etmək vədlərinə görə qalib gəlmişdi. Onda seçicilər üçün Zelenski "Ukraynanın şərqindən olan və biznesini də rus dili üzərində qurmuş rusdilli bir adam" idi.

Ona ən böyük dəstək ölkənin cənubundan və şərqindən, o cümlədən, münaqişə başlamış Donetsk və Luqansk vilayətlərindən - Putinin müstəqilliklərini tanıdığı iki anklav ərazinin yerləşdiyi bölgədən gəlmişdi. Və Rusiya ondan rusiyapərəst mövqe gözləyirdi.

Amma Zelenski Ukraynanı sıxışdırıb onun dövlətçiliyini inkar etmək, yəni Rusiyanın şərtlərinə uyğun davranmaq istəmədi.

Ölkənin şərqindən olan rusdilli adam tipik Ukrayna vətənpərvərinə çevrildi. Bu məsələdə Zelenskinin taleyi 8 ildir Rusiyanın dəstəklədiyi separatçılarla münaqişə vəziyyətində olan ölkəsinin taleyinə bənzəyir. Bu illər ərzində Ukraynada öz dilinə və tarixinə görə qürur hissi, o cümlədən, demokratiyaya inam və qərbyönümlü siyasət formalaşıb.

Rusiyaya inam və Vladimir Putinin avtoritar hökumətinə hörmətsə xeyli azalıb.

Vladimr Putin

Şəklin mənbəyi, TASS

Şəklin alt yazısı, "Donbasda hərbi əməliyyat" elan olunandan sonra Putin sanksiyalar altında işləməyi müzakirə etmək üçün ölkə biznesinin nümayəndələriylə görüşüb.

"Guardian": Rusiya liderinin psixi durumu getdikcə daha çox sual doğurur

"Ukraynaya hücum qərarı Vladimir Putinin "reallıq hissi" barədə suallar doğurur" - "Guardian" qəzeti belə yazır.

Rusiya Prezidentinin Avropanın mərkəzində fəlakətli müharibə başlatmaq qərarı və son vaxtlar ictimai çıxışlarının qeyri-adiliyi 6000 nüvə başlığına malik bir ölkənin liderinin psixi stabilliyinə dair Qərbdə suallar yaradıb.

Koronavirusdan qorunmayla bağlı tədbirlər nəticəsində qapalılığa meyli artmış 69 yaşlı Rusiya Prezidenti müasir dünyadan getdikcə daha çox uzaqlaşaraq tarixi dərindən öyrənməyə və görkəmli şəxsiyyət olmaq istəyini böyütməyə üstünlük verir.

Bunun sübutu kimi qəzet Putini çoxdan tanıyan Fransa Prezidenti Emmanuel Makronun sözlərini misal çəkir.

2017-ci ilin yayında Makron elektrikli kiçik qolf arabasında onu Versal Sarayının bağlarından gəzdirib, növbəti ilin yayında isə Aralıq dənizi sahilindəki iqamətgahında qarşılayıb. Putin ora helikopterdə və gül dəstəsiylə gəlib, Makronun və xanımının gündən qaralmış dərilərini tərifləyib.

Rusiya lideriylə Moskvada - dörd metrlik masanın əks uclarında keçmiş beş saatlıq görüşdən sonra Makron jurnalistlərə "gərginlik hiss olunduğunu" deyib. Fransa Prezidentinin sözlərinə görə, Putin onun 2019-cu ilin dekabrında Yelisey sarayında görüşdüyü adamdan fərqlənib.

"Düşünürəm ki, bu adam, yumşaq desək, reallıq hissini itirir" - Avropa Parlamentinin üzvü Bernard Guetta hərbi müdaxilə başlayandan sonra "France Inter" radiosuna belə deyib.

Jurnalistin "Belə demək olarmı ki, siz Putinin artıq ağlını itirdiyini düşünürsünüz" sualına Guetta "Bəli" deyə cavab verib.

Guetta tək deyil. Çexiya Prezidenti - uzun müddət Vladimir Putinin ən sadiq tərəfdarlarından biri olmuş Miloş Zeman da hücumdan sonra Putini dəli adlandırıb.

"Rusiyanı müşahidə edən mütəxəssislərimiz hesab edirlər ki, Putin getdikcə daha çox despotik düşüncəyə yuvarlanır" - digər avropalı deputat belə deyir.

Amerika Alimləri Federasiyasının hesablamalarına görə, Rusiyanın 5977 ədəd nüvə başlığı var - bu sahədə əsas rəqibi olan ABŞ-dakından daha çox.

Putin bu nəhəng arsenaldan tez-tez bəhs edir. O, Donbasda hərbi əməliyyatın başlaması haqda danışarkən də bu mövzuya toxunub.

Qəzetə müsahibə verən ekspertlər həmin silahların başqalarının hərəkətlərini yanlış şərh edə biləcək insanlara çox yaxın olmasından narahatlıqlarını ifadə ediblər.

ABŞ Prezidenti kimi, nüvə silahını hərəkətə gətirəcək kodu olan bir "nüvə portfelinə" Rusiya Prezidentinin də çıxışı var. Amma təkcə bir nəfərin düyməni basması kifayət deyil - bu, müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin iştirakı və razılığıyla edilə bilər.

Amma bu məsələdə kiminsə Putinə mane ola biləcəyi artıq şübhə doğurur.

Boris Jonson

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Baş nazir Boris Jonsonu Rusiyaya qarşı ilk sanksiyalar paketinin çox yumşaq olmasına görə tənqid edirdilər.

Nə üçün Britaniya sanksiya məsələsində ehtiyatlı davranır?

Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə bunun nəticələri haqqında Boris Jonsonun həftələrlə davam edən döyüşkən ritorikasına baxmayaraq Prezident Putin öz "sülhməramlılarını" qondarma respublikalara - "DXR" və "LXR"-ə göndərəndə hökumət niyə əvvəlcə bu qədər qorxaq davrandı?

ABŞ və Avropa Birliyi dərhal daha sərt tədbirlər elan etdikləri halda, niyə Britaniya hökuməti yalnız beş Rusiya bankına və üç oliqarxa qarşı sanksiyalar tətbiq etmək qərarına gəldi?

Və nə üçün hökumət Londondakı qeyri-qanuni maliyyələşdirməylə mübarizə tədbirlərini gecikdirir?

Bunlar "The Times" qəzetinin suallarıdır.

Bir hüquqi şəxsə, məsələn, banka qarşı sanksiyalar tətbiq edildikdə, dünyanın istənilən yerində Britaniya vətəndaşları və ya şirkətlərinin onunla biznes əlaqələri qurması qeyri-qanuni hesab olunur. Hər gün milyonlarla əməliyyat həyata keçirən bankların müştəri müqavilələri avtomatik olaraq şübhə altına alınır və bu, kontragentlərə də təsir göstərir.

Sanksiyaları ayrı-ayrı şəxslərə qarşı tətbiq etmək də çətin məsələdir.

Britaniyanın sanksiyalar haqqında qanununa əsasən, iqtisadi aktivlərə səhmlərinin 50%-indən çoxuna sanksiya tətbiq edilmiş, səsvermə hüququ verilmiş və ya effektiv nəzarət həyata keçirən şəxsin olduğu istənilən şirkət daxildir. Britaniya şirkətlərinin də bağlı olduğu geniş biznes maraqlı oliqarxlara gəlincə, bu, Britaniya iqtisadiyyatı üçün də nəzərəçarpacaq dərəcədə xoşagəlməz nəticələrə səbəb ola bilər.

Təbii ki, bunların heç biri sanksiyaların tətbiq edilməməsi üçün səbəb deyil, amma 2014-cü ildə Rusiyanın Ukraynaya ilk müdaxiləsindən sonra Britaniya hökumətlərinin müəyyən qədər ehtiyatlı davranmalarının motivini izah edir.

Bir-birini əvəz edən hökumətlərin qeyri-qanuni maliyyəylə mübarizə isitqamətində çoxdan vəd edilmiş tədbirlərdən israrla yan durmasının əsasını öz ölkəsinə zərər vurmaq qorxusu təşkil edə bilər.

Bununla belə, Rusiyaya qarşı daha sərt sanksiyalar və çirkli pulların yuyulmasına qarşı daha sərt mübarizəylə bağlı siyasi təzyiqlərə məhəl qoymamaq hökumət üçün gündən-günə daha çətin olur.

Bu, "soyuq müharibə" bitdikdən sonra 30 il ərzində Britaniya biznes modelinin mühüm hissəsinə - Siti bankirləri sayəsində sərvətlərin digər ölkələrdən gətirilib Londonda "park edilməsi" ənənəsinə ciddi zərbə vura bilər.

Amma ABŞ Prezidenti Joe Biden-nin də dediyi kimi, azadlığı müdafiə etmək hamımıza baha başa gələcək.