Donmuş borular, "morjlar" - Kiyev Rusiyanın zərbələrindən sonra elektrik və istilik olmadan soyuqla necə mübarizə aparır

Şəklin mənbəyi, BBC/Dmytro Vlasov
- Müəllif, Abducalil Abdurasulov
- Vəzifə, BBC Kiyev
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Fevralın əvvəlində Rusiya qısa fasilədən sonra Ukraynanın enerji infrastrukturuna zərbələri yenidən bərpa etdi. Hücumlar elə bir vaxta təsadüf etdi ki, ölkə üzrə ekstremal şaxtalar başlamışdı.
BBC jurnalisti Abducalil Abdurasulov davam edən bombardmanlara və istiliyin olmamasına baxmayaraq, kiyevlilərin ruhdan düşməmək üçün necə mübarizə apardığından danışır.
Ukraynanın bəzi bölgələrində havanın temperaturu -30°C-yə qədər düşüb. Məhz bu dövrdə Rusiyanın ballistik raketləri Kiyevin istilik-elektrik mərkəzlərinə (İEM) hücum edib.
"NATO-nun baş katibi Mark Rütte zərbələrdən bir gün sonra Ukrayna paytaxtını ziyarət edərkən demişdi: "Bu zərbələr hərbi məqsəd daşımır. Onların məqsədi adi Ukrayna vətəndaşları arasında xaos və qorxu yaratmaq, mülki infrastrukturu məhv etməkdir."
O bu sözləri bir müddət əvvələ qədər kiyevliləri istiliklə təmin edən stansiyanın dağıntıları fonunda söylədi.
Ukraynada əvvəldən bu "fasiləyə" və Moskvanın xoş niyyətinə az adam inanırdı. "Putində və onun ətrafında heç nə insani deyil. Əks halda onlar ölkəmizə hücum etməzdilər, xəstəxanaları və uşaq bağçalarını dağıtmazdılar, bütöv şəhərləri yer üzündən silməzdilər", - mənə bir kiyevli dedi.
Mülki infrastruktura edilən, dinc sakinləri işıq və istilikdən məhrum etməyə yönəlmiş hücumlar bütün dünyada hərbi cinayət kimi qiymətləndirilir.
Amma, əgər Rusiyanın qələbə strategiyası bunun üzərində qurulubsa, Ukrayna hələ rusları təəccübləndirə bilər.
Ekstremal soyuq şəraitində, istiliksiz və elektrik enerjisinin mütəmadi olaraq saatlarla kəsilməsi fonunda yaşamaq bir çox ukraynalılar üçün çox çətindir.
Borusu donmuş mənzil
Onlardan biri də Kiyev sakini Vsevoloddur.
Onun evində istilik hələ yanvarın 9-dan itib. Həmin gün Rusiya Ukraynaya, əsasən ölkənin enerji sistemini hədəf alaraq 36 raket atmışdı. Onların arasında 14 ballistik raket var idi, o cümlədən "Oreşnik" raketlərindən biri də.

Şəklin mənbəyi, BBC/Matthew Goddard
Mən ora çatanda, onun evində işıq yox idi. Girişdə yolu işıqlandırmaq üçün telefonumdan istifadə edərək dar pilləkənlərlə yuxarı qalxmalı oldum.
Ayağımı sürüşkən pilləkənlərə ehtiyatla basaraq düşünürdüm ki, yuxarı mərtəbələrdə yaşayan nənə və babalar üçün bu cür enib-qalxmalar nə qədər çətin olmalıdır.
Vsevolodun mənzilinə daxil olan kimi dərhal başa düşdüm ki, bura artıq yaşamaq üçün tamamilə yararsızdır.
Ağzımdan buxar çıxırdı. Mətbəxdəki termometr +2°C göstərirdi. Hücumlara görə istilik verilməsi kəsiləndə borulardakı su donmuş, radiatorlar isə partlamışdı.

Şəklin mənbəyi, BBC/Matthew Goddard
Bir çox sakinlər qohumlarının yanına gediblər. Vsevolod da həyat yoldaşını və beş yaşlı oğlunu aparıb. Özü isə mənzilə yalnız gündüz gəlir, gecəni dostlarının yanında qalır.
Mənzili heç olmasa bir az isindirmək üçün o, qaz plitəsində kərpici qızdırır, şükür ki, heç olmasa qaz var. Vsevolod pəncərələri isə yapışqanlı plyonka ilə bağlayıb.
"Burada adam sadəcə donub ölə bilər. Neçə qat geyinsən də fərqi yoxdur", - deyə o, söyləyir.
Belə evlərdə yaşamaq şəraiti demək olar ki, dözülməzdir.
Amma bütün bu planları, zərbələri və kampaniyaları hazırlayan rus generalları və siyasətçiləri, yəqin ki, bir çox ukraynalının bu cür çətinliklərə və məhrumiyyətlərə dözməyə hazır olduğunu tam şəkildə dərk etmirlər və bu insanlar böyük ehtimalla kapitulyasiya və ya ərazi təslim etmə ideyasını dəstəkləməyəcəklər.

Şəklin mənbəyi, Bloomberg via Getty Images
Kiyev "morjları"
Kiyevdə Dnepr çayının sahilində bir ada var. Orada köhnə, paslı üfüqi çubuqlar, ağırlıqlar və paralel çubuqlarla məşhur bir idman meydançası var.
Hava cəmi -17°C (-32°F) olanda orada gəzintiyə çıxmaq qərarına gəldim.
Amma şok oldum: günəşli bir çimərlikdəymiş kimi ağırlıq qaldıran və ya digər idman alətləri ilə məşğul olan bir dəstə insan gördüm.

Şəklin mənbəyi, Abducalil Abdurasulov/BBC
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Çayın o biri tərəfində isə əllərində balaca tilovlar tutmuş, isti gödəkçələrə bürünmüş balıqçılar oturmuşdular.
Mən aysberqin üstündəki pingvin kimi yırğalanaraq buzlu sahil boyu onlara tərəf getməyə çalışarkən çayın üzündəki buz dəliyində çimən insanlar gördüm.
Yun, termal alt geyim və üst-üstə geyindiyim paltarlarımla özümü Yerə enmiş bir yadplanetli kimi hiss edirdim.
"Svetlana" adlı "morj"lardan biri təkcə çimərlik geyimində idi. Bir neçə dəfə suya girib çıxdıqdan sonra o, tələsmədən buz dəliyindən çıxdı.
"Soyuğu sevmirəm", - o məni fotoaparatla görəndə gülərək dedi. Mən isə ona heç inanmadım.
O, isti paltarlarını geyinərkən, yaş çimərlik geyimi şaxtada daş kimi bərkimişdi.
Svetlana üçün soyuq artıq gündəlik reallığa çevrilib.
Onun mənzilində hazırda 0 dərəcədir. Otağı isitmək üçün o da Vsevolod kimi qaz plitəsində kərpic qızdırır.
Gecələr isə isti suyu plastik butulkalara doldurur və onları çarpayının ətrafına düzür. İşıq tez-tez kəsildiyi üçün elektrik cihazlarına güvənmək olmur.
Onu ən çox narahat edən isə yaşlı anasıdır.
Anası pnevmoniya diaqnozu ilə xəstəxanaya düşüb və Svetlana qorxur ki, onu evə buraxanda soyuq mənzildə yenidən xəstələnə bilər.
Buz dəliyində çimmək Svetlanaya stressi azaltmağa və bütün bu çətinliklərin öhdəsindən gəlməyə kömək edir.
"Qorxunun gözünə düz baxmaq lazımdır, onda o sənin ruhunu yeyə bilməz", - deyə o bildirir.

Dneprdə reyv
Və bir çox ukraynalı məhz bu prinsipə əməl etməyə çalışır. Yanvarın axırlarında yüzlərlə insan — bəlkə də min nəfərdən çox — buz bağlamış Dneprin sahilində, Rusanovkada keçirilən bir əyləncə gecəsi üçün toplaşmışdı.
DJ musiqi ilə kütləni coşdururdu. Uşaqlar sevincdən qışqırır, şişirdilmiş təkərlərin (balonların) üstündə sürüşərək birbaşa donmuş çayın üzərinə düşürdülər. Sakinlər isə isti yeməklər paylayırdı.
"Bizdə istilik yoxdur, bura da isinməyə gəlmişik!" - deyə tədbir iştirakçılarından biri gülərək dedi.
DJ-ni dövrəyə alan insanlar sevincdən əllərini yuxarı qaldırır, musiqinin ritminə uyğun hoppanırdılar.
Səs gücləndiricilərdən 1980-ci illərin məşhur ingilis mahnısı gur səslənirdi: "Sweet dreams are made of this". Və həqiqətən də məni bir hiss tərk etmirdi ki, ətrafda baş verən hər şey sanki şirin bir yuxu idi: müharibə, Rusiya hücumları, işığın və istiliyin olmaması - bütün bunlar birdən-birə uzaq və qeyri-real bir şeyə çevrilmişdi.
Ukraynalılar "nezlamnist", yəni yenilməzlik barədə danışmağı sevirlər. Bu əyləncə gecəsi də həmin sözün bir növ simvoluna çevrilmişdi və açıq şəkildə bildirirdi: Moskva nə qədər çox məhv edəcəksə, müqavimət göstərmək istəyi də bir o qədər güclü olacaq.



























