Rusiyanın Ukraynadakı müharibəsindən qaçmış rus zabitin hekayəsi: "Z qəhrəmanı" niyə fərari oldu?

- Müəllif, Amaliya Zatari
- Vəzifə, BBC Astana
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
O, Kiyev yaxınlığında döyüşüb, yaralanıb və "İgidliyə görə" medalı ilə təltif edilib, Birinci Kanalın xəbər reportajlarının mövzusuna çevrilib və daha sonra isə Rusiyada 15 il həbs cəzası gözləyən fərari olub.
15-ci motoatıcı briqadanın baş leytenantı Yevgeni Korobov BBC-yə Ukraynanın işğalında necə iştirak etdiyindən "qəhrəmanlıq şücaətinin" necə uydurulduğundan, əsgərlərinin həyatlarını xilas etmək üçün onları necə yaraladığından və sonra Qazaxıstana qaçdığından danışır.
Böyük otağın - mətbəxlə birləşdirilmiş zalın ortasında motosiklet dayanıb; qış olduğundan onu qaraj əvəzinə mənzilə gətiriblər.
Şkafın üstündə qalaktik müharibə haqqındada olan məşhur "Helldivers" ("Cəhənnəmə dalanlar") kompüter oyunundan olan personajların posterləri asılıb.
Pəncərənin altında həmin oyundakı cəhənnəm desantçısının zirehinin yuxarı hissəsi durur. Yanında da yenə həmin oyundan olan hücum tüfəngi var: 3D printerdə çap olunub.
Masanın üstündə iki böyük monitor və oyun yayımları üçün mikrofon var. Yataq əvəzinə yerdə döşək var. Kimsə onun üstündə yatır.
"Qaçaq əsgər, - Yevgeni Korobov yatan adamı göstərib başı ilə işarə edir və gülümsəyərək əlavə edir - Burada subayların mənzilidir".

Rusiya ordusunun keçmiş zabiti, 30 yaşlı Korobov qara futbolka və açıq rəng şalvarda otağın ortasında dayanıb.
O, artıq, demək olar ki, üç ildir Astanada yaşayır. Bu müddət ərzində, onun sözlərinə görə, mənzilində yeddi və ya səkkiz fərari qalıb.
"Bacardığım qədər mənim kimi olanlara kömək etməyə çalışıram. Mənə pul ödəməyə ehtiyac yoxdur, sadəcə, yaşayın,vəssalam. Axı onlara kim kömək edəcək? Sonda bizi birləşdirən nəsə var. Biz hamımız fərariyik. Biz hamımız qaçmışıq", -deyə Korobov bildirir.
Korobovun özü Rusiyadan 2023-cü ilin yanvarında, onun haqqında Rusiyanın ən populyar tok-şoularından biri olan "Pust qovoryat"da ("Qoy danışsınlar") "Xüsusi hərbi əməliyyatın qəhrəmanı uzun fasilədən sonra ailəsi ilə görüşdü" adlı süjet yayımlandıqdan ay yarım sonra çıxıb gedib.
Baş leytenant Yevgeni Korobov Ukraynada 2022-ci ilin fevralından may ayına qədər olub.
Sülhməramlı və hücum əməliyyatı
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
"Bizim üçün, ailə olaraq, hamının bir araya gəlməsi üçün əla səbəb idi. Anam və ögey atam Krasnoyarskdan gəldilər, Moskvadan da qohumlar. Çəkilişdən sonra hamımız birlikdə oturduq, yemək yedik", - deyə Korobov xatırlayır.
2022-ci ilin noyabr ayının əvvəlində "Pust govoryat" verilişindən Korobova zəng edib onu dəvət etmişdilər. Həmin vaxt o, Rusiyada idi - Ukraynada yaralandıqdan sonra altı ay keçmişdi və sağalırdı.
"Dedim ki, mən heç nəyi həll etmirəm: "Əgər lazımdırsa, Moskvaya [Müdafiə Nazirliyinin baş idarəsinə] müraciət edin. Məni göndərsələr, gedərəm. Amma sizə yaxşı heç nə deməyəcəyəm. Hər şeyi olduğu kimi deyəcəyəm. Vəziyyət çox pisdir, müharibə pisdir, orada heç nə yaxşı deyil. Heç nə doğru deyil", - deyə Korobov xatırlayır.
Verilişin əməkdaşları ona cavab veriblər ki, buraxılış müharibə barədə yox, ananın oğlunun döyüşdən qayıtmasını necə gözləməsi haqqında olacaq.
Moskva komandanlığı təkcə icazə vermədi - Korobovun verilişə getməsi barədə teleqramla əmr də göndərildi.
Ssenariyə görə, Korobov proqramda müharibənin əvvəlindən bəri ilk dəfə anası ilə görüşməli idi.
Verilişin əvvəlində o, qırmızı qızılgüllərdən ibarət buketlə studiyaya daxil olur və anasını qucaqlayaraq gülləri ona verir.

Şəklin mənbəyi, smotrim.ru
Korobovun anası ilə son dəfə danışığı müharibədən təxminən bir həftə əvvəl olmuşdu: o, Kursk vilayətində təlimdə idi və anasına xəbərdarlıq etmişdi ki, əlaqə olmayacaq.
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonrakı bir neçə həftə ərzində Anna, yəni Korobovun anası, oğluna nə olduğuhu, sağ qalıb-qalmadığını bilmir, - bunu o, "Pust govoryat" verilişində danışıb. Ta ki, 12 martda Birinci kanalda oğlunun fotosunu görənə qədər.
"Baş leytenant Yevgeni Korobov öz qrupu ilə arxa cəbhə kolonunu müşayiət edirdi, -Birinci kanalın aparıcısı deyirdi. - Pusquya düşdülər. Rəqibin sayca üstün qüvvələri ilə döyüşə girdilər. Ən azı 15 döyüşçünü və düşmən texnikasını məhv etdilər. Öz cəbhələrində itki yoxdur".
"Fikrimə ilk gələn onun nə etdiyi yox, itkisiz çıxmaları, onun sağ olması idi", - deyə Korobovun ögey atası proqramın aparıcısı Andrey Malaxova danışırdı.
Müharibənin əvvəlindən bəri onların həqiqətən ilk dəfə həmin verilişdə görüşüb-görüşmədikləri barədə suala Korobov belə cavab verir: "Əlbəttə ki, yox. Nə, biz axmağıq? Təbii ki, daha əvvəl görüşmüşdük. Amma, yaxşı. Bu, heç kimə zərər verməyən bir yalandır".
Andrey Malaxovun verilişi, həqiqətən də, Korobovun Ukraynada nə etdiyinə həsr olunmamışdı.
Onun uşaqlıq fotolarını, məktəb gündəliyini göstərdilər.
Studiyaya Korobovun qardaşı dəvət olunmuşdu, o, uşaqlıqda birlikdə tualeti necə partlatdıqlarını danışırdı.
Jurnalistlər, həmçinin Korobovun mərhum atasının dostunu tapıb efirə çağırmışdılar, o isə ona şahmat dəsti hədiyyə etdi.
Videobağlantı ilə Korobovun kadet korpusundakı və sonra bitirdiyi hərbi məktəbdəki müəllimləri danışdılar.

"Burada mənim vicdanım təmizdir, çünki orada "Hamınız cəbhəyə gedin, haqq işi uğrunda vuruşun" kimi heç nə yox idi, - deyə Korobov bildirir. - Orada, sadəcə, belə idi: bizim balamız Jenya böyüyüb, əlaqə yoxdur, ana narahatdır, amma onunla hər şey qaydasındadır, şükür Allaha. Buraxılış bunun haqqındadır".
Ekranda görünür ki, Korobov nəzərəçarpacaq dərəcədə axsıyır. Onu 2022-ci ilin mayında ayağından yaralandıqdan sonra cəbhədən təxliyə etmişdilər. O vaxtdan bəri baş leytenant Ukraynada olmayıb — əvvəl xəstəxanada yatıb, sonra isə reabilitasiya keçib.
Yevgenini çəkilişə dəvət edəndə, o, Samara vilayətində yerləşən 15-ci qvardiya motoatıcı briqadasında xidmət edirdi.
Ukrayna müharibəsinə qədər bu briqada Rusiya ordusunun yeganə sülhməramlı bölməsi idi: onu BMT-nin mandatı altında olan əməliyyatlara da cəlb edirdilər.
Şou çəkilişlərindən əvvəl briqadadan olan dövlət sirrini qoruma üzrə zabit Korobova yaxınlaşıb.
"O mənə dedi: "Təkcə efirdə briqadanın sülhməramlı olduğunu demə", — deyə Korobov xatırlayır və izah edir: — Sülhməramlıların hücum əməliyyatlarında iştirak etməyə ixtiyarı yoxdur".
Dərin kəşfiyyat tağımının komandiri
Korobov hər zaman hərbçi olmaq istəyib, baxmayaraq ki, valideynləri sadə poçtalyonlardır.
O doğulduğu Krasnoyarskda kadet hərbi korpusunda oxuyub, sonra Ryazan Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə oranı bitirib və "entuziazmla dolu gənc zabit" kimi hərbi xidmətə qoşulub. Onun müqaviləsi 2023-cü ilə qədər idi.
Yevgeni indi deyir ki, məktəbdə oxuyarkən onun başında "dərs və qızlar" olub, siyasətlə isə "xüsusi maraqlanmırdı".

Şəklin mənbəyi, personal archive
"Amma hərbi xidmətiniz zamanı ədalətsizlik və dəliliklə qarşılaşırsınız və hər şeydən tamamilə məyus olursunuz, - deyə o bildirir. - Rusiyada vəziyyətlə bağlı. Bütün xidmətim ərzində [müqaviləm bitdikdən sonra] qalmaq istəyimi oyadan heç bir şey edilmədi".
Ryazanda oxuduğu dövrdə Korobov ABŞ-dan olan bir qızla ünsiyyət qurmağa başlamışdı. Onlar xarici dillərin öyrənilməsi üçün olan bir tətbiqdə tanış olmuşdular - ingilis dilinə marağı olan Korobov dili daşıyıcılarla məşq etmək istəyirdi, həmin qız isə rus dilini öyrənirdi və rus dilində danışmaqdan zövq alırdı.
Korobov son kursda olanda, onun amerikalı rəfiqəsi bir illik təhsil mübadiləsi proqramı ilə MGU-ya gəlmişdi və onların münasibəti "başlayıb davam etmişdi".
Təhsil bitəndən sonra Korobovun anası gələcək gəlini üçün qonaq vizası düzəltmişdi və o, bir neçə ay Korobovla birlikdə Samara vilayətindəki Roşçinski qəsəbəsində yaşamışdı.
15-ci briqada orada yerləşirdi və Korobov həmin vaxt dərin kəşfiyyat tağımının komandiri kimi xidmətdə idi.
Elə Roşçinskidə Korobov ona evlilik təklifi etmişdi və qız "bəli" demişdi. Korobov deyir ki, onlar münasibətlərini gizlətməyə cəhd göstərməyiblər:
"Bunu gizlətmək çətin idi. Biz orada yaşayırdıq, mağazaya gedirdik. Hamı bilirdi ki, Roşçinskidə amerikalı bir qız yaşayır, bu, insanların dilində idi. Bir dəfə o xəstələndi, biz hərbi hospitala həkimə getmişdik. Mən oturub izah edir, kömək edirdim. Həkim mənə dedi: "Bax, sən təhlükəli şeylərlə məşğulsan, ABŞ-dan qız gətirmisən. Bəlkə o casusdur?".
Korobovun sözlərinə görə, hərbi hissədə ona yaxın olan zabitlər ondan bu münasibətə görə xüsusi xidmət orqanlarının maraqlanmağa başladığı barədə xəbərdarlıq edirdilər: "Onlar çatdırdılar ki, FSB əməkdaşlarının bizə çoxlu sualları var. Aramızda baş verənlərin hamısı atəşlə oynamaqdır və bunun [mənim] həbsimlə nəticələnə biləcəyini dedilər".
Sonradan Astanada o bu haqda Qazaxıstan hakimiyyətinə sığınacaq üçün müraciət edərkən danışmışdı (anketin surəti BBC-nin əlindədir).

Şəklin mənbəyi, Yevgeny Korobov's personal archive
Onlar rəsmi nikaha da girmədilər. Aldığı hədələrdən başqa daha bir səbəb də vardı- tamamilə bürokratik: "Rusiyada uzaq xaricdən olan biri ilə evlənmək çox çətin bir haldır".
Nəticədə qız ABŞ-a qayıtdı və Korobov xarici pasport, ABŞ vizası alıb onun yanına getməyi sınaqdan keçirməyə qərar verdi.
Gizli məlumatlara çıxışı olan şəxs kimi onun xaricə çıxışı məhdudlaşdırılmışdı, lakin xarici pasport sahibi olmaq qadağan deyildi. O, hərbi hissə komandirinə bu sənədi almağa icazə verilməsi üçün raport yazdı (raport BBC-nin sərəncamındadır), lakin rədd cavabı aldı.
Bütün şəraiti - FSB-dən gələn hədələri, sənəd ala bilməməsini və eyni ölkədə yaşamağın mümkünsüzlüyünü nəzərə alaraq, gənclər sonunda ayrıldılar.
BBC Korobovun keçmiş sevgilisinə də mesaj göndərdi, lakin o cavab vermədi.
"Dəli Maks: Qəzəb Yolu"
2020-ci ilin martında Korobovu beş aylıq Suriyaya göndərdilər.
O, Suriya-Türkiyə sərhədi yaxınlığındakı Kamışlı qəsəbəsi ətrafında yerləşirdi.
Rusiya qüvvələri hərbi polis tərkibində türk hərbçiləri ilə birlikdə sərhəddə patrulluq edirdilər. Həmin bölgədə, həmçinin Suriya qüvvələri, kürdlər və "İslam Dövləti"nə qarşı Beynəlxalq Antiterror koalisiyasının tərkibində orada olan amerikalı hərbçilər də var idi (bu təşkilat Rusiyada və bir çox digər ölkələrdə terrorçu kimi tanınır).
Korobovun sözlərinə görə, o, "Vaqner" özəl hərbi şirkətinin rus muzdluları ilə qarşılaşmayıb:
"Türkiyə ilə birgə patrul xidməti aparırdıq, amerikalılarla isə sadəcə kimin daha güclü olduğunu göstərməyə çalışırdıq, - deyə Korobov gülümsəyir. - Açığı, bu, çox əyləncəli idi. 'Dəli Maks: Qəzəb Yolu' kimi".

Şəklin mənbəyi, Yevgeny Korobov's personal archive
Rusiya və ABŞ-ın sərhədin patrul olunması üçün müxtəlif məsuliyyət zonaları vardı, deyə o izah edir: "Amerikalılar Rusiyanın məsuliyyət zonasına girirdilər, ruslar isə amerikalıların zonasına. Həm birinin, həm də digərinin xoşuna gəlmirdi, buna görə də biz yarışmağa və bir-birimizi bloklamağa başlayırdıq. Kimi blokladıqsa, deməli, dayanıb söhbət edə, amerikalılarla quru payları dəyişə bilərdik. Bizə onların quru payları maraqlı idi, onlara da bizimkilər".
"Suriyada amerikalılara baxmaq maraqlı idi, - Korobov ciddiləşərək deyir. - Orada mən anladım ki, "siqaret çəkənin ordusu" var, bir də "sağlam insanın ordusu". Amerikalıların təminatı çox-çox yaxşıdır, ümumiyyətlə, təminatları var. Amerikalılar suriyalılardan ehtiyat hissəsi almır. Amerikalılar suriyalılardan ərzaq almır. Biz isə hər şeyi suriyalılardan alırdıq. Öz pulumuza".
2021-ci ilin payızında Korobovu Tatarstana göndərdilər: o, KTMT-nin sülhməramlı qüvvələrinin "Sarsılmaz qardaşlıq" təlimlərinin açılışına hazırlıq üçün əsgərləri məşq etdirməli idi.
"Hansısa bir gün məşq edərkən və həmin açılış mərasiminə hazırlaşarkən ora ideal şəkildə hazırlanmış kursantları gətirdilər, formaları da qüsursuz idi. Beləliklə, biz lazım olmadıq", - deyə o danışır.
Həmin vaxt Korobova xalası zəng etdi: nənəsinin xəstə olduğunu dedi və onunla qalmasını xahiş etdi. Lakin Korobovu buraxmadılar, nənəsini isə bir neçə gün sonra xəstəxanaya yerləşdirdilər və o, koronavirusdan vəfat etdi.

"Bu təlimlərə görə dəfnə belə çatmadım, - deyə o xatırlayır. - Etmirəm, əgər xidmətlə bağlı tapşırığım olsaydı, onu yerinə yetirməli idim, amma orada biz ümumiyyətlə, lazım deyildik, günlərlə boş-boşuna otururduq. Düşünürəm ki, illərlə xidmət etdiyimə, [təlimlərin açılışına] necə hazırlaşdığımıza görə məni buraxmalı idilər. İnsanlıq naminə bunu etmək olardı. Münasibət belə idi".
Korobovun sözlərinə görə, xidmətdən getmək istəyi var idi, lakin müqaviləli hərbçilər, xüsusilə zabitlər üçün bu çox çətindir: "Hətta cəhd etmədim, çünki digər zabitlərin bunu bacarmadığını görürdüm".
"Biz gedirik. Deməli, müharibə başladı"
2022-ci ilin əvvəlində Korobovu Ukrayna sərhədi yaxınlığındakı Kursk vilayətinə təlimə göndərdilər: "Orada sıx meşə idi, çadırlar qurduq və adi sahə çıxışı kimi döyüş hazırlığı ilə məşğul olurduq. Müharibə olacağına inanmırdım, amma ora narahatlıqla gedirdik".
10 fevral - bu tarixi maaş aldıqları gün olduğu üçün yadında saxlamışdı - onların düşərgəsinə 2-ci qvardiya birləşmiş ordusunun komandiri, general-leytenant Andrey Kolotovkin gəldi. Bu ordunun tərkibinə 15-ci briqada da daxil idi.
"Bizə dedi: "Narahat olmayın, heç nə olmayacaq. Sərhəddə, sadəcə, manevrlər edirik, əzələ nümayişidir". Ordunun komandanı deyəndə - bir az arxayınlaşdıq".
22 fevralda, - Korobov xatırlayır, - briqada komandanlığı onları cərgəyə düzdü və "üç-dörd günə hamınız evdə olacaqsınız" deyə söz verdi.
"Artıq çıxışa hazırlıq gedirdi, amma biz yenə də inanmırdıq, son ana qədər bunun baş verməyəcəyinə ümid edirdik, -o deyir. - Bizə sursat verirdilər, hər birimizə prometadol - narkotik təsirli ağrıkəsici paylanmışdı. Bizə bunu hətta Suriyada belə verməmişdilər, yalnız tibb işçilərində olurdu. Amma yenə də düşünürdük: hər şey dayanacaq".

Şəklin mənbəyi, Yevgeny Korobov's personal archive
Ukraynaya hücum zamanı öz vəziyyətini o, "yarı bihuş" kimi təsvir edir, çünki onlar 30 saatdan çox idi ki, yatmamışdılar.
Sərhədi keçdikdən sonra Ukraynada gördüklərini belə xatırlayır: "Biz daxil olduq, yaşayış məntəqələrindən keçirdik. İnsanlar öz işində idi: kimsə maşını yanacaq doldurur, kimsə qəhvə içir, kimsə siqaret çəkir. Və biz gedirik. Bu, müharibənin başlandığı an idi".
Onun briqadası Ukraynaya Kursk vilayətinin Tetkino qəsəbəsi tərəfindən daxil olmuş, Sumı və Çerniqov vilayətləri boyunca Kiyev istiqamətində irəliləmiş, paytaxtın şərqində yerləşən Brovari rayonunda dayanmışdı.
Ukrayna prokuraturası Kiyev vilayətinin Brovarı yaxınlığında rus hərbçilərini hərbi cinayətlərdə - qadının bir qrup tərəfindən zorlanmasında və onun qızına qarşı seksual zorakılıqda - ittiham edirdi.
"Meduza" və "Radio Svoboda" (hər iki nəşr Rusiya hakimiyyəti tərəfindən "xarici agent" elan edilib) öz araşdırmalarında yazırdılar ki, Korobovun xidmət etdiyi 15-ci briqadanın hərbçiləri Kiyev vilayətindəki poçt şöbəsində işgəncə kamerası qurmuşdular. Jurnalistlər, həmçinin, ən azı beş mülki sakinin güllələnməsi barədə məlumat vermişdilər.
Korobov isə iddia edir ki, rus hərbçiləri tərəfindən törədilən hərbi cinayətlərə şəxsən şahid olmayıb, yalnız şayiələrdən eşidib.
Onun sözlərinə görə, o, müharibə zamanı arxa təminat kolonlarının müşayiəti, naviqasiya və marşrutların kəşfiyyatı ilə məşğul olurdu, buna görə də daim hərəkətdə idi və bir yerdə dayanmırdı. Hərəkətini təsdiqləmək üçün o, metadatası olan fotoarxiv təqdim etmişdi. Briqadası mart ayının sonuna qədər Kiyev yaxınlığında qaldı, daha sonra Rusiya qüvvələri Ukrayna paytaxtını mühasirəyə almaq cəhdinin uğursuzluğundan sonra həmin regiondan geri çəkildi.

Şəklin mənbəyi, AFP via Getty Images
Geri dönərkən Korobov dağıdılmış Ukrayna şəhərlərini gördüyünü deyir. Bu mənzərənin onda hansı hisslər yaratdığını soruşduqda, belə cavab verir: "Dəhşət və məyusluq".
Ondan bunun üçün özünü məsuliyyətli sayıb-saymadığı soruşulduqda isə, o öz tağımının Çerniqov vilayətindəki İçnya adlı yaşayış məntəqəsindən keçməyə cəhd etdiyi vaxt baş verənləri danışır. Yerli sakinlərin rus hərbçilərinin yolunu kəsib onları buraxmadığı həmin hadisənin videosu 2022-ci ilin fevralında internetdə yayılmışdı.
"Biz qəsəbəyə daxil oluruq və insanlar yola çıxıb onu bağlayırlar. Biz yaxınlaşırıq, silahımızı gizlədirik, əllərimizi qaldırıb insanlara yaxınlaşırıq.
Çünki əmr var: biz A nöqtəsindən B nöqtəsinə çatmalı idik. "Biz sizə qarşı heç nə etmirik", -dedik. Biz özümüzü bir tələdə, çıxılmaz vəziyyətdə tapmışdıq. Hara gedək? Evə qayıdaq? Bizi həbs edəcəklər. Mən həbsdə oturmaq istəmirəm. Həm də ukraynalılara qarşı pis bir hissim yoxdur".
Korobovun sözlərinə görə, həmin an onlar sakinlərə yaxınlaşanda kimsə izdiham içində telefonu ilə çəkirmiş. Korobov bu videonu tapmağa çalışsa da, tapa bilməyib.
İnternetdə olan videoda görünür ki, yerli sakinlər rus əsgərlərinə yolu açmır və onlar İçnyadan çıxmağa məcbur olurlar. Kadr arxasından qadın səsi eşidilir: "Qaçırlar, itlər".

Şəklin mənbəyi, Belsat Now/YouTube
O danışır ki, kolonlar bir neçə dəfə Ukrayna ərazi müdafiə qüvvələrinin pusqusuna düşmüşdülər.
"Məcbur olub əks-hücum edirdik, - o xatırlayır - Nə etmək olardı? Ölümə gedək? Ən azından mən yaxşı insanam, mən ölürəm? Amma mən də yaşamaq istəyirəm və istəyirəm ki, bütün əsgərlərim qayıtsın. Biz nə uğrunda döyüşürdük? Öz həyatımız üçün. Ukraynalılarda düşmən biz idik.
Bizim iki düşmənimiz vardı: ukraynalılar və komandirlərimiz".
"Qəhrəman Z" və onun "igidliyi"
Martın əvvəlində Korobov Çerniqov vilayəti istiqamətində Rusiyaya doğru hərəkət edən kolonu idarə edirdi: həmin kolonda yaralıları daşıyan avtomobil, boş KAMAZ-lar və yanacaq maşınları vardı.
Onlar İçnya şəhərini dolanaraq gedirdilər.
Gujovka qəsəbəsinin yaxınlığında kolon çoxlu sayda polad armaturlardan hazırlanmış tank əleyhinə maneələrin, adətən, "jeji" adlandırılan maneələrin — üzərinə düşdü.
"Orada dairəvi müdafiə təşkil etdik və texnikanı təmir etməyə, təkərləri dəyişməyə başladıq", - deyə o nəql edir.
"Birdən eyni yolla şərqdən başqa bir rus kolonunun gəldiyini eşitdik və onların üzərinə [ukraynalılar] atəş açdı, demək olar ki, bizdən iki yüz metr aralıda, - deyə Korobov davam edir. - Səsdən onların RPG-lərdən atəş açdıqlarını anladıq və top səsini zirehli personal daşıyıcısından eşitdik. Top atəş açdıqdan sonra qüvvələrimizin bir kolonu bizə tərəf gəldi. Üç zirehli personal daşıyıcısı və bir UAZ var idi və çox yüksək rütbəli bir zabit onun içində maşınla uzaqlaşırdı".
Korobovun sözlərinə görə, o, 2-ci Qvardiya ümumqoşun ordusunun idarəetmə briqadasından olan bir polkovnik idi.
BBC onun adını bilir, lakin Korobovun xahişi ilə açıqlamır.
Görünür, həmin polkovnikin olduğu kolon Korobovun kolonuna pusu quran ukraynalı qüvvələr tərəfindən pusuya düşmüşdü: "Təkərləri düzəldib hərəkətə davam edəndə bizə atəş açmalı idilər".
Bundan sonra Korobovun kolonu polkovnikin kolonu ilə birləşdi və onlara təhlükəsiz yerə geri çəkilməyə kömək etdi, daha sonra isə polkovnikə sənəd paketini çatdırmaq üçün müşayiət etdi.
Polkovnik bu hadisəni ordunun komandanına bildirdikdə, onu "gözəl şəkildə bəzədilər", - deyə Korobov söyləyir.
Bundan sonra Müdafiə Nazirliyinin mətbuat xidməti Korobovun "igidliyi" barədə məlumat yayıb, onun fotosu Birinci kanalın xəbərlərində göstərilib, daha sonra digər KİV-lərdə və «Qəhrəmanlar Z» saytında da yayıldı.
Müdafiə Nazirliyinin yaydığı versiyaya görə, Korobovun kolonu «ukrayna millətçiləri tərəfindən diqqətlə hazırlanmış pusquya düşmüş», sonra o, "kolonun müdafiəsini dərhal təşkil edib və sayca xeyli üstün düşmən qüvvələri ilə döyüşə girib".
"Bərabərsiz qüvvələrə rəğmən, nəticədə düşmənin üç ədəd hərbi texnikası, iki minomyot qrupunun heyəti və ən az 15 millətçi məhv edilib", - deyə yayımlanmışdı. (Rusiyanın Müdafiə Nazirliyi və ümumilikdə Rusiya təbliğatı ukraynalı döyüşçüləri tez-tez "millətçi" adlandırır və Putin tərəfindən işğalın məqsədlərindən biri kimi qeyd edilən «denasifikasiya» terminindən istifadə olunur).
"Mən pusquya düşdüm - bəli, "diqqətlə hazırlanmış" bir pusquya - amma bu, ehtimal olunmur. Düşmənin sayca məndən çox olub-olmadığını və ya kimin atəş açdığını bilmirəm", - deyə Korobov şərh edir. "Orada ümumiyyətlə minaatan yox idi. 15 ölü də yox idi".
"Amma xəbərin özü belə, xəbərlərdə göstərdikləri şeylər belə... - deyə o bildirir - sadəcə tənqidi düşünün, diqqətlə oxuyun və belə bir şey həqiqətən mümkün ola bilərmi: Yalnız bir sualtı qayıq çatışmırdı. Onlar 15 millətçini, altı ədəd texnikanı məhv etdilər və dərhal sualtı qayığı batırdılar".

Xəbərlərdə ondan danışıldıqdan sonra Korobov başa düşüb ki, yəqin ki, buna görə hansısa medalı alacaq: "Məni televizorda göstəriblərsə, deməli, hansısa mükafat məni gözləyir", - deyə o xatırlayır.
Ona döyüş medalı "İgidliyə görə" verilib və o, medalı sonradan Rusiyada, xidmət etdiyi hissənin sıra bölməsindən götürüb.
Mükafatı almağın ona xoş olub-olmadığı barədə suala Korobov belə cavab verir ki, ona "fərqi olmayıb":
"Nəyə görə, uydurulmuş qəhrəmanlığa görə sevinim? Yaxud nəyə görə? İstəmədiyim bir müharibəyə görə? Mən artıq orduda xidmət etmək belə istəmirdim, sadəcə müqavilənin bitməsini gözləyirdim. Bir də bu müharibədə iştirak edim ki, sonra utanmalı olum?"
Korobov xatırlayır ki, polkovnikdən onun "qəhrəmanlığı"nı niyə uydurduğunu soruşub:
"Ona dedim: "Niyə uydurursunuz? Mənə bunun heç bir faydası yoxdur". O isə mənə belə bir söz dedi: "Müharibə qurtaracaq, səni heç kim yadına salmayacaq. Sonra özün təşəkkür edəcəksən".
"Sağ olun, - Korobov istehza ilə gülümsəyərək deyib. - Çox minnətdaram".
Plastik parçası, yoxsa dörd həyat
2022-ci ilin may ayının əvvəlində Korobovun briqadası Donetsk vilayətində yerləşirdi.
Onun dediyinə görə, komandanlıq onu digər hərbçilərlə birlikdə Liman yaxınlığındakı Ozerne kəndinə hücum etməyə göndərirdi:
"Yalnız bir dəfə kəndə yaxınlaşa bildik, hər tərəfdən atəş yağdı, sonrakı bütün hücumlarda isə yaxınlaşmaq belə mümkün olmadı".
"O zaman artıq başa düşdüm ki, evə qayıdacağımız görünmür. Və ordan çıxmağın yeganə yolu ya 200-cü (ölü), ya da 300-cü (yaralı) kimi getməkdir. Amma əvvəlcə mən öz əsgərlərimi göndərməli idim. Mən gedə bilməzdim, əsgərlərimi isə orada qoymaq olmazdı", - deyə bölüyə komandanlıq edən Korobov danışır.
"Ona görə də, nə vaxt imkan düşürdüsə, əsgərləri yavaş-yavaş Rusiyaya göndərirdim. Birində guya "nəsə ağrıyırdı", digərində isə həqiqi yara vardı. Sonra hospital, fırlan-dolan, xəstəlik axtar - əsas odur ki, geri qayıtma. O vaxt belə bir imkan hələ vardı", - deyə o xatırlayır.
Korobovun bölüyündə əvvəlcə 15 nəfər var idi. "İkisi həlak oldu, ikisi həqiqətən yaralanmışdı, qalanlarını isə mən asta-asta Rusiyaya göndərdim", - o deyir.
Nəticədə dörd nəfər qalmışdı: Korobov və daha üç əsgər: "Biz Ozyornoye kəndindən bir neçə kilometr aralıda, artilleriya atəşi altında oturub yuxarı komandanlığın göstərişlərini gözləyirdik. Və bir gün bizim PUA heyəti (pilotsuz uçuş aparatı) təsadüfən ukraynalıların mövqelərinə bir dron endirdi".
Yerli relyefin xüsusiyyəti sıx şam meşəsi idi: ağaclar düz sıralarla böyüyürdü və dron yəqin ki, paraşütü ilə şam ağacının baş hissəsinə ilişmişdi. "Bu, briqadamızdakı yeganə PUA idi və bizim dördümüzü də - məni və bölüyün qalanlarını onu götürməyə göndərdilər", - deyə Korobov danışır.
"Mən axı axmaq deyiləm, başa düşürdüm ki, ora getsək, bizi güllələyəcəklər, vəssalam, - o davam edir. - Harada olduğunu bilirdim, sadəcə gedib onu götürmək fikrim yox idi. Bir parça plastik üç əsgərin və bir zabitin həyatına dəyməz".
Bununla belə, Korobov dronu götürmək üçün bir neçə uğursuz cəhd etdi və qərargah rəisi ona çatdırdı ki, "komandanlığın əmridi: dronsuz geri qayıtmaq olmaz".
"Və başa düşdüm ki, geri dönüş yoxdur, - deyə o bildirir. - Biz hərəkət etdik və yanımda səssiz silah var idi. Əsgərlərimə atəş açdım. Yerə atəş açdım. Adamlarımı yaraladım. Sonra özümü yaraladım. İlk tibbi yardım göstərdim və təxliyəyə doğru süründük".
"Daha yaxşıdır ki, onları özüm yaralayım, - Korobov bu addımını belə izah edir, - bir parça plastik üçün qaranlıq, dəqiq ölümə getməkdənsə, onlar ordan sağ çıxacaqlar".
BBC Korobovun öz əsgərlərinə atəş açması barədə dediklərini təsdiqləyə bilmir.
O, BBC-yə yaralanmış ayağının şəkillərini təqdim edib.
Korobovu və bölüyünün qalan üzvlərini cəbhədən evakuasiya etdilər.
O, ay yarım hospitalda yatırdı, sonra reabilitasiya keçdi, əvvəl Sankt-Peterburqda, sonra isə Yekaterinburqda.
«Pust Govoryat» verilişində danışılan o yara isə Korobovun özünə vurduğu yaradır.

Şəklin mənbəyi, Yevgeny Korobov's personal archive
Korobov 2023-cü ildə Rusiyada müqaviləsinin bitməsinə qədər xidmət edib qurtarmaq və Ukraynaya qayıtmamaq istəyirdi. Moskvada çəkilişə gedərkən o, Ryazana, öz hərbi məktəbinə baş çəkdi, orada qalması üçün danışmağa çalışdı. "Amma orada əlaqə lazımdır, qohumların hərbçi olmalıdır. Mənim isə valideynlərim poçt işçisidir", - deyə o danışır.
Lakin 2022-ci ilin sentyabrında mobilizasiya elan edildikdən sonra bütün müqavilələr müddətsiz oldu. İl sonuna yaxın ona bildirdilər ki, yanvarda yenidən Ukraynaya göndəriləcək.
Və onun iştirakı ilə veriliş efirə çıxandan ay yarım sonra böyük leytenant çantasını yığdı və Qazaxıstana yollandı.
"Əlvida, silah"
Yevgeni Korobov öz masasına oturmaq istəyir, amma masa dolu idi: qonşusu «The Witcher» oynamağa gəlib.
Rusiya ordusunun keçmiş zabiti ondan komputeri boşaltmasını xahiş edir və Rusiya Daxili İşlər Nazirliyinin saytına daxil olur. Orada "Diqqət, axtarış" bölməsinə öz məlumatlarını yazır və dərhal elektron poçtuna cavab gəlir: onun axtarışda olduğu bildirilir.
Korobov haqqında Rusiyada fərarilik maddəsi ilə cinayət işi açılıb, ona 15 ilə qədər həbs cəzası təhlükəsi var.
O danışır ki, Rusiyadan çıxmazdan əvvəl "İdite lesom" ("Meşəyə get") adlı layihə (Rusiyada "xarici agent" kimi tanınıb) ilə əlaqə saxlayıb.
Bu layihə rus hərbçilərinə cəbhədən qaçmağa kömək edir. Hüquq müdafiəçiləri ona Qazaxıstana qədər marşrut tərtib ediblər: Korobovun xarici pasportu yox idi, amma bu ölkəyə daxili pasportla girmək olur.
Astanada ilk aylarında Korobov, demək olar ki, evdən çıxmırdı: " Psixoloji olaraq çökmüşdüm və məni tapıb tutacaqlarından qorxurdum. İndi belə cəsur görünürəm",- deyə o gülür.
O, Qazaxıstana şəxsi vəsaitini özü ilə gətirib: bir hissəsini toplanmışdı, bir hissəsini isə "cəbhədə qazanmışdı".
Oyun oynamaq üçün güclü sistem bloku və iki monitorlu kompüteri artıq burada, Qazaxıstanda alıb.
İl yarım əvvəl barda iş tapıb - qeyri-leqal, çünki rəsmi işləyə bilmir.
O, həmçinin Rusiyadan Astanaya köçürülmüş Comic Con geek-mədəniyyəti festivalında iştirak etməyə başlayıb və hətta orada bir nominasiyada qalib gəlib.

Şəklin mənbəyi, Yevgeny Korobov's personal archive
Hazırda Qazaxıstanda Korobov sığınacaq axtaran şəxs statusundadır. Ona bu statusun verilməsi ilə bağlı artıq bir neçə dəfə imtina edilib.
"Amma Qazaxıstan hələ indiyə qədər heç bir rusiyalıya sığınacaq verməyib və məncə, verməyəcək də. Biz Avropa ölkələrinin, xüsusilə də Fransanın qərarını gözləyirik, çünki indiyədək rusiyalı fərariləri qəbul edən yeganə ölkə odur", — deyə o bildirir.
Ötən il Fransa hakimiyyəti altı nəfər rusiyalı fəraridən ibarət qrupa ölkəyə giriş sənədləri verib: onlar həmin sənədlərlə Qazaxıstanı tərk edib və Fransaya çatdıqdan sonra sığınacaq üçün müraciət ediblər. Hazırda onların bir neçəsi artıq sığınacaq alıb.
Fransaya gedən fərarilər Qazaxıstanda olduqları müddətdə "Əlvida, silah" adlı təşkilat yaradıblar - bu təşkilat çərçivəsində onlar antihərb fəaliyyətləri ilə məşğul olublar: digər fərarilərə kömək ediblər, müstəqil KİV-lərlə əlaqə saxlayıblar, anti-hərbi aksiyalara çıxıblar.

Şəklin mənbəyi, farewell_to_arms/YouTube
Onun aksiyalarından biri - rus hərbi formasının yandırılması videosu Astanaya yaxın sahələrdə çəkilib.
Videoda Yevgeny Korobov iştirak edib.
O, "Əlvida, silah" təşkilatının bütün iştirakçıları ilə tanışdır, Fransaya gedənlərdən bir neçə nəfəri isə o zaman Astanda icarəyə götürdüyü mənzilində müvəqqəti saxlamışdı. Lakin həmin vaxt ona Fransaya giriş sənədləri verilməmişdi.
Korobov Qərb ölkələrinin rusiyalı fərariləri qəbul etməmək istəməsini başa düşür, amma hesab edir ki, bu, münaqişəni həll etməyin effektiv yollarından biridir: "Yalnız silah göndərmək və sanksiyalar qoymaqla kifayətlənməmək, həm də ruslara silahı buraxmaq, döyüşməkdən imtina etmək imkanı vermək lazımdır".
"Qırmızı bayraq"
Qazaxıstan İnsan Haqları Bürosunun hüquqşünası Artur Alxastov son üç ildir ki, Qazaxıstana gedən rusiyalı fərarilərə kömək edir.
"2022-ci ildə mən müharibə səbəbindən Rusiyadan Qazaxıstana gələn ruslara kömək etməyə başladım və onların arasında rus fərariləri də var idi," — deyə Alxastov bildirir.
"Mən düşündüm ki, bunlar gənc oğlanlardır, çox şey görüblər, axtarışdadırlar və onlara da kömək etmək lazımdır. O zaman hüquq müdafiəçiləri və rus müxalifətçilər arasında onların köməyə ehtiyacı olub-olmaması ilə bağlı müxtəlif fikirlər var idi. Mən hesab edirəm ki, burada diskriminasiya olmamalıdır", - o əlavə edir.

Fərari olan rusiyalı hərbçilərin arasına Rusiya güc orqanlarının agentlərinin daxil olmaması və Ukraynada hərbi cinayət törətmiş şəxslərin ayırd edilməsi üçün Alxastov və Rusiyadan çıxmış daha iki keçmiş hərbçi Korobovun yoxlanılması prosesini başladıb.
Bu yoxlama daxili istifadəyə yönəlib, deyə Alxastov izah edir.
"Korobovun yoxlanılması bəlkə də ən çətinlərdən biri oldu. O, tək bir münaqişədə iştirak etməyib: əvvəl Suriyada olub, sonra onu Kurk vilayətində təlimlərə göndəriblər, bu təlimlər isə müharibəyə çevrilib. Ukraynada isə o, bir neçə istiqamətdə olub", - deyə Alxastov bildirir.
Yoxlama qrupu Korobovla bir neçə saatlıq müsahibələr aparıb.
"Onun bizi aldatdığının və ya hərbi cinayətkar olduğunun heç bir əlamətini tapmadıq", - deyə Alxastov qeyd edir.
"Mən tez-tez insanların belə şərhlərinə rast gəlirəm ki, guya Ukraynada olmuş hər bir rusiyalı hərbçi avtomatik olaraq hərbi cinayətkardır. Bu, doğru deyil. Və, görünür, bu fikirdə olan bir çox insanı məyus edəcəyəm, amma hətta Ukraynanın özü və onun dövlət orqanları da təkcə insanın silahlı münaqişədə iştirakını hərbi cinayət kimi qiymətləndirmir".
O, Ukrayna Baş Prokurorluğunun sənədini göstərir: onlar Korobovla bağlı ora sorğu göndəriblər və cavab olaraq bildirilib ki, Ukraynada onun barəsində heç bir cinayət işi açılmayıb.
Onun fikrincə, bu gün rusiyalı fərari hətta müharibə ilə razılaşmayan və ya müxalifətdə olan bir çox digər insanlardan daha böyük təhlükə altındadır, çünki Rusiya hakimiyyəti qaçmış hərbçiləri xəyanətkar hesab edir və onlardan intiqam almaq istəyə bilər. Bu isə Qazaxıstan və Ermənistanda yaşayan rus fərarilərini xüsusilə həssas vəziyyətə salır, çünki hər iki ölkədə Rusiya hərbi bazaları mövcuddur.
Korobovu və digər fərariləri Rusiyaya ekstradisiyadan hələlik yalnız onların sığınacaq axtaran şəxs statusunda olmaları qoruyur, lakin bu status onları oğurlanma təhlükəsindən qorumur, - Alxastov izah edir:
"Elə bir qeyri‑ictimai hadisə də olub ki, mənim fərarimlərindən birini Priyozyorskdakı Rusiya hərbi bazası ərazisinə aparmağa çalışıblar. O, sadəcə fiziki olaraq, hücum edənlərin əlindən qurtula bilib. Belə müxtəlif hadisələr var, amma təhlükə, şübhəsiz ki, qalır".
Alxastov danışır ki, o, Avropada mühacirətdə olan rusiyalı müxalifət siyasətçilərindən biri ilə əlaqə saxlayıb ki, bəlkə o, öz Avropa əlaqələri vasitəsilə Korobovun Avropaya səfər sənədləri almasına kömək edə.
"Mən izah etdim ki, o, artıq bir neçə ildir Qazaxıstanda oturub və qaçılmaz təhlükə altındadır. Bütün materialları göndərdik. O isə bizə Müdafiə Nazirliyinin saytındakı "Korobovun qəhrəmanlığı" ilə bağlı linki göndərdi və yazdı ki, bu "qırmızı bayraq"dır, - Alxastov danışır. - Amma bir insanın hekayəsinə varmadan ona kömək etməmək üçün Rusiya təbliğatının arxasına sığınmaq, məncə, düzgün deyil".

"Mən yaxın gələcəkdə, sadəcə, normal yaşamaq istəyirəm, - Korobov deyir. - Bu fikir var ha: "çətinliklər bizi gücləndirir". Artıq olar ki, çətinliksiz olsun? Nə vaxt bitəcək bunlar? Əgər mən indi nəsə danışsam və onlar gəlib məni öldürsələr, heç olmasa, cəzalarını çəksinlər. Amma əgər mən gedə bilsəm, sığınacaq alsam, ayağa qalxsam… Mən istənilən işdə işləməyə hazıram. Mən axmaq deyiləm, öhdəsindən gələrəm".
Redaktor Anastasiya Lotareva*.
*Rusiya hakimiyyəti Anastasiya Lotarevanı "xarici agent" reyestrinə əlavə edib. BBC bu qərara qəti şəkildə etiraz edir və məhkəmədə mübahisələndirir.







