«Ukraynanı necə sevirdimsə, elə də sevirəm, sadəcə yaşamaq üçün Rusiya pasportu aldım». Məcburi pasportlaşdırma necə həyata keçirilir?

Kollaj: solda iri planda Putinin üzü, sağda isə Ukrayna pasportunun üstünə qoyulmuş Rusiya pasportları
Şəklin alt yazısı, Putin "Rusiyada qanunsuz əsaslarla yaşayan" Ukrayna vətəndaşlarından 2025-ci il sentyabrın 10-dək ya ölkəni tərk etməyi, ya da "hüquqi statuslarını tənzimləməyi", yəni, Rusiya pasportu almağı tələb edib.
    • Müəllif, Diana Kurışko, Nina Nazarova
    • Vəzifə, BBC

«Ukraynanı necə sevirdimsə, elə də sevirəm, sadəcə yaşamaq üçün Rusiya pasportu aldım». Məcburi pasportlaşdırma necə həyata keçirilir?

Putin "Rusiyada qanunsuz əsaslarla yaşayan" Ukrayna vətəndaşlarından 2025-ci il sentyabrın 10-dək ya ölkəni tərk etməyi, ya da "hüquqi statuslarını tənzimləməyi", yəni, Rusiya pasportu almağı tələb edib.

Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində hakimiyyət Ukrayna vətəndaşlarına belə bir şərt qoyub: ya 10 sentyabra qədər çıxıb getsinlər, ya da "hüquqi vəziyyətlərini tənzimləsinlər", yəni, Rusiya vətəndaşlığı alsınlar.

BBC Ukraynalıların işğal altında məcburi pasportlaşdırılmasının necə aparıldığını izah edir.

Məqalədə adı çəkilən bütün şəxslərin kimliyi redaksiyaya məlumdur, lakin təhlükəsizlik səbəbilə bu yazıda qeyd olunmayıb.

"Uşaqla boulinqə gedirəm" deyib onu Luhanska apardı

2023-cü ilin yayında ukraynalı Mariyanın keçmiş əri, guya qızlarını boulinqə aparmaq bəhanəsi ilə uşağı özündə saxlayıb və onu özbaşına "LXR"ə (özünü "Luqansk Xalq Respublikası" adlandıran bölgəyə) aparıb.

Hər şey belə başlayıb: Rusiya işğala başladıqdan sonra Mariya kiçik oğlu ilə birlikdə Avropaya köçüb, orada yeni həyat qurmaq və sonra qızını da yanına aparmaq istəyib. Qızı həmin vaxt dərs ilini bitirirdi və işğal altında olan bir kənddə nənə-babası ilə yaşayırdı.

Avropaya gedərkən Mariya uşaqları atalarına göstərmək üçün bir müddət Rusiyaya gətirib. Ancaq bu görüşdən sonra qızını bir daha görməyib.

"Uşağı apardı və geri qaytarmadı. Sonra zəng edib deyir: "Ha-ha-ha, biz LXR-ə gedirik"", – Mariya deyir.

İndi qızı atasının yanında, Rusiyanın işğal etdiyi Ukrayna ərazisində yaşayır. Keçmiş əri Mariyanı onlarla əlaqə saxlaya biləcəyi bütün rabitə vasitələrinə məhdudiyyət qoyub. Qızla yalnız sosial şəbəkələrdə, nadir hallarda əlaqə saxlaya bilir.

Mariyanın qızına qovuşmasının yeganə yolu məhkəməyə müraciət etməkdir. Lakin o bunu edə bilmir, çünki bunun üçün işğal administrasiyasından Rusiya vətəndaşlığı almalıdır. "O, mənim vəziyyətimdən istifadə edir. Mən onu məhkəməyə verə bilmirəm. Bu, əslində uşaq oğurluğudur. Uşağı apardı və mən onu görə bilmirəm", - Mariya deyir.

Bu, məcburi pasportlaşdırmanın çoxsaylı nəticələrindən sadəcə biridir.

"Vətəndaşlıq almayanlar – xarici hesab olunur"

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Putinin 2023-cü ildə imzaladığı fərmana görə, işğal altındakı Ukrayna ərazilərinin sakinləri Rusiya vətəndaşlığı almadıqları halda, xarici vətəndaş hesab olunurlar. Daha sonra Putin Rusiyada "qanunsuz yaşayan" Ukrayna vətəndaşlarından 2025-ci ilin sentyabrın 10-dək ölkəni tərk etməyi və ya "hüquqi statuslarını tənzimləməyi" tələb edib.

Ukrayna Strateji Tədqiqatlar və Təhlükəsizlik İnstitutunun direktoru Pavel Lisyanski BBC-yə bildirib ki, bu fərman hələ də Rusiya pasportu almayan Ukrayna vətəndaşlarını hədəfə alır.

İnsan Haqları Mərkəzi "ZMINA"nın hüquqi müdafiə direktoru Alyona Lunyeva isə BBC-yə açıqlamasında deyib:

"Əvvəlcə Rusiya bəzi regionların sakinləri üçün pasportların sadələşdirilmiş qaydada verilməsini təmin etdi. Ancaq pasport almaq üçün növbələr yaranmadığını görəndə, proses məcburi xarakter aldı. Zaman keçdikcə ruslar işğal altındakı ərazilərdə elə sahələri məhdudlaşdırmağa başladılar ki, orada artıq Rusiya pasportu olmadan yaşamaq mümkün deyildi".

Rusiya "3,5 milyon pasport verdi"yini bildirir, Ukrayna "bu, təbliğatdır" deyir

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə görə, Donbas və "Novorossiya" (Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə verdiyi ad belədir) sakinlərindən 3,5 milyon nəfər artıq Rusiya pasportu alıb.

Ukrayna hakimiyyəti isə bu rəqəmləri təbliğat adlandırır və onların real olmadığını bildirir: "Rusiya Federasiyası bilərəkdən statistik manipulyasiyaya əl atır, guya insanların öz xoşları ilə Rusiyanın hüquqi məkanına inteqrasiya olmaq istədikləri görüntüsünü yaratmağa çalışır", - Ukrayna Ombudsmanı Dmitri Lubinetsin ofisindən BBC-yə bildiriblər.

BMT nümayəndələri ilə danışan bir çox şəxs də qeyd edib ki, Rusiya vətəndaşlığını yalnız çıxış yolu olmadığı üçün, yəni, məcburiyyətdən qəbul ediblər.

"Yoxsa bu, dəhşət olardı"

2023-cü ildə Melitopolda ginekoloqa getmək üçün Olqa tanış axtarmağa və qeyri-rəsmi yollarla həkimə düşməyə məcbur qalıb. Onun Rusiya pasportu olmayıb və bu sənəd olmadan ruslar tərəfindən işğal olunmuş Ukrayna şəhərində həkimə getmək mümkünsüz olub. Olqa isə Rusiya pasportu almaq istəmirdi.

"Həkim məni gizlicə qəbul edirdi, çünki əvvəlcə qeydiyyata getdim və mənə dedilər ki, [Rusiya] sənədləri lazımdır", — deyə Olqa BBC-yə danışır.

O, sonradan Melitopoldan Avropaya köçüb. "Ancaq çox ciddi Ukrayna tərəfdarı olan həkimlər var, onların da etibarlı tibb bacıları olur. Onlardan xahiş edirsən, sənədlər xəstəxanada deyil, həkimin özündə saxlanılır, o, riskə gedir. Əgər belə tanışın yoxdursa, çox çətindir".

Ukrayna Ombudsmanının ofisində deyirlər ki, işğal altındakı bir çox ukraynalılar pasportları işğalçı hakimiyyətə dəstək üçün deyil, həyati vacib olduğu üçün almağa məcbur olublar. Onların sözlərinə görə, işğal şəraitində insanlar bəzən sadəcə başqa çıxış yolu tapmırlar.

Rusiya pasportu olmayan insanlar, faktiki olaraq, əsas hüquqlardan məhrum edilir: nə tibbi yardım, nə sosial ödəniş ala bilirlər, nə rəsmi iş tapa, nə də uşaqlarını məktəbə qoya bilərlər.

"2022-ci ilin iyul-avqust aylarında "azad edicilər" humanitar yardımı sadəcə paylayırdılar. Ancaq sentyabrdan elan etdilər ki, yardım yalnız yeni pasportla veriləcək. Ukrayna bankomatları artıq işləmirdi, pensiyalar da ödənmirdi, məsələ sadəcə sağ qalmaq məsələsinə çevrildi. Yaşlı qohumlar məcbur olub vətəndaşlıq aldılar", - deyə Luhansk vilayətinin Rubejnoe şəhərindən Viktoriya izah edir.

Kollaj: uzun saçlı qadın mərkəzdə olmaqla arxası kameraya dayanıb, solda və sağda Rusiya pasportları görünür.

Mariupol sakini Aleksey isə BBC-yə belə deyib:

"Rusiya pasportu olmadan Mariupolda yaşamaq mümkün deyil. Onsuz nə mobil nömrə əldə etmək, nə də işə düzəlmək olar. Bəlkə tikintidə fəhlə kimi işləmək mümkündür, amma mağazada və ya başqa yerdə yox. Bank hesabı, pensiya hamısı ancaq Rusiya sənədi ilə mümkündür".

Aleksey Rusiya pasportunu hələ 2022-ci ildə alıb, lakin Ukrayna pasportunu da saxlayıb:

"Ukraynanı necə sevirdimsə, elə də sevirəm. Rusiya pasportunu isə sadəcə yaşamaq üçün aldım".

BBC-nin digər həmsöhbəti, 2022-ci ildən bəri işğal altında olan Luhansk vilayətinin sakini Tatyana isə nəvəsinə qəyyumluq rəsmiləşdirmək üçün Rusiya vətəndaşlığı almağa məcbur qalıb.

"Yoxsa qəyyumluq məsələsində dəhşət olardı", — deyə qadın izah edir. O, hətta sənədlərin daha tez hazırlanması üçün pasport şöbəsinin əməkdaşlarından xahiş etməli olub.

Donetskdən olan digər bir qadın isə BBC-yə danışır:

"Demək olar ki, hamının artıq Rusiya pasportu var. Onları almaq üçün açıq zorakılıq yox idi, amma indi bu pasport olmadan heç bir rəsmi əməliyyat aparmaq mümkün deyil".

O əlavə edir ki, Rusiya pasportu olmadan işğal edilmiş ərazilərdən Rusiyaya və ya Rusiya üzərindən çıxmaq istəyənlər "filtrasiya"dan, yəni, xüsusi xidmət orqanlarının sorğu-sualı və məlumat bazalarında yoxlama prosesindən keçməli olurlar.

Avropaya köçən ukraynalılar isə doğma, lakin işğal altındakı torpaqlarında hüquqlarından məhrum olurlar. Məsələn, Luhansk vilayətindən olan Mariyanın orada bir mənzili qalıb. Qadının sözlərinə görə, onu indi "müharibəöncəsi qiymətə" satmaq olardı, amma Rusiya vətəndaşlığı olmadığı üçün valideynlərinə satış üçün etibarnamə belə verə bilmir.

Ukrayna Ombudsmanı Dmitri Lubinets BBC-yə bildirib:

"Bu, beynəlxalq hüququn normalarına zidd olan klassik məcburiyyət nümunəsidir. İşğal altındakı ərazilərdə verilən hər bir pasport, işğalçı hakimiyyətə dəstək deyil, insan hüquqlarının kütləvi pozuntusunun göstəricisidir".

Pasport yoxdursa — müalicə də yoxdur

2023-cü il fevralın 14-də Rusiya Dövlət Duması işğal altındakı ərazilərdə məcburi rus tibbi sığortası tətbiq edib. Bu sığorta növü Rusiya pasportuna malik olmağı tələb edir, yəni, pasportu olmayanlara artıq pulsuz təcili tibbi yardım göstərilmir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında belə bir hadisə qeyd olunub: Zaporojye vilayətində bir qadına, Rusiya pasportu olmadığı üçün, tibbi yardım göstərilməyib.

Zaporojye vilayətindən olan digər bir sakin isə işğal zonasından çıxmağa müvəffəq olduqdan sonra BBC-yə danışıb ki, onun 75 yaşlı anası nə tibbi, nə də humanitar yardım ala bilib, çünki Rusiya pasportu olmayıb.

BBC-nin sorğusuna cavab verən bütün işğal altındakı sakinlər təsdiqləyiblər ki, Rusiya pasportu olmadan heç bir tibbi yardım almaq mümkün deyil — nə təcili yardım, nə müalicə, nə də dərman təminatı.

Onlardan biri, İvan adlı HİV daşıyıcısı müharibə başladıqdan sonra müalicəsini davam etdirə bilmədiyi üçün Mariu­poldan müvəqqəti olaraq, Rusiyaya getməyə məcbur qalıb.

Orada onu zəruri dərmanlarla anonim yardım qrupları və çatlardakı könüllülər təmin ediblər. İvan sonra Avropaya köçmək barədə düşünüb, lakin 2023-cü ildə ağır xəstələnən anasına baxmaq üçün yenidən geri qayıtmağa məcbur olub.

"Mən artıq bunları görə bilmirəm, evdən demək olar çıxmıram", - kişi işğal altında olan şəhərdəki həyatını emosional şəkildə təsvir edir. - "Sənədləri aldım, çünki dərmanlarımı almaq başqa heç cür mümkün deyildi".

O deyir ki, bunu həyatını xilas etmək üçün etməli olsa da, bu addımı atdığına görə hələ də "ağrını və utancı" içində gəzdirir.

Anası isə tam əksinə düşünür. Rusiya pasportunu könüllü şəkildə alıb və "yeni səhiyyə sistemindən" razılıqla danışır. Buna görə də aralarında daim mübahisələr olur.

Anasına daimi qulluq lazım olduğu üçün İvan onun yanından köçüb getməyə cəsarət etmir.

Кollaj: Rusiya pasportu, üzərində isə stateskop, solda isə dərman paketi görünür.

İnsan Haqları Mərkəzi ZMINA-nın nümayəndəsi Alyona Lunyeva da bildirir ki, Zaporojye vilayətinin işğal altındakı hissəsində insanlara Rusiya pasportu olmadığı üçün tibbi yardım göstərilmədiyi hallar qeydə alınıb. O, insulindən asılı diabet xəstəsinə pasportu olmadığı üçün dərman verilmədiyini qeyd edir.

Bu faktı hüquq müdafiəçiləri işğal zonalarından çıxan insanların şahid ifadələri əsasında öyrəniblər.

Ukrayna kəşfiyyatı da oxşar halların dərmanların pasportsuzlara verilməməsi hallarının olduğunu təsdiqləyib.

Qəyyumluq sənədlərini rəsmiləşdirən Tatyana isə deyir ki, indi ona Rusiya standartlarına uyğun olaraq əlillik komissiyasından yenidən keçmək əmri verilib, əks halda müavinətlərdən məhrum ediləcək.

Halbuki Ukrayna qanunlarına görə, onun əlilliyi ömürlük tanınmışdı.

Bu vəziyyətdə olan yüzlərlə insan var.

"Həkim çatmır, xaosdur, növbələr çoxdur, səhər saat beşdə yola çıxmaq lazımdır, orada cəhənnəm əzabı kimi növbə gözləyirsən", - qadın şikayətlənir.

"Sənin babalarının pulu heç kimə lazım deyil"

"Mənə dedilər: ya Rusiya pasportu alırsan, ya da səni yenidən harada ki sənə işgəncə verirdilər ora qaytarırıq...İndi Rusiya pasportum var", - bir kişi BBC-yə deyir.

Bu hadisə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında qeyd olunub.

O, bildirir ki, FSB əməkdaşları bir neçə günlük işgəncədən sonra onun qarşısında bu şərti qoyublar.

İşğal altındakı ərazilərdə dövlət qulluqçularına da Rusiya pasportu almaq əmri verilib, əks halda onlara işlərini itirəcəkləri bildirilib.

"Bəzi hallarda rus hərbçiləri onlara açıq şəkildə hədə-qorxu gəliblər", - BMT hesabatında belə qeyd olunub.

Zaporojye vilayətində bir xəstəxananın baş həkimi mühəndisi xəbərdar edib ki, Rusiya pasportu almasa, onu işdən çıxara bilərlər.

Sonra isə xəstəxana administrasiyası mühəndisə açıq şəkildə deyib ki, pasport almamaq onu "zirzəmiyə aparmaqla" nəticələnə bilər.

"Əgər rəhbər [Rusiya pasportunu] alırdısa, onun tabeliyində qalanları da məcbur edirdi", — deyə Rubejnoe şəhərindən Viktoriya BBC-yə deyir.

Qadın şəxsən tanıdığı bir nəfərdən bəhs edir: əvvəllər baş usta idi, lakin işğal dövründə müəssisənin rəhbəri olub.

Кollaj: Solda Rusiya pasportu görünür, sağda isə qucağında uşaq tutmuş qadın var.

"O birinci pasport aldı və hamını buna məcbur etdi. Pasport şöbəsinə hamı üçün kollektiv ərizə verdi və elan etdi: "Kim işləmək istəyirsə, pasport almağa gedir. İstəməyən işdən çıxır"".

Xerson vilayətində isə bir xəstəxananın rəhbəri tibb bacısına bildirib ki, əgər Rusiya pasportu almasa, işini itirəcək.

O, həmçinin əlavə edib ki, işğal administrasiyası ondan hər həftə bütün əməkdaşların pasport vəziyyəti barədə hesabat tələb edir.

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) işğal altındakı ərazilərdə yaşayan ukraynalıları hər şeydən əvvəl öz təhlükəsizliklərinə diqqət yetirməyə çağırır.

"Əgər hər hansı sənəd almaq lazımdırsa, alın, bu, bizim üçün sizin statusunuzu dəyişmir. Xahiş edirik, hərəkətlərinizi şəxsi təhlükəsizliyinizdən çıxış edərək planlaşdırın. İşğalçıların sizə verdiyi hər hansı kağız parçası bizim üçün heç bir hüquqi qüvvəyə malik deyil və o, sizi Ukrayna vətəndaşı olmaqdan ürəyinizlə də, sənədlərinizlə də məhrum etmir", - deyə Ukrayna XİN-in mətbuat katibi Georgiy Tixiy 2025-ci ilin martında, Putin fərmanının dərc olunmasından dərhal sonra bildirib.

Bununla yanaşı, qurum ukraynalılara ilk növbədə işğal altındakı ərazilərdən çıxmağı tövsiyə edirdi.

"İşğal altındaykən rus pasportu almaq Ukrayna qanunlarının pozulması deyil. Əksinə, insanları məcburən pasportlaşdırmaq, yəni, zorla Rusiya pasportu almağa məcbur etmək hərbi cinayətdir", - insan haqları mərkəzi ZMİNA-nın nümayəndəsi Alyona Lunyova bildirib. Onun sözlərinə görə, belə pasportları məcburiyyət qarşısında alan şəxslər əksinə, zərərçəkmiş sayılmalıdırlar.

Кollaj: kişi üzünü Rusiya pasportu ilə örtüb.

Ukraynanın insan haqları müvəkkili Dmitriy Lubinets də qeyd edir ki, məcburi pasportlaşdırma halları ilə könüllü əməkdaşlıq hallarını bir-birindən ayırmaq lazımdır. Yəni, əgər şəxs könüllü şəkildə işğalçı orqanlarda vəzifə tutur, təbliğatla məşğul olur və ya əməkdaşlıq edir­sə, bu, artıq cinayət məsuliyyətinə səbəb ola bilər. Ukrayna hüquq-mühafizə orqanları bu kimi hallarda təkcə pasportun mövcudluğunu deyil, şəxsin konkret əməllərini qiymətləndirir. Beləliklə, işğalçı hakimiyyət tərəfindən verilən pasportun özü avtomatik olaraq ittiham üçün əsas sayılmır.

Melitopoldan 2023-cü ilin yayında çıxan Olqa isə iki ildən çox vaxt keçsə də, hələ də kabuslardan əziyyət çəkdiyini deyir:

"Daima sənədlərimin olmaması qorxusu içindəyəm. Əgər yuxu görürəmsə, həmişə eyni şey olur. Guya evə qayıtmışam, amma gedə bilmirəm: ya sənədim yoxdur, ya rublum yoxdur, ya da məni harasa çağırırlar."