Kiyevdə azərbaycanlı: “Təşviş, qorxu içərisindəyik, amma zirzəmidə uzun müddət qalmaq olmur”

Şəklin mənbəyi, Möminə Xatun Səttarova
- Müəllif, Elçin Suleymanov
- Vəzifə, BBC News Azərbaycanca
Ukraynada paytaxt Kiyev uğrunda döyüşlər getsə də, gecənin "nisbətən sakit keçdiyi" bildirilir.
Şənbə günü paytaxtın meri şəhərdə komendant saatının uzadıldığını elan edib.
Kiyevdən BBC-yə danışan azərbaycanlı aspirant, Möminə Xatun Səttarova şənbə günü axşama doğru şəhər küçələrinin boşaldığını və atəş səslərinin eşidildiyini bildirir. O, ehtiyat edən şəhər sakinlərinin zirzəmilərə doğru üz tutduğunu deyib.
Möminə Xatun Səttarova: Artıq üçüncü gündür ki, bomba səsinə oyandıq. Ukraynanın ərazi bütövlüyü təhdid altındadır. Müharibə şəraitindəyik. İki gün öncə səhər bomba səsilə oyandıq. Ümumiyyətlə, gözlənilən halı idi. Amma bu qədər ani şəkildə olacağını gözləmirdim. Təşviş, qorxu içərisində artıq üç gündür ki, proses davam edir. Dünən gecə [25 fevral-red.] çox ağır döyüşlərdən birisi idi. Diversant dəstələrinə qarşı küçədə döyüşlər olub. Ukraynanın müxtəlif ərazilərində rus ordusu təzyiq etməyə çalışır.
BBC: Hazırda siz olduğunuz yerdə vəziyyət necədir?
Möminə Xatun Səttarova: Şəhərdə atışma gedir deyə, insanlar zirzəmiyə daxil olur, elə mən özüm də. Amma çox uzun müddət orada qalmaq olmur. Havasızlıq, su, ayaqyolu məsələsi, eyni zamanda hələ ki, pandemiya davam edir. Onun da bir panikası var. İnsanların hamısı bir-birinə iç-içədir. Müharibə şəraitidir. Güllə yarası almamaq üçün, atılan bombanın hər-hansı təsirinə düşməmək üçün o zirzəmilərə girmək məcburiyyətində qalırıq.
BBC: Bir çox adam metrodan sığınacaq kimi istifadə edir. Metro artıq işləmir. Bəs nəqliyyatla bağlı problemlər varmı?
Möminə Xatun Səttarova: Təəssüflər olsun ki, ictimai nəqliyyat dayandırılıb. Şəhərin bələdiyə sədri Vitalı Kliçko-da elan etdi ki, təhlükəsizliklə bağlı metronun işi dayandırılıb. Metrolar zirzəmilər kimi istifadə olunur. Axşam üçün insanlar metrolara girir. Bütün marketlər çalışmır. Özüm də şahidi oldum. Bu gün komendant saatının vaxtı dəyişdirilib. O, 17.00-dan sabah saat 8.00-dək olacaq. Üç gün, bazar ertəsinə qədər davam edəcək.
BBC: Bir çoxları şəhəri tərk edib və yaxud da tərk etmək fikrindədir. Şəhərdən çıxan maşın karvanlarını, uzun növbələri görürük. Belə səhnələri hələ də görmək olurmu?
Möminə Xatun Səttarova: Bəli, belə səhnələri müharibənin birinci günü səhər saatlarında müşahidə etməyə başladıq. Mənim özümün də yaşadığım binadakı sakinlərin bir çoxu təxliyə olunmağa başladı. Maşınlar daha çox Moldova və Polşa sərhədlərinə doğru çıxır. Amma çoxları şəhərdə qalır. Çünki ictimai nəqliyyat tamamən durub. Şəxsi maşınları olanlar bir az da olsa şanslıdırlar.
BBC: Bəs benzin varmı?
Möminə Xatun Səttarova: Benzində ciddi problemlər var. Bizim, hətta tələbələrimizin benzinləri bitmişdi və tələbə uşaqlar yolda qalmışdılar. Mən indi sizinlə danışırkən atışma gedir hazırda. Biz çayın sağ sahilindəyik. Çayın sol sahilindən şəhərə yollar var. Ordan cəhd edirlər (qarşı tərəf - red.), amma geri qaytarılır ki, mərkəz ələ keçirilməsin.
BBC: Siz özünüzü təhlükəsiz hiss edirsinizmi?
Möminə Xatun Səttarova: Müharibənin belə bir psixologiyası var. İlk öncə çox qorxursunuz, üzərindən bir-iki gün keçəndən sonra - bilmirəm bu nə ilə bağlıdır - yavaş-yavaş alışmağa, qəbul etməyə başlayırsınız. Bilmirəm çarəsizlikdənmi qaynaqlanır, yoxsa nədir. 100 faiz təhlükəsiz hiss edirəm desəm yalan olar. Çünki hər şey ola bilər. Özüm də şahidi olmuşam ki, havadan hücumlar olur. Amma havadan müdafiə atılan bombaları zərərsizləşdirir.
BBC: Siz yeni komendant saatını qeyd etdiniz və o, artıq başlayıb. Hazırda küçələrdə nə baş verir?
Möminə Xatun Səttarova: Hazırda heç kim yoxdu, hər kəs metronun zirzəmisindədir. Evlərdə olanlar var. İşıqlar yanır evlərdə. İnsanları qınamaq da olmaz. Çünki qışdır, zirzəmilərdə nəmişlik, soyuq, insanların çox olmağı, yeməyin olmamağı, telefonda "zaryadka" söhbəti var. Buna görə bir çox insan məcburiyyətdən evində qalır. Qalanlar isə binanın zirzəmilərində və ya metrodadırlar.
BBC: Siz yerli azərbaycanlılarla əlaqədəsiniz. Onların vəziyyəti barədə nə deyə bilərdiz?
Möminə Xatun Səttarova: Belə deyək da, biz dünən könüllü şəkildə vətəndaşları koordinasiya etməyə çalışdıq. Dünən artıq 15 nəfər Moldova sərhədinə göndərilib. 24 saatda kim müraciət edirsə, əlimizdən gələni etməyə, yəni könüllü olaraq çalışırıq. Təbii ki, eyni zamanda tələbələrlə yanaşı, burada Azərabycan əsilli vətəndaşlarımız da var. Bir çoxu ilə əlaqə saxlayıram. Onlar çayın sol sahilindədirlər. Orada daha çox azərbaycanlılarımız yaşayır. Bu, oradakı ticarət mərkəzləri ilə əlaqəli bir şeydir - orada daha çox məskunlaşıblar.







