XİN Ukraynadakı azərbaycanlılara: "İlk növbədə, evdə və güvənli yerdə qalın"

XİN

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, ABŞ səfiri XİN-ə çağrılıb

Ukraynadan Moldova istiqamətində, Polşa istiqamətində, Slovakiya istiqamətində təxliyə olunmaq qaydaları sərhəd bölgələrə yaxın yerləşən vilayətlərdə yaşayan Azərbaycan vətəndaşlarına aiddir, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasından belə aydın olur.

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynada olan Azərbaycan vətəndaşlarından birinci növbədə "hərbi qüvvələrin cəmləşdiyi, hərbi obyektlərin olduğu ərazilərdən uzaq durmağı, evlərində və təhlükəsiz, yəni güvənli yerdə qalmalarını" xahiş edir, XİN sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya müsahibəsində deyir.

Ukraynaya Rusiyanın hərbi müdaxiləsindən sonra döyüşlərin getdiyi paytaxt Kiyevdən, Odessadan, Melitopol şəhərlərində olan azərbaycanlılar BBC-yə təxliyə oluna bilmədikləri barədə şikayət ediblər. Onlar Azərbaycanın Ukrayna Səfirliyi ilə əlaqə saxlaya bilmədiklərini də deyirlər.

Leyla Abdullayeva bu iddialarla bağlı deyir ki, telefonlara cavab verilməməsi telefonların susması demək deyil.

"Səfirliyimizdə, baş konsulluğumuzda 24 saat qaynar xətlər fəaliyyət göstərir. Nəzərə alın ki, bu xətlərə davamlı zənglər gəlir, cavab vermirlər deyəndə o demək deyil ki, telefonlar susub, sadəcə telefonun eyni zamanda bir neçə zəngi qəbul etmək qabiliyyəti də nəzəərə alınmalıdır."

Qurum sözçüsü onu da qeyd edir ki, o, vətəndaşların Xarici İşlər Nazirliyinin yaydığı məlumatı "düzgün anlaya bilmələrini" istəyir.

"Eyni zamanda mövcud vəziyyətdə Moldova istiqamətində, Polşa istiqamətində, Slovakiya istiqamətində - söhbət həmin bu sərhəd bölgələrə yaxın yerlərdə yaşayan həmvətənlərimizdən gedir. Yoxsa indiki halda, təbii ki, istər Kiyev olsun, istər Xarkov olsun, qonşu ölkələrdə sərhəd uzaq məsafədə yerləşən vətəndaşlarımızın oradakı hadisələri nəzərə alaraq, təhlükəsizlik tədbirlərini nəzərə alaraq, birinci növbədə evlərində və təhlükəsiz şəraitdə qalmaları ən başlıca prioritetdir," o deyib.

Azərbaycan XİN 24 və 25 fevralda Ukraynadakı azərbaycanlılara müraciət edib, həm də Polşa, Moldova və Slovakiya istiqamətində təxliyə qaydalarını açıqlayıb.