Rus ordusu Ukrayna paytaxtı Kiyevə girdi

Şəklin mənbəyi, Getty Images
Rusiya ordusu artıq Kiyevin şimal rayonlarındadır, Ukrayna hökuməti bəyan edib.
Ukrayna ordusu Kiyev, Dimer və İvankov şəhərlərinin kənarında Ukrayna və Rusiya orduları arasında şiddətli toqquşmaların davam etdiyini açıqlayıb.
Ukrayna Silahlı Qüvvələri rəsmi Facebook hesabındakı paylaşımında Rusiya tanklarının şəhərin şimal-qərbindəki məhəllələrə çatdığını açıqlayıb. Məlumatda, həmçinin bildirilir ki, Ukrayna ordusu rus qoşunlarının irəliləməsini əngəlləmək üçün Teteriv çayı üzərindəki körpünü dağıdıb.
Ukrayna Müdafiə Nazirliyi rus ordusuna məxsus tankların şəhərin şimalındakı Obolon məhəlləsinə daxil olduğunu açıqlayıb və əlində silah olan hər kəsi yaşından asılı olmayaraq orduya çağırıb.
Boris Johnson Rusiyaya qarşı SWIFT qadağasına çağırır
Britaniya Putin və Lavrova sanksiya tətbiq edəcək, Baş nazir Boris Johnson bildirib.
NATO liderləri ilə bu gün telefon danışığı zamanı Baş nazir deyib ki, Putin Soyuq müharibədən sonrakı düzəni dəyişmək üçün revanşist missiyaya əl atıb və onun ambisiyalarına son qoyulmalıdır, Baş nazirin ofisindən bildiriblər.
Bəyanatda, həmçinin Swift beynəlxalq ödəniş sistemi barədə danışılır.
"Baş nazir liderləri Prezident Putinə və onun rejimini maksimum yaralamaq üçün Swift-ə qarşı dərhal tədbir görməyə çağırıb".
Rusiyanın Swift istifadəsinə qadağa qoyulması o deməkdir ki, böyük Rusiya bankları Britaniyanın maliyyə sistemindən çıxarılacaq.
Britaniya hökuməti BP-yə təzyiq edir: Rosneftdəki hissələrindən imtina et
Britaniya hökuməti enerji şirkəti BP-nin Rusiyanın neft nəhəngi Rosneftdəki 20 faizlik payından imtina etməsini istəyir.
Britaniyanın biznes naziri Kvasi Kvartenq BP-nin baş icraçı direktoru Bernard Looney ilə telefon danışığında BP-nin Rusiyanın maraqlarına yaxın olmasından "hökumətin narahatlığının nə qədər ciddi olduğunu izhar edib".
BP bu hissələrə 10 ildən çoxdur ki, sahibdir və cənab Looney ilə idarə heyətində İqor Seçin də var - o, Putinin yaxın dostudur.
"Rusiya ilk gündə 450-dən çox əsgər itirib"
Böyük Britaniyanın müdafiə naziri James Heappey parlamentdə bildirib ki, Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri 450 rus əsgəri, 57-si mülki şəxs olmaqla 200-ə yaxın ukraynalı öldürülüb.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 1
Bu, BMT-nin insan hüquqları ofisinin Ukraynada 25 mülki şəxsin ölümü ilə bağlı bu gün açıqladığı rəqəmdən çoxdur.
Heappey deyib ki, Böyük Britaniya qoşunu NATO-dakı müttəfiq Estoniyaya planlaşdırılandan daha əvvəl göndərilib, o cümlədən Ukraynanın qonşu ölkələrində qaçqın axınını tənzimləmək üçün 1000 hərbçi köməyə hazırdı.
Rusiya tərəfi itkilərlə bağlı hələlik heç bir məlumat verməyib.

Britaniyalı rəsminin sözlərinə görə, "Rusiya Ukraynanın bütün ərazisini işğal etmək" niyyətindədir.
Nazirlik nümayəndəsi hesab edir ki, Rusiya "işğalın ilk günündə əsas hərbi missiyasını tamamlaya bilməyib".
Ben Wallace əlavə edib ki, Ukrayna ordusu Kiyev yaxınlığındakı Antonov aeroportunu yenidən öz nəzarətinə keçirib.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 2
"Paytaxta təxribatçılar girib"
Səhər saatlarında paytaxtda ən azı bir yaşayış binasına ciddi ziyan dəydiyi - üç nəfərin yaralandığı bildirilib. Rəsmi məlumata görə, ötən gün baş verən hücumda əsgərlər və mülki şəxslərlə birgə 137 Ukrayna vətəndaşı həlak olub.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "təxribatçıların" paytaxta daxil olduğunu bildirib.

Şəklin mənbəyi, Getty Images
Zelenski deyib ki, bütün ölkə üzrə cəbhə xəttində gedən döyüşləri izləyir.
Onun sözlərinə görə, ən ağır döyüşlər ölkənin şərqində Xarkov şəhəri ətrafında, şimalda və cənubundakı Qara dənizin sahilindəki Odessa şəhəri ətrafında gedir.

Şəklin mənbəyi, Getty Images
Ukraynanın şimalındakı radioaktiv Çernobıl atom elektrik stansiyasının Rusiya qüvvələrinin nəzarətinə keçdiyi bildirilib. ABŞ elan edib ki, həmin ərazidə Ukrayna əsgərləri girov saxlanılır.
Minlərlə ukraynalı cəbhə bölgəsindəki şəhərləri tərk edərək qərbə, daha sakit ərazilərə üz tutur və bir çoxu hətta Polşa və Rumıniya sərhədlərində təhlükəsiz yer axtarışındadır.
Lakin ukraynalıların əksəriyyəti bunkerlərə və yeraltı metro stansiyalarına sığınıblar. Ölkədə əli silah tutan bütün vətəndaşlar üçün ümumi səfərbərlik elan edilib.
Avropa İttifaqı, Avstraliya və Yaponiya cümə günü Rusiya banklarına, şirkətlərinə və oliqarxlarına qarşı yeni sanksiyaları açıqlayıb. Qərb dövlətləri də Ukrayna qüvvələrinə yardım və hərbi təchizat vəd edib.

Şəklin mənbəyi, Getty Images
Putinə zəng
Fransa Prezidenti Emmanuel Makron deyir ki, o, Vladimir Putinə zəng edərək hücumu dayandırmasını xahiş edib. O jurnalistlərə deyib ki, zəng "açıqca, birbaşa, sürətli" olub.
Makron bildirib ki, Putinə Ukrayna lideri Zelenskinin xahişi ilə zəng edib, çünki Putin Volodimir Zelenskinin zənglərinə cavab verməyib.
Makron Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə deyib: "Bu, həm də ondan Prezident Zelenski ilə müzakirə etməyi xahiş etmək üçün bir zəng idi. Zelenski onunla əlaqə saxlaya bilmir".
Putin dəfələrlə Zelenski ilə birbaşa əlaqə saxlamaqdan imtina edib. "Bu, nəticə vermədi" telefon zəngi barədə danışan Makron bildirib ki, "Rusiya Prezidenti müharibəni seçdi".

Şəklin mənbəyi, Getty Images
Rusiyada etirazlar
Rusiya şəhərlərində minlərlə insan müharibə qərarına qarşı küçələrə çıxıb, yüzlərlə nümayişçi həbs edilib.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən aksiyada iştirak edən nümayişçi deyib ki, "Bu gün baş verənlər biabırçılıqdır. Ukraynada bir çoxumuzun dostları və qohumları var. Bu, onlara xəyanətdir".
"Ölkəmdə baş verənlərə münasibətimi göstərirəm. Daha çox insanın Ukraynaya hücuma etiraz etməməsi məni təəccübləndirdi," - eyni şəhərdəki ukraynalı nümayişçi deyib.
Paytaxt Moskvanın küçələrində də nümayişlər keçirilib, saxlanılanlar var. Avropanın müxtəlif şəhərlərində də bəzi nümayişlər keçirilib.









