Rusiya-Ukrayna müharibəsi: Azərbaycanın bəzi müxalifət partiyaları hökuməti səssiz qalmaqda ittiham edir

Siyasət. AXCP, Müsavat Partiyası, REAL partiyası, Azərbaycan, Ukrayna, Rusiya, münaqişə, müharibə
Şəklin alt yazısı, Soldan birinci şəkil Müsavat Partiyasının lideri Arif Hacılı, ikinci şəkil Azərbaycan Xalq Partiyasının sədri Əli Kərimli, üçüncü şəkil REAL Partiyasının başqanı İlqar Məmmədov

Azərbaycanda bəzi müxalifət partiyaları Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi hücumları sərt tənqid ediblər.

Onlar, həmçinin baş verənlərlə bağlı rəsmi Bakının susmasını ciddi şəkildə qınayıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanı işğalına münasibət bildirməkdən imtina edib. İqtidar partiyasından Aydın Mirzəzadə isə BBC-yə deyib ki, "Ukraynanın ərazi bütovlüyü qorunmalıdır".

AXCP: "Hökumət Azərbaycanı sivil dünyadan təcrid edir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiyanın rəsmi sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edib.

O, hakimiyyəti "susqunluğu ilə Azərbaycanı sivil dünyadan" təcrid etməkdə günahlandırıb.

O əlavə edib ki, hətta "hakimiyyətini yenicə Rusiyanın köməyi ilə qorumuş" Qazaxıstan hökuməti belə açıq şəkildə bildirdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və qondarma respublikaları tanımayacaq.

"Rusiyanın sivil dünyanı qarşısına alan zaman dəstəyinə daha çox güvəndiyi Çin belə Ukraynanın ərazi bütövlüyünə açıq dəstəyini ifadə edib. Rusiya ilə münasibətləri qoruyub saxlamağa hər zaman həssas yanaşan qardaş Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyini çox qəti şəkildə ifadə edib. Bəs Azərbaycan hakimiyyəti nəyə görə susur?" - partiya sədrinin açıqlamasında qeyd olunub.

Hökumətin Rusiya işğalına səssiz qalması "qəbuledilməzdir"

Müsavat Partiyasının sədri Arif Hacılı BBC News Azərbaycancaya müsahibəsində Rusiyanın Ukraynaya qarşı başlatdığı hücumu "işğalçı və ekspansionist müharibə" adlandırıb.

Partiya sədrinin sözlərinə görə, Moskva işğalçı siyasətini Donbasda yaşayan "rus əhalinin soyqırıma məruz qalması" bəhanəsi ilə əsaslandırmağa çalışsa da, bunların heç bir əsası yoxdur.

Azərbaycan hökumətinin bu məsələdə səssiz qalmasının "qəbuledilməz" olduğunu deyən Arif Hacılı, rəsmi Bakının "birmənalı şəkildə Ukraynanı dəstəkləməli" olduğunu deyib.

Onun fikrincə, əgər Rusiya Ukraynanı işğal etməyə nail olsa və bu müharibədə uğur qazansa, növbədə post-sovet ölkələri, o cümlədən Gürcüstan və Azərbaycan gələcək.

"Azərbaycan prezidenti Ukraynada olarkən, bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Lakin bir neçə gün əvvəl Putinin dəvəti ilə Rusiyaya gedən və orada müttəfiqlik bəyannaməsi imzalayan İlham Əliyevin son addımları Azərbaycanın milli təhlükəsizlik konsepsiyası ilə ziddiyyət təşkil edir", - Arif Hacılı əlavə edib.

REAL Partiyası Azərbaycan hökumətini bugün açıqlama verməyə çağırıb

Məsələ ilə bağlı fikirlərini BBC News Azərbaycanca ilə bölüşən REAL partiyasının sədri İlqar Məmmədov isə hesab edir ki, Rusiyanın aqressiv davranışlarına görə, onun "Avropa Şurasında üzvlüyü dondurulmalı və ya tamamilə qurumdan xaric edilməlidir".

O, açıqlamasında Azərbaycan hökumətini məsələ ilə bağlı "vaxtında mövqe bildirməyə" çağırıb.

"Hərbi əməliyyatlar bir neçə saatdır başlayıb. Yaxşı olardı ki, hökumət bu günün sonuna kimi baş verənlərlə bağlı rəsmi mövqeyini ortaya qoysun", - İlqar Məmmədov deyib.

XİN açıqlama verməkdən imtina edib

Rusiyanın Ukraynaya hücumu ilə bağlı Azərbaycan hökumətinin mövqeyini öyrənməyə çalışsaq da, Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya açıqlama verməkdən imtina edib.

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan nümayəndəsi Aydın Mirzəzadə isə BBC News Azərbaycancaya "Ukraynanın ərazi bütovlüyünün qorunmalı olduğunu" deyib.

Rusiya, Azərbaycan, siyasət

Şəklin mənbəyi, PRESIDENT.AZ

Şəklin alt yazısı, Azərbaycan və Rusiya prezidentləri müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayırlar 22 fevral, 2022

Prezident İlham Əliyevin Rusiya səfəri

Həftənin bazar ertəsi günündən Rusiyaya üç günlük səfər edən Azərbaycan prezidenti İlham Əliyev Moskvada həmkarı Vladimir Putinlə görüşüb.

Çərşənbə axşamı tərəflər iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar.

43 maddədən ibarət sənəddə Rusiya və Azərbaycan siyasi, hərbi, iqtisadi, təhsil, səhiyyə və enerji sahələri də daxil olmaqla, bir çox istiqamətlərdə qarşılıqlı öhdəliyə əsaslanan fəaliyyət haqqında razılığa gəliblər.

Kreml ilə əldə edilən anlaşma Azərbaycanda birmənalı qarşılanmayıb.

Bəziləri bunu iki ölkə arasında münasibətlərin qurulmasında "önəmli addım" kimi qiymətləndirsə də, digərləri bəyannaməni Azərbaycanın suverenliyinə "təhdid" kimi görürlər.

Onlar hökumətin Rusiyanın Ukraynaya hücumu ətrafında susmasını da məhz həmin bəyannamə çərçivəsində götürülən öhdəliklə əlaqələndirirlər.

Rusiyanın Ukraynaya hücumu

Fevralın 24-də Bakı vaxtı ilə səhər saat 7-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb.

Məlumata görə, hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir.