Mətbuat icmalı: Oyunlar və büdcə, Arif Məmmədovun müraciəti və UNICEF-in Bakı2015-ə dəstəyi barədə

Şəklin mənbəyi, AFP
“Azadlıq” qəzeti UNICEF-in Oyunlara dəstək verməsi barədə “The Guardian” nəşrindəki “Bakı 2015: UNISEF Azərbaycandakı Avropa Oyunlarına niyə dəstək verib?” başlıqlı məqaləsinin tərcüməsini dərc edib:
“Avropa Oyunlarının rəngarəng rəsmi saytında bu turnirə qatqısı olan şirkətlərin adları göstərilib: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP, AZAL, uşaqların hüquqlarını müdafiə təşkilatı olan UNICEF. Beləliklə, UNICEF-in loqotipi hazırda SOCAR-ın loqotipi ilə yanaşıdır. O şirkətin ki, əməkdaşları 2013-cü ildə jurnalist Idrak Abbasovu xüsusi amansızlıqla döymüş və törətdikləri cinayətə baxmayaraq, məsuliyyətə cəlb olunmamışdılar.
…Bu ölkədə rejimin tənqidinə yer yoxdur, azad mətbuat ciddi nəzarət altındadır. “Sərhədsiz Reportyorlar”ın söz azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 162-ci yerdə qərarlaşıb. “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı da Azərbaycanı “azad olmayan ölkələr” qrupuna aid edib. Azərbaycandakı siyasi vəziyyətə gəlincə, bu ölkədə vətəndaş cəmiyyətinə böyük təzyiqlər var. UNICEF hələ ki, Azərbaycanda sərbəst şəkildə işlədiyi halda …, yerli hüquq-müdafiə təşkilatları hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır, bağlanır, məhkəmə təqiblərilə üzləşir. “Insan hüquqları üçün idman!” kampaniyasının təşəbbüskarı Rəsul Cəfərov Avropa Oyunları ərəfəsində ölkənin digər dörd tanınmış hüquq müdafiəçisi ilə birlikdə şübhəli ittihamlarla həbs olundu. “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının təmsilçiləri Georgi Qoqia və “London Platform”dan Emma Hyuzun Azərbaycana daxil olmasına imkan verilməyib. Həmçinin “Amnesty International”ın əməkdaşları da “arzuolunmaz” sayılaraq, Azərbaycana buraxılmayıb. “Insan hüquqları naminə idman!” koalisiyasına daxil olan “Vətəndaş hüquqlarının müdafiəçiləri” təşkilatının direktoru Robert Hord sarsılıb: “Başa düşə bilmirəm ki, UNICEF Azərbaycandakı diktatura rejiminin təbliğatına hesablanmış bir hadisəyə qoşulanlar arasında öz adının olmasına necə razılaşa bilər?”
“Rəsmi hakimiyyət təbliğatında UNICEF brendindən istifadəyə necə yol verilə bilər?” sualına təşkilatın nümayəndəsi Kristof Boulierak belə cavab verib: “Ümumiyyətlə, Bakı Avropa Oyunları ilə əməkdaşlığımız təhlükəsizlik hüququnun, təcrid olunmuş uşaq və yeniyetmələrin inteqrasiyasında bir vasitə kimi idmanın rolunun təbliğindən ibarətdir”. Təşkilatın uşaqların inteqrasiyası ilə bağlı diqqəti alqışa layiq olsa da, kifayət qədər qısamüddətlidir. Çünki o uşaqlar böyüyəndə onların korrupsiyalaşmış cəmiyyətdəki siyasi proseslərdə heç bir səs hüququ olmayacaq. O cəmiyyətdə ki, iqtisadiyyat cəmi bir neçə oliqarxın əlində cəmləşib.
Vətəndaş cəmiyyəti təşkilatlarına qarşı hər gün kəskin qərarların verildiyi, aclığın siyasi qərarların nəticəsi olduğu, korrupsiyanın çiçəkləndiyi ölkədəki rejimə yardım etməyin, dəstək verməyin anlamı nədir?”
Yazıda bundan başqa deyilir: “Azərbaycan uşaqları Avropa Oyunlarından heç nə qazanmadılar. 6,5 milyard onların təhsilinə yox, görüntü xarakteri daşıyan layihəyə və stadionlara sərf olunub. Insan haqları hamı üçündür - həm uşaqlar, həm də böyüklər. Bura həm siyasi, həm də sosial hüquqlar aiddir. UNICEF Azərbaycandakı uşaqlara kömək məqsədilə işini davam etdirməlidir, amma Avropa Oyunlarının tərkib hissəsinə çevrilməməlidir.”
“Azadlıq” qəzeti Şövkət Məmməd adlı müəllifin “O möhtəşəm açılış üçün xalqa minnətdar olun!” başlıqlı köşə yazısını dərc edib. Yazının əsas arqumenti odur ki, Avropa Oyunlarının təşkilinə xərclənmiş nəhəng vəsait əslində xalqa məxsusdur və bu unudulmamalıdır.
Yazıda deyilir: “Bəli, o açılış mərasimi möhtəşəm və uğurlu alındı. Ancaq Avropanın elmi-texniki tərəqqisinin məhsulu olan bu nailiyyətin gerilikçi bir hakimiyyətlə nə əlaqəsi?!… Avropanın zövqü, intellekti, texnologiyası və peşəkarlığı olmasaydı, hansı nəticədən danışmaq mümkün idi? Əlbəttə, fürsətdən yararlanan yaltaqlar da var ki, möhtəşəm və uğurlu mərasimə görə hətta hakim ailəyə təzim etməyi lazım bilirlər... Yəqin, öz alverçi baxışlarından çıxış edərək mərasimə qoyulan külli miqdarda xərci nəzərdə tuturlar. Sanki, açılış mərasiminə sərf edilən 100 milyon manatdan artıq vəsait hakimiyyətdəkilərin cibindən çıxıb, ya da onların maaşından tutulub? Avropa Oyunlarına görə büdcə gəlirlərini, xüsusilə də neft dollarlarını - milyardları xalqla hesablaşmadan sağa-sola xərclə, sonra da bu yarışların uğurlu təşkilinə görə hamını özünə borclu bil?! Əslində isə xalqa minnətdar olmalı və vətəndaşa təzim edilməlidir! O xalq ki, təkcə Avropa Oyunlarının xərclərinə görə yox, həm də bu yarışların təşkilinə görə sıxıntılarla üzləşdi... …Puluna minnət, sifariş ver və oyna! Sonra da xalqı özünün möhtəşəmliyinə, qüdrətinə təzim etdir?! Hələ Avropa Oyunlarının açılış mərasiminə Avropanın liderləri təşrif buyursaydı - sağında xanım Merkel, solunda cənab Olland dursaydı, kim bilir, hakimiyyətin təbliğatı daha hara qədər davam edərdi? Davam demişkən, rejimin çox öyündüyü bu Oyunların davamlı olub-olmayacağı isə bir az “qanqaraldıcı”dır...”
Arif Məmmədovun müraciəti
"Yeni Müsavat” qəzeti yazır ki, “İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olan Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. O, Facebook-da paylaşdığı müraciətində bildirir ki, bəzi KİV-lər səfirlərin dövlət başçısına qarşı sövdələşməsi ilə bağlı yanlış məlumatlar yayır.
O qeyd edib ki, "Provakasiya bu adamların qadir olduğu yeganə şeydir. Onlar bütün Azərbaycan xalqına, ağıllı və qabiliyyətli insanlara nifrət edirlər, özlərinin səbatsızlığına bununla haqq qazandırmağa çalışırlar. Cənab Prezident, cəsarətli qərarlar qəbul etmək və ölkəni bu çirkabdan təmizləmək lazımdır. Bu adamları Azərbaycan xalqı sevmir. Onlar Sizin imicinizə zərbə vurur, dünyada ölkəmiz haqqında mənfi imic yaradırlar. Bu adamlar ölkənin xərçəng şişidir. Siz onları yaxşı tanıyırsınız. Bu cür adamlar Sizin komandanızdakı sonuncu yaxşı kadrlara hücum edirlər"”.
“Azərbaycan” və “Xalq” qəzetləri bu gün də əsasən Birinci Avropa Oyunları, idmançıların çıxışları və qələbələri barədə məlumatlar və fotolar dərc edib.
“Xalq” qəzeti yazır ki, “Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumata münasibət bildirən Polşa Olimpiya Komitəsinin prezidenti və I Avropa Oyunlarında Polşa nümayəndə heyətinin rəhbəri Anjey Krasnitski deyib ki, “İdmanla siyasəti qarışdırmaq düzgün deyil””.




