Mətbuat icmalı: Bakıda Putin-Erdoğan görüşü gözlənilir

Şəklin mənbəyi, AFP
"Yeni Musavat" qəzeti Rusiya və Türkiyə liderlərinin eyni gündə Azərbaycana gəlməsi ərəfəsində Qarabağ, Xəzər, qaz layihələri diqqət mərkəzində olacağını güman edir. Qəzet bu mövzuda təhlil dərc edib.
Yazıda Rusiya prezidentinin köməkçisinə istinadən deyilir ki, “Qarşıdakı danışıqlar zamanı regional gündəmin mühüm aspektlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması və 2014-cü ilin sentyabrında Həştərxanda keçirilmiş dördüncü Xəzər sammitində qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi müzakirə olunacaq. …Bakı danışıqları zamanı habelə Rusiya ilə Azərbaycan arasında energetika sferasında ikitərəfli əməkdaşlığın inkişafına dair yüksək səviyyəli işçi qrupunun yaradılması nəzərdə tutulur.”.
Yazıda bundan başqa Rusiya prezidentinin Bakıda Türkiyə prezidenti Recep Tayyip Erdoğanla da görüşəcəyi də bildirilir.
Putinin köməkçisi bildirib ki, “Putin Türkiyədəki seçkilərdə AKP-nin qalib gəlməsi münasibətilə prezident Ərdoğanı telefonla təbrik edib, telefon söhbəti zamanı tərəflər Bakıda görüşmək və ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq barədə razılığa gəliblər.”
Qəzet bildirir ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması perspektivi və quruma üzvlüklə bağlı Bakının irəli sürdüyü Qarabağ şərti, bir-birinə faktiki rəqabətdə olan “Türk axını” ilə Transxəzər (TANAP, TAP) qaz kəmərləri layihələri, Azərbaycanın strateji xarici siyasət seçimi ilə bağlı mümkün düzəlişlər müzakirə mövzusu olacaq.
“Azərbaycan” və “Xalq” qəzetlərinin ön səhifəsi Prezident İlham Əliyevin birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə Atletlər kəndində görüşündən geniş fotoreportaja həsr olunub.
Bundestaqda Azərbaycan mövzusu
“Azadlıq” qəzeti yazır ki, “Avropa Oyunlarının açılış günündə Bundestaq Azərbaycandakı repressiyaları müzakirə edəcək”
Yazıda deyilir: ““Sərhədsiz Reportyorlar” təşkilatı Almaniya Olimpiya Komitəsini ilk Avropa Oyunları başlayana qədər Azərbaycandakı siyasi məhbsuların azad edilməsi üçün bu tələblə çıxış etməyə çağırıb. Təşkilatın nümayəndəsi Kristian Mir Berlində çıxış edərək bildirib ki, Almaniya Olimpia Komitəsinin sədri Mixail Vesper deyib: “Biz hesab edirik ki, Almaniya Olimpiya Komitəsi Azərbaycanda siyasi məhbus həyatı yaşayan insanlara dəstək məqsədilə hakimiyyətin yaratdığı bu vəziyyəti birmənalı şəkildə tənqid etməkdən çəkinməməlidir”.
Təşkilat, eyni zamanda yarışlara sponsorluq edən şirkətləri siyasi məhbusların azad edilməsi kampaniyasına qoşulmağa çağırıb.”
Yazıda bundan başqa iyunun 12-də, yəni Avropa Oyunlarının açılış günündə Almaniya parlamenti Azərbaycandakı repressiyaların müzakirə edəcəyi də bildirilir. “Maraqlı cəhət ondan ibarətdir ki, parlament iclasının gündəliyinə iki sənəd layihəsi təqdim edilib. Bunlardan birini hakim koalisiya, digərini isə müxalifət fraksiyaları təqdim edib. Hər iki sənəd Azərbaycandakı insan hüquq və azadlıqlarının mövcud vəziyyətini və demokratiya və qanunun aliliyinin təmin edilməsi məsələlərini nəzərdə tutur. Bu barədə “Fokus” jurnalı məlumat yayıb.
Jurnal xatırladır ki, Azərbaycada son bir ildə güclü repressiyalar həyata keçirilib. Bu dalğada bütün dünyanın araşdırmaçı jurnalist kimi tanıdığı Xədicə Ismayıl həbs edilib, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi xuliqanlıq ittihamı ilə 5 il müddətinə azadıqdan məhrum edilib. 2014-cu ilin avqust ayında Naxçıvanda yaşayan jurnalist İlqar Nəsibov amansızcasına döyülüb. Leyla Yunus və həyat yoldaşı Arif Yunus, onlardan daha öncə isə müstəqil jurnalist Rauf Mirqədirov həbs edilib.
Ötən bir il ərzində azad mətbuatın susdurulması üçün kampaniya davam etdirilib. “Azadlıq” radiosunun Bakı ofisi bağlanıb. Müxalif “Azadlıq” qəzeti aramsız olaraq təzyiqlərə məruz qalır. Hökumətə bağlı olan “Qasid” firması “Azadıq” qəzetinə 67 min avro borclu qalıb və bu borcu ödəmir. Rusdilli “Zerkalo” qəzeti isə ötən il çapını dayandırmalı olub.”
ABŞ ATƏT-in Bakı ofisi barədə
“Yeni Musavat” qəzeti yazır ki, ABŞ Azərbaycan hökumətini ATƏT-in Bakı ofisinin bağlanması qərarını geri götürməyə çağırıb və qərarı “qanunsuz” adlandırıb.
Qəzet “Turan” İnformasiya Agentliyinə istinadən yazır ki, “Vaşinqton bu qərardan dərin narahatlıq keçirdiyini bəyan edib və Azərbaycan hökumətini öz qərarına yenidən baxmağa çağırıb. İyunun 8-də Amerikanın ATƏT-dəki səfiri Daniel Baer Vyanada, ATƏT Daimi Şurasının iclasında bu xüsusda öz ölkəsinin reaksiyasını diqqətə çatdırıb.”
O deyib: “…Yada salmaq vacibdir ki, layihələr üzrə koordinatorun ofisi ATƏT-in 57 üzv dövləti ilə razılaşdırılmış siyasi mandat əsasında fəaliyyət göstərir. Odur ki, həmin dövlətlərin konsensusu əsasında qəbul olunmuş istənilən qərar kimi bu qərar da yalnız konsensus əsasında ləğv oluna bilər” O, həmçinin deyib ki, ofis fəaliyyətini davam etdirməlidir və baş katibi yeni daimi Layihə Koordinatoru təyin olunanadək Bakıdakı ofisə müvəqqəti rəhbər təyin etməyə çağırıb.”
Yazıda bundan başqa deyilir: “Baer bildirib ki, Azərbaycanda ATƏT layihələri koordinatorunun ofisinin faydalı işlər görmək üçün potensialı var ki, bu da yerli özünüidarəetməyə yardım göstərəcək, ATƏT öhdəliklərinin icrasını yaxşılaşdıracaq.”
Avropa Parlamentindəki fotoreportaj
“Azadlıq” qəzeti contact.az saytına istinadən Avropa Parlamentində azərbaycanlı vicdan məhbusları ilə bağlı aksiyadan fotoreportaj dərc edib. Məlumatda deyilir ki, “Parlamentin deputatları, vitse-prezident başda olmaqla, iclasa vicdan məhbuslarının şəkilləri olan köynək və plakatlarla gəliblər”
…Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri olub.
Avropalı parlamentarilər bununla siyasi məhbusların azad olunmasına çağırıblar.
Daha sonra Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunaçek çıxış edərək bildirib ki, Avropa Azərbaycanda siyasi məhbuslar probleminə biganə qalmamalıdır. O qeyd edib ki, bununla bağlı qətnamə çıxarılmalıdır.”
“Garant-Holdinq”in mehmanxanası
“Yeni Musavat” qəzeti “Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hotelinin açılışının ləngiməsi” barədə yazır. “Məlumatlara görə, Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospektinin üstündə tikilmiş mehmanxana hələ bir ay əvvəldən açılış üçün tam hazırlanıb.
Amma bu mehmanxanaya qədər Bakıda 4-dək hotelin açılışı gerçəkləşsə də, nazir oğlunun hoteli nədənsə, yada düşməyib. Qeyd edək ki, əvvəl “Baku Towers” adlanan mehmanxana sonradan Məmmədovların amerikalı milyarder şəriki Donald Trumpun istəyi ilə "Trump Towers" olaraq dəyişib.
…Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.
“Biz dünyada lüks sinifli tikinti işlərini həyata keçirən «Trump Organization» şirkəti ilə əməkdaşlıqdan son dərəcə şadıq,” deyə, Anar Məmmədov müsahibələrinin birində deyib. Bu hotel istifadəyə verildikdən bir il sonra “Trump Hotel Collection”a məxsus hotellər şəbəkəsinə qoşulacaq.”
“A.Məmmədovun konsul təyin edilməsi ilə bağlı bu ölkənin xarici işlər naziri Nikola Poposki Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirib. Nikola Poposki xahiş edib ki, Anar Məmmədova Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaradılsın, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim edilsin. Bu isə diplomatik anlamda faktiki toxunulmazlıq statusu anlamına gəlir...”




