Mətbuat icmalı: "Qərbdən hakimiyyətə sərt mesajlar”

Şəklin mənbəyi, AFP

“Yeni Müsavat”“Azadlıq” qəzetləri son günlər XİN ətrafında baş verməkdə olan qalmaqal barədə yazıb.

“Yeni Musavat”ın yazısında deyilir: “I Avropa Oyunlarının açılışına sayılı günlər qalmış Azərbaycan XİN-də ciddi qalmaqal yaranıb. İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədovun yanan bina ilə bağlı facebook statusunda məmurları tənqid etməsi gündəmin əsas mövzusuna çevrilib. Arif Məmmədov statusu hadisə baş verən günün səhəri-mayın 20-də yazıb, amma nədənsə, o status indi gündəmə gətirilib ki, bu da maraq doğurur.

Azərbaycan XİN-in yüksək rütbəli əməkdaşı statusuna “heç bir xalq bu qədər zülmə və haqsızlığa dözməz” sözlərini də əlavə edib. Bu xəbər yayıldıqdan sonra prezident İlham Əliyevin sərəncamı ilə Eynulla Mədətli Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb. Səfirin geri çağırılmasının səbəbləri haqqında heç nə deyilməsə də, bu statusu “layk” edənlər arasında geri çağırılmış səfirin oğlu, Azərbaycanın Brüsseldəki diplomatik missiyasının əməkdaşı Anar Mədətlinin olması müəmmaları artırıb. Bundan sonra bəzi elektron media “XİN-dəki gizli antiəliyevçilər” arasında Belçikadakı səfirliyin daha iki əməkdaşı - Fərəh Gözəlova və Ramiz Vəliyevin yer aldığı, o cümlədən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin barəsində də xidməti təhqiqat başladığı xəbərini yayıb.”

Qəzet səfir Arif Məmmədovun ittihamlara cavabını da dərc edib: “Ölkənin Xarici İşlər Nazirliyini dövlətə xəyanətdə ittiham etmək yalnız xəstə təxəyyülü olan insanın beyninə gələ bilərdi. Bəs bu paskvilin Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə, ölkənin imicinə və digər məsələlərə təsirinin nəticələri barədə düşünübmü? ”Dostlar"ın məyus olacağını bilsəm də, deməliyəm ki, mən təmiz azərbaycanlıyam və qan qarışıqlığım yoxdur.” Hikmət Hacıyevsə bəyan edib ki, “15 illik fəaliyyətim dövründə həmişə dövlətimizə, prezidentimizə və xalqımıza sadiq olmuşam və əməllərimlə bunu sübut etməyə çalışmışam. Hər birimiz ölkə rəhbəri ətrafında sıx birləşməliyik”.

"Hakimiyyətə sərt messaj"

“Azadlıq” qəzeti “BMT, ATƏT və AŞ nümayəndələrindən hakimiyyətə sərt mesajlar” barədə yazır. Xəbərdə deyilir ki, BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks yazırlar: «İyunun 12-də Azərbaycan paytaxtı Bakıda ilk Avropa Oyunları start götürəcək. 50 ölkədən 6 mindən çox atlet medal uğrunda qaçacaq, tullanacaq, mübarizə aparacaq, milyonlarla avropalını cuşa gətirəcək. Ümid edirik ki, onlar bu ölkədə insan haqları müdafiəçilərinə qarşı təzyiqlərin dayandırılması üçün də ayağa qalxacaqlar». Yazıda həmçinin deyilir ki, “onların imzasıyla iyunun 3-də OpenDemocracy portalında Azərbaycanda Avropa Oyunlarına dair birgə məqalə yayılıb.”

Daha sonra xəbərdə adı çəkilən məqalə barədə daha ətraflı məlumat verilib və məqalədən parçalar dərc olunub: «Son illər, özəlliklə, son 12 ayda narazılıq bildirmək və güclüləri təftiş etmək Azərbaycanda çox riskli bir işə çevrilib. Xeyli sayda jurnalist və insan haqları fəalına güclü təzyiq olunub, tənqidə dözümsüz siyasi sistemin əlində azadlıqlarını itiriblər. …Xaricilər də repressiya dalğasından yayına bilməyib. Jurnalistlər, qeyri-hökumət təşkilatlarının üzvləri, BMT rəsmiləri qorxudulma, qısnama, hakimiyyətin maneəsi ilə üzləşiblər. Azərbaycan hökuməti öz siyasətini müdafiə edir, iddia edir ki, bütün cinayət işləri fərdlər tərəfindən törədilmiş qanunsuz hərəkətlərlə bağlıdır. Onlar insan haqları fəallarının həbsi arxasında siyasi motiv axtarmağın yanlış olduğunu vurğulayırlar.».

“Müəlliflər repressiyanın miqyasını göstərmək üçün hüquq müdafiəçiləri Rəsul Cəfərov və Leyla Yunus, eləcə də araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı cinayət işlərini təsvir edirlər.”

Məqalədə həmçinin deyilir: «Razı deyilik. İllər boyu bu fəallar və jurnalistlərlə əməkdaşlıq etmişik və onları yaxşı tanıyırıq. Onlar cinayətkar deyillər. …Reallıq odur ki, repressiyanı əsaslandırmaq üçün hüququn aliliyi təhrif olunub: narazıları cəzalandırmaq üçün cinayət təqiblərinə başlanıb; qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün qanunvericilik yaradılıb; polis dinc etirazçılara qarşı gücdən istifadə edib. Praktik olaraq, insan haqları təşkilatlarının bütün tərəfdaşları saxlanıb, fəaliyyəti dayandırmaq üçün təzyiqə məruz qalıb, yaxud onlara qarşı təşkil olunmuş təzyiqlərdən yayınmaq üçün ölkədən qaçıblar».

Məqalənin əsas mesajı isə belə ifadə edilib: «Buna son vermək vaxtıdır və bu işdə idman köməyə gələ bilər. Azından, atletlər yarışdıqları ölkənin ictimai və siyasi mühitindən xəbərdar olmalıdırlar. Onlar bu məsələləri ev sahibləri və ya yerli atletlərlə müzakirə edə bilərlər. Hətta öz populyarlıqlarından yararlanıb ədalətsiz olaraq içəriyə atılmışları dəstəkləyə bilərlər».

«Ümid edirik onlar düzgün seçim edəcəklər, bu Oyunların ruhundan faydalanaraq insan haqlarının müdafiəsinə görə repressiyaya məruz qalanlara qarşı bu tendensiyanı dayandırmağa kömək edəcəklər».

"Ödəniş faizləri artıb"

Azadlıq qəzeti ipoteka kreditlərinin ilkin ödəniş faizinin artırıldığı barədə yazıb. Yazıda qeyd olunur ki, “ipoteka kreditlərinin verilməsi şərtlərində dəyişiklik edilməsi nəticəsində banklar Azərbaycan Ipoteka Fondunun vəsaitləri hesabına verilən adi və güzəştli ipoteka kreditləri üzrə ilkin ödəniş nisbətini 20 və 15-dən 50%-dək qaldırıb.

Banklardan bildirilib ki, ipoteka kreditləri üzrə 30-50% ilkin ödəniş 2015-ci ilin əvvəlindən, hətta devalvasiyadan öncə tələb olunur və bununla bank öz risklərini azaltmış olur.

Xatırladaq ki, adi ipoteka maksimal illik 8% dərəcəsilə 25 ilədək, güzəştli ipoteka isə maksimal 4% dərəcəsilə 30 ilədək verilir. Hər iki ipoteka üzrə kreditin maksimal məbləği 50 min manatdır. Ilkin ödəniş minimum 20 faiz (adi) və 15 faiz (güzəştli) təşkil edir.”

Yazıda iqtisadçı-ekspert Oqtay Haqverdiyevin fikirləri də öz əksini tapıb O, “virtualaz.org saytına açıqlamasında ipoteka kreditləri üçün tələb olunan ilkin ödənişi tamamilə ləğv etməyin tərəfdarı olduğunu söyləyib. Ekspert faizin həddən artıq çox olduğunu deyərək ipoteka kreditinin ilkin ödəniş məbləğini tamamilə ləğv etməyi onu götürənlərin əsasən imkansız adamlar olmasıyla əlaqələndirib.”

Deputat Vahid Əhmədovsa bildirib ki, “ipotekanın ilkin ödəniş faizinin artırılmasıyla bağlı onda məlumat yoxdur. V.Əhmədov bununçün qanunvericilikdə dəyişiklik edilməsinin əsas olduğunu deyir:

“Mən təklif etmişdim ki, ipoteka kreditində ilkin ödəniş azaldılsın və illik faiz dərəcəsi aşağı salınsın. Həmçinin ipoteka məbləği 50 mindən artırılaraq 80-100 min manat olsun. Lakin sözügedən məsələ hələ rəsmi olaraq qəbul edilməyib. Ola bilsin, banklar sosial deyil, kommersiya ipotekanı artırıblar. Amma sosial ipotekanın artırılması barədə dəyişiklik yoxdur”.”

“Xalq qəzeti” yazır ki, ATƏT-in fəaliyyətdə olan həmsədri "İvitsa Daçiç İrəvanda keçirdiyi mətbuat konfransında" ATƏT məkanında mövcud olan hər bir "münaqişənin özünəməxsusluğunu önə çəkib, onlara konstruktiv və ədalətli yanaşmanın sərgilənməsinin vacibliyini qeyd edib.” O həmçinin deyib: “ATƏT-də sədrlik edən Serbiya dialoq istəyir və buna çalışır. ...Kosovo Serbiyanın razılığı olmadan birtərəfli şəkildə müstəqilliyini elan edib. Bu qərar bir sıra ölkələr, xüsusilə Qərb ölkələri tərəfindən verilib. Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır? Buna baxmayaraq, əsas məsələlərlə bağlı dialoq yoxdur.”

Bu gün “Ekspress” qəzetinin birinci səhifəsi buraxılış imtahanlarının nəticələrinə həsr olunub. Manşetdə deyilir ki, 9-cu sinif şagirdlərinin 55, 11-ci sinif şagirdlərininsə 45 %-i ana dilindən “2” və “3” alıb.