Mətbuat icmalı: Google Play-də Bakı 2015 tətbiqi

Şəklin mənbəyi, AFP
"Azərbaycan" və "Xalq" qəzetləri Eynulla Mədətlinin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Prezident Sərəncamını dərc edib.
"Yeni Müsavat" qəzeti yazır ki, “Tehran öz mavi yanacağının Ermənistandan yan keçməklə Avropaya çatdırılması variantına meyllənir. İran TANAP və TAP-a qoşula bilər.
İran Milli Qaz Şirkətinin (İMQŞ) beynəlxalq əlaqələr üzrə direktoru Əzizulla Ramazini Parisdə dünya qaz konqresi çərçivəsində çıxışı zamanı deyib ki, İran “Türk axını”na öz qazını Avropaya çatdıracaq marşrutlardan biri kimi baxır. Ancaq bu, yalnız nüvə proqramı ilə bağlı sanksiyalar aradan qalxdıqdan sonra mümkündür.Başqa marşrutlar da nəzərdən keçirilə bilər. Ancaq ən yaxşı marşrut yəqin ki, Türkiyədir”. Qəzet yazır ki, “Ermənistanın bu dəfə də böyük bir regional energetik layihədən kənarda qalacağı ehtimalı ciddi görünür.”
Qəzetin təhlilçiləri bunu məntiqli sayırlar. “Ona görə ki, Tehran Avropaya doğru uzanacaq qaz kəmərinin Ermənistan variantının istər-istəməz siyasi məna daşıyacağının və həm Türkiyə, həm də Azərbaycanla İran arasında avtomatik yeni və izafi problemlər yaradacağının, həmçinin lüzumsuz əngəllər ortaya çıxaracağının fərqindədir. Sanksiyalardan təzəcə qurtulan bir ölkəyə isə belə maneələr gərək deyil. Əksinə, rəsmi Tehran çox marağındadır ki, qısa zamanda regional və qlobal qaz təsərrüfatı sisteminə qayıdıb orada öz layiqli yerini tutsun, kasad büdcəsini zənginləşdirsin, ölkə daxilində on ildən çoxdur dondurulmuş böyük sosial layihələrə davam eləsin. Kəsəsi, Türkiyə marşrutuna üstünlüyü İranın dövlət maraqları diktə edir.”
"Azərbaycan" və "Xalq" qəzetləri Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını dərc edib.
Sərəncamda onun “ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə” verildiyi qeyd edilib.
"ЭХО" qəzeti xəbər verir ki, dünən Android əməliyyat sistemi üçün əlavələr dükanı olan Google Play-də Bakı 2015 İlk Avropa Oyunlarının mobil tətbiqi peyda olub. Onu Google Play-də axtarış sətrinə “Bakı-2015” yazmaqla tapmaq mümkündür.
Xəbərdə rəsmi mobil tətbiqin Bakıda Avropa oyunlarının Əməliyyat komitəsi (BEGOC) tərəfindən işlənib hazırlandığı qeyd olunub.




