Mətbuat icmalı: İlham və Mehriban Əliyevlərin sakinlərlə selfie-ləri

Şəklin mənbəyi, president.az
“Azərbaycan” və “Xalq” qəzetləri prezident İlham Əliyevin Bakı Ağ Şəhər bulvarının açılışında iştirakı barədə məlumat və fotolar dərc edib.
Fotolarda İlham və Mehriban Əliyevlər sakinlər arasında göstərilir. President.az saytındakı fotogalereyada tədbirdə selfie-lərin çəkildiyini də görmək olar.
"Bakının Kreml ümidləri"

Şəklin mənbəyi, president.az
Bugünkü “Yeni Musavat” qəzeti yenidən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ata biləcəyi addımlar və bunun müqabilində Azərbaycandan gözləntiləri mövzusunda yazıb.
Yazıda Azərbaycanın münaqişənin həlli ilə bağlı Rusiyanın köməyinə ümidi və bununla bağlı müxtəlif dövrlərdə atdığı addımlar xronoloji ardıcıllıqla göstərilir və təhlil edilir. “…Rəsmi Bakının Kremlə ümidi yenə artıb. Bu ümid 2000-ci ildə Vladimir Putin Rusiya prezidenti olduqda da yaranmışdı. O zaman Putin ilk xarici səfərini Azərbaycana etdi və keçmiş prezident Heydər Əliyevlə görüşdü. Putin üçüncü ölkələrdən çeçenlərə Azərbaycan üzərindən silah göndərilməsinin dayandırılmasını Bakıdan xahiş etmişdi. Heydər Əliyev Putinin bu istəyini yerinə yetirdi. Bundan başqa, Bakıda çeçenlərin nümayəndəliyi bağlandı. Ancaq bunların qarşılığında Putin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi.
Bakının ikinci ümidi Dmitri Medvedyevin prezidentliyi dövründə yarandı. Medvedyev Bakıya səfər edərək Azərbaycanla müxtəlif sazişlər imzaladı. Bakı Moskva ilə istənilən sahədə əməkdaşlığın genişləndirilməsinə hazır idi. Bakının Moskvadan yeganə istəyi, həmişəki kimi, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllində İrəvana təsir etməsi idi. Medvedyevin prezidentliyi dövründə Azərbaycan və Ermənistan prezidentləri 10 dəfə görüşdülər. Ancaq bu görüşlər nəticəsiz qaldı. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq vermədi. Kreml bu məsələdə İrəvana təsir etmədi.
Bakı yenə Moskvaya ümidlidir. Çünki Bakı bu dəfə də Moskvanın istəyinə uyğun addım atıb, Avropa İttifaqının sazişinə imza atmayıb. Ancaq Moskvanın bu dəfə də Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərəcəyi problematikdir. Bunu Sergey Lavrovun Məmmədyarovla birgə mətbuat konfransında söylədiyi fikir də sübut edir. Lavrov dedi ki, münaqişənin həlli üçün birinci növbədə Azərbaycanla Ermənistan razılığa gəlməlidirlər. Ancaq bu mümkün deyil. Ermənistana kənar təsir və təzyiq olmayınca Qarabağla bağlı razılıq alınmayacaq.”
Bundan başqa, bu yaxınlarda Rusiya mətbuatında Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olmasının 210 illiyinə dair məqalələrin yayımlanması da məqalə müəlliflərinin diqqətindən yayınmayıb. Onlar düşünürlər ki, “Rusiya mətbuatının bu mövzuya toxunmasının arxasında Bakıya mesajlar ola bilər”. Bundan başqa deyilir ki, “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi əvəzinə “sülhməramlı qüvvələr” adı altında bölgəyə silahlı qüvvələrini yerləşdirmək istəyir. Rəsmi Bakı bu təklifə hələ ki razılaşmır.”
Yazıda həmçinin deyilir: “Dağlıq Qarabağ məhz SSRİ və Rusiya qoşunlarının bölgədə olduğu dönəmdə işğal olunmuşdu. Erməni separatçılarını silahla təmin edən Dağlıq Qarabağdakı Rusiyanın hərbi bazaları idi. Rusiyalı generallar separatçılara Azərbaycan əleyhinə dəstək verirdilər. Odur ki, yenidən Dağlıq Qarabağda Rusiya silahlı qüvvələrinin yerləşdirilməsi Azərbaycana yenidən problem yarada bilər. Rusiya silahlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilərsə bir daha ordan çıxmayacaqlar. Necə ki, Abxaziya, Cənubi Osetiya və Krım işğal olunaraq Rusiyanın nəzarətinə keçdi. Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi Kremlin daima Bakının daxili və xarici siyasətinə təsir etmək imkanları qazandıracaq.”
Təhlilin müəllifləri Dağlıq Qarabağda həm Rusiya, həm də Türkiyə silahlı qüvvələrinin yerləşdirilməsini də variantlardan biri kimi nəzərdən keçirirlər. “Rusiya hərbçiləri Dağlıq Qarabağın erməni əhalisini, Türkiyə hərbçiləri isə bölgəyə qayıdan azərbaycanlıların təhlükəsizliyini qoruyacaq. Ancaq bu variantın reallaşması üçün işğal altındakı bütün torpaqların boşaldılması və Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyası altına qayıtması lazımdır. …3 prezidentin Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ortaq sülhməramlı qüvvələrin yaradılması mövzusu müzakirə oluna bilər.”
Üzlüklər
“Azadlıq” qəzetində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin geniş müsahibəsi dərc edilib. Müsahibədə deyilir: “Ilham Əliyevi kim aldadıbsa, bunu dövlət orqanı edib. Çünki bu üzlüklərin təhlükəsiz olduğuna FHN və Standartlaşdırma və Patent Agentliyi rəy verib.”
Ictimai nəzarətlə bağlı deyilənlərə toxunan Mehman Əliyev bildirib ki, “bu, inandırıcı deyil. Çünki Azərbaycanda hökumətin fəaliyyətini analiz edən ictimai təşkilatlar hamısı qapadılıb, vətəndaş cəmiyyəti taqətdən salınıb, ictimai nəzarət, demək olar, tam itib. …Ona görə inanmıram ki, ictimai nəzarətin bərpasına hakimiyyətdə ciddi maraq var. Ona görə ictimai nəzarət olmadıqca yanğınlar, qanun pozuntuları davam edəcək. Nəzarət olsa, dövlət vəsaitləri oğurlana, mənimsənilə bilməyəcək. Hətta ictimai nəzarət bərpa edilməyə çalışılsa belə, bu, formal xarakter daşıyacaq. Bir sıra dövlət müəssisələrində ictimai təşkilatlar fəaliyyət göstərir.”
Mehman Əliyev ölkədəki iqtisadi böhran barədə də danışıb: “Ölkədə real iqtisadi böhran var. Problemlər getdikcə artacaq. Hakimiyyət hazırda ölkədə yaranmış vəziyyətdən necə çıxacağını bilmir. Hakimiyyət bu gün yenə də repressiv metodlara üstünlük verir, cəmiyyətə basqı etməklə nəzarət altında saxlamaq yolunu tutur.”
Mehman Əliyev “hazırda yaranmış vəziyyətdə kompleks islahatlar həyata keçirilməli” olduğunu deyib.
Devalvasiya məsələsinə toxunan Əliyev bildirib ki, bu, qaçılmazdır. “Manatın gücdən düşməsi davam edəcək. Mərkəzi Bankın da vəsaitləri tükənir. Onlar artıq ciddi təhlükə altındadır. Manatın arxasında ciddi iqtisadi təminat yoxdur. Ona görə manat gücdən düşür. Hazırda manatın məzənnəsini saxlamaq çətinləşib. Əvvəl vəsaitin çoxluğu manatın saxlanmasına imkan verirdi.”
İnhisar problemi
“Azadlıq” qəzeti deputat Vahid Əhmədovun da maraqlı müsahibəsini dərc edib.
Vahid Əhmədov deyib: “Bu məsələnin bir ucu ”yuxarı" ranqlı məmurlara gedib çıxır. Yuxarıda bu keyfiyyətsiz materialların istifadəsinə icazə verən şəxslər var. O materiallar mütləq laboratoriyadan keçməli idi. Buna elə adi səviyyədə icazə verilmir ki? Əgər Azərbaycanda 260 bina üzlənirsə, deməli, bunlar adi adamlar deyil, kimlərsə bunlara yuxarı səviyyədə icazə verib. Mən indi gedib desəm ki, bir bina verin üzləyim, verəcəklər? Əlbəttə, yox!"
Deputat monopoliyanı hadisəyə şərait yaratmış amillərdən biri kimi görür: “Ölkədə ən ciddi problem monopoliya, inhisardır. Biz bunun qarşısını ala bilmirik. Cənab prezident 2006-cı ildə Milli Məclisə ”Rəqabət Məcəlləsi" haqqında qanun layihəsi göndərib. Biz onu bu günə qədər də qəbul edə bilmirik. 2 oxunuşda qəbul edilib, amma 3-cü oxunuşda keçmir. 8 ildir qalıb Məclisdə! Hər iclasda da bu məsələyə toxunmuşam. Mənə təzyiqlər də olub. Bunu mən özüm üçün eləmirəm, heç bir biznesim-filanım, heç balaca mağazam da yoxdur. Amma görürəm axı, monopoliya Azərbaycana nə qədər ziyan vurur. Yanğına səbəb də elə həmin o monopoliyadır. Biz Azərbaycanda sahibkarın sərbəst işləməsinə imkan verməliyik. Sahibkar ancaq istehsal və vergi ödəməyi fikirləşməlidir. Heç kim onun işinə müdaxilə etməməlidir ".





