Mətbuat icmalı: "kapital Azərbaycandan Türkiyəyə axır"

Şəklin mənbəyi, AFP
“Yeni Musavat” qəzeti Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə müsahibəsi əsasında hazırlanmış yazı dərc edib.
Yazıda deyilir: “Səfir Paskal Mönye həmçinin Azərbaycandakı siyasi məhbus problemi barədə də fikirlərini açıqlayıb. Deyib ki, rəsmi Bakı onların dostcasına dediklərini də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir.
Onun sözlərinə görə, ötən ilin mayında Leyla Yunus və Xədicə İsmayıl səfirlikdə idilər və prezident Fransua Ollandla görüş keçirirdilər:
"Məlum həbslərdən sonra adlarını çəkdikləriniz və digərləri barəsində olan müzakirələr hər siyasi kontakt zamanı gündəmə gəlib. Bunu açıq mətbuata yox, Azərbaycan hökuməti ilə birbaşa danışmışıq. Çünki bunun daha effektiv ola biləcəyini hesab etmişik".
Kapital Bankın sədri dəyişib
“Yeni Musavat” qəzeti fins.az saytına istinadən yazır ki, mayın 27-də “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
“Bankdan sayta verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib.”
Xəbərdə Cəlal Qasımovun mayın əvvəllərində Bank Qrupunun rəhbəri təyin edildiyi, odan əvvəlsə 2013 – 2015-ci illərdə “Unibank”ın icraçı direktoru vəzifəsində işlədiyi deyilir.
Yazıda “Kapital Bankın” yaranması tarixi ilə bağlı da məlumat var: ““Kapital Bank” Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankın hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü il tarixində bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka “Kapital Bank” adının verilməsi qərara alınıb. Hazırda “Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i “Paşa Holdinq”ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir.”
Qəzet ekspertlərə istinadən bildirir ki, “Beynəlxalq Bankdan sonra “Kapital Bank”da da araşdırmaların, təftişin aparılacağı gözlənilən idi. Çünki əgər Beynəlxalq Bankda dövlətin 50,2 faiz payı varsa, “Kapital Bank” da əksər kommunal, vergi, cərimə ödəmələrinin həyata keçirildiyi bankdır. Yəni dövlətin xeyli faiz büdcə yığımı bu bank vasitəsilə həyata keçirilir. Ona görə də dövlət təbii ki, bu bankı da diqqətdən kənar tuta bilməzdi.”
Kapital Türkiyəyə axır
Bugünkü “Azadlıq” qəzetində Azərbaycandan Türkiyəyə kapital axını barədə yazı dərc edilib. Yazıda deyilir ki, “2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb.
“Turan”nın yaydığı məlumata görə, bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib. Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5 faizdir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyub. İnvestorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır.” Yazıda bundan başqa deyilir: “...Aprel ayında “Bloomberg”in yaydığı məlumatda deyilirdi ki, təkcə fevral ayında Türkiyəyə daxil olan mənşəyi naməlum kapitalın həcmi 4.3 millyard dollar olub. Bu kapital axını hesabına Türkiyə tədiyyə balansını yaxşılaşdırıb, valyutaya tələbatını xeyli dərəcədə ödəyib, cari hesablar balansının kəsirini 4.2 faiz azaldıb. Iqtisadçılar bu kapitalda Azərbaycanın da payının ola biləcəyini ehtimal edirdilər. Yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkətin, o cümlədən 16 səhmdar cəmiyyətin yaradılması bu ehtimalların heç də əsassız olmadığını göstərir.”
“Yeni Musavat” qəzeti həmçinin yazır ki, “Beynəlxalq Bank” işinə görə həbs edilmiş “Avesta” konserninin prezidenti, “iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) bu gün sərbəst buraxılıb”.
O deyib: “Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”.
Respublika Günü qeyd olunur
“Azərbaycan” qəzeti özünün bugünkü nömrəsində prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət etdiyi barədə xəbəri dərc edib. Xəbərdə deyilir: “Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi".
"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmağı qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib".
"97 il əvvəl mayın 28-də Tiflisdə qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndən – “Əqdnamə”dən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik amalını daha da gücləndirib".
“Xalq” qəzeti ölkə prezidenti İlham Əliyevin 28 may Respublika gününə həsr olunmuş rəsmi qəbulda iştirak etməsi barədə geniş yazı dərc edib. Qəzet həm də prezidentin mərasimdə söylədiyi nitqi tam olaraq dərc edib. Nitqdən bir parça: “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır. Bir neçə il bundan əvvəl mənim sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu gün səhər mən o abidəni ziyarət etdim".
"Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik institutlar təsis edilmişdi. Siyasi islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi.”





