Mətbuat icmalı: Sahibkarların həbsi şirkətlərin fəaliyyətini dayandırması ilə nəticələnib

Şəklin mənbəyi, AFP
Azadliq qəzeti yazır ki, ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi 28 may – Respublika günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: “1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.” Yazının müəllifi təbrikin məzmununu “ABŞ tərəfindən Azərbaycana demokratiya çağırışı” kimi qiymətləndirir.
Azadlıq qəzeti bugünkü sayında “Əliyev niyə yalnız 42 villadan danışır?” adlı yazı dərc edib.
Yazıdan qısa bir parça:“...Ölkədə qanunsuz tikili yalnız bu ərazidəki villalardan ibarətdirmi? İlham Əliyev başqa qanunsuz tikililərdən xəbərdar deyilmi? Əvvəla, maaşı 1000 – 1500 manat olan məmurların tikdirdiyi 2-3 milyonluq villaların hamısı qanunsuzdur. Çünki bu villalar dövlət əmlakını talamaq hesabına tikilib. İkincisi, İlham Əliyevin rezidensiyasının yaxınlığında “milyonerlər məhəlləsi” adlanan ərazi var. Bu ərazidəki milyonluq villalar qanunidirmi? Ölkə başçısı onların sahibini niyə axtarmır? ...Mərdəkanda, Şüvəlanda, Bilgəhdə nazirlərin 10 milyonluq villaları boylanır, dənizkənarı ərazilər iri məmurların obyektləri, iqamətgahları ilə mühasirəyə alınıb. Bu korrupsiya saçan tikililər barəsində niyə araşdırma aparılmır? Azərbaycanın turizm əhəmiyyətli bütün rayonları məmurlar tərəfindən ələ keçirilib. Bütün səfalı yerlər 5 – 10 adamın nəzarətindədir. Sadə vətəndaşlar bu gözəl məkanları gəzməkdən məhrum olublar...”
Azadlıq qəzeti “Sahibkar həbsləri yeni qalmaqallar yaradacaq” adlı yazı dərc edib. Yazıda qeyd olunur ki, iri sahibkarların həbsi birdən-birə bir neçə şirkətin fəaliyyətinin dayandırılması ilə nəticələnib.
Misal olaraq Avesta Konserninə 6 şirkətin daxil olduğu, bu şirkətlərdən bəzilərinin hazırda yarımçıq qalmış layihələrinin olduğu deyilir. Müəllif yarımçıq qalmış layihələrin aqibətinin necə olacağı sualını verir və şirkətlərin bağlanması nəticəsində insanların iş yerlərini itirməsi məsələsini qabardır.
Yazıda həmçinin bu qrupa daxil olan şirkətlərin fəaliyyətləri haqqında məlumat verilir. Bu şirkətlərdən bəzilərinin Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika, Azal SKB, İran Milli Bankı, Standart Bankla əlaqəli fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd olunur ki,“şirkətin həyata keçirdiyi “Khazar İslands New City”, “Gold City” layihələri də müvəqqəti olaraq dayandırılıb.”
Azərbaycan və Xalq qəzetləri Bakıda yeni istirahət və əyləncə mərkəzinin açılışından və mərasimdə ölkə prezidenti və birinci xanımın iştirakından bəhs edən geniş reportaj dərc edib.
Villalar sökülür, iş adamları tutulur...
Yeni Müsavat, Azadlıq və Ekspress qəzetləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “sökülən və bundan sonra söküləcək villalar barədə” modern.az saytına verdiyi açıqlama barədə yazıb. Yeni Müsavat-ın yazısında deyilir ki, Hacıbala Abutalıbov “tikinti işləri aparılan zaman hansı səbəbdən onlara mane olmayıblar?” sualına cavab olaraq belə deyib: “Çünki onların arxasında elə-belə adamlar durmayıb. Sözsüz ki, bu məsələ dəqiq surətdə araşdırılacaq və onlar layiqli cəzalarını alacaqlar. Biz sökürük, qabağa çıxıb “dayanın!” demirlərsə, deməli, həddindən artıq imkanlı şəxslərdir.”
Yazıda bundan başqa deyilir: “Dəyəri milyonlarla manat olan və dövlətdən oğurlanan pullar hesabına başa gələn həmin villaların sökülməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bir çox siyasətçilər və ictimai xadimlər təklif ediblər ki, əgər həmin villalar, ərazi və insanlar üçün təhlükə yaratmırsa, sökülməsin və dövlət onları müsadirə edərək müəyyən təyinatlar üzrə istifadə etsin.
Yeni Müsavat qəzeti Binəqədi rayonunda yanan binanın bərpası ilə məşğul olacaq Azəraqrartikinti Açıq Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Ağalar Vəliyevdən müsahibə alıb.
Müsahibədə deyilir: “Heç kim, küçədən keçən gəlib binaları təmir edə bilməz. Rayon icra başçısının sifarişçi kimi binanın təmirində istifadə olunan materialdan xəbəri olmaya bilər. ...Hər bir materialın məişət sertifikatı olur. Bu, sifarişçiyə təqdim olunur. ...Heç bir icra başçısının, sifarişçi təşkilatın laboratoriyası yoxdur ki, bunun sertifikatına inanmasın. Desin ki, sertifikatın saxtadır, sənə inanmıram, öz laboratoriyamda yoxlatdıracağam.” Deputat həmçinin həmin materiala inanmadıqlarını da deyib.
Exo qəzeti “Bələdiyyələr ləğv olunmalıdır?” adlı məqalə dərc edib. Davamlı İnkişaf Mərkəzinin rəhbəri Nəriman Ağayev qəzetə müsahibəsində bildirib ki, bələdiyyələri ləğv etmək zəruridir. Onların səlahiyyətləri isə İcra hakimiyyətlərinə verilməli, sonuncular müvafiq yuxarı qurumlar qarşısında hesabat verməlidir.
Onun sözlərinə görə, “bütün problem ondadır ki, bələdiyyələr respublikamızın qanunvericiliyinin onlara verdiyi imkanlardan istifadə etmək istəmirlər, yaxud da bunu hələ öyrənməyiblər. Onlar heç bir müəssisə yaratmırlar, ümumiyyətlə heç nə etmirlər, ancaq vergi toplayırlar. Bu gün bələdiyyələr İcra hakimiyyətinin filiallarına, yaxud şöbələrinə çevrilərək müstəqil şəkildə mövcud deyillər. Bundan başqa, bələdiyyələrin bir çox sıravi işçilərinin təhsil səviyyəsi də qənaətbəxş deyil. Müvafiq olaraq, belə əməkdaşlar öz üzərlərində işləmirlər, təkmilləşmək istəmirlər, sadəcə olaraq vaxt ötürməklə məşğuldurlar.”
Yazıda hətta dövlət başçısının da bu məsələyə toxunmuş olduğu, bələdiyyələrin öz səlahiyyətlərinin olduğunu, lakin onların işini görə bilmədiyini qeyd etdiyi də vurğulanıb.




