Mətbuat icmalı: Yanğınla bağlı 4 həbs və HRW-un Aİ liderlərinə yeni müraciəti

Şəklin mənbəyi, AFP

“Xalq” qəzeti yazır ki, Binəqədi rayonundakı çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar dörd nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Xəbərdə deyilir: “...binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində ... həbs qətimkan tədbiri seçilib.”

“Yeni Musavat” qəzeti yazır ki, Xədicə İsmayılın həbs müddəti 2 gün azadılıb. Məşhur araşdırmaçı jurnalistin vəkili bildirib ki, “X. İsmayılın ev dustaqlığı ilə bağlı məhkəmə qərarından verilən şikayəti təmin edilməyib, barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması haqda qərardan verilən şikayət üzrə həbs müddəti 2 gün azaldılıb.”

“Yeni Musavat”“Azadlıq” qəzetləri ötən həftə vətəndaş cəmiyyəti və Qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırmış ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin səfərinin son anda ləğv edilməsi barədə xəbər dərc edib.

Xəbərdə deyilir ki, Dövlət Departamenti rəsmisi məsələni belə şərh edib: “ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır”.

Xəbərdə həmçinin qeyd olunur ki, “bu fonda Bakı və Vaşinqtonda bəzi müşahidəçilər əgər siyasi məhbuslar azad edilməsə və amerikalıların Azərbaycanda sabitliyi pozmaq istəməsi barədə kampaniyaya son qoyulmasa Obama administrasiyasını Azərbaycanın rəsmi şəxslərinə qarşı “sərt addımlar” atmağa çağırırlar.”

Bundan başqa “Yeni Musavat” qəzetinin bugünkü buraxılışında diqqəti cəlb edən yazılardan biri “Prezidentin sökdürdüyü villalar olan ərazidən reportaj”dır. Müəllif hadisə yerinə gedərək ərazidə işləyən insanlarla danışıb.

Bu günkü qəzetlərin bir çoxu Riqa sammitində Azərbaycanın iştirakı ilə bağlı müxtəlif məqamlara toxunulub. “Azadlıq” qəzeti contact.az saytına istinadən Human Rights Watch təşkilatının yaydığı məlumat barədə xəbər dərc edib. Məlumatda deyilir: “Avropa İttifaqı göstərməlidir ki, hakimiyyət insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmasa Azərbaycanla yaxın əməkdaşlıq mümkün deyil.”