Mətbuat icmalı: Vergi nazirliyi növbəti "qara siyahı" açıqlayıb

Şəklin mənbəyi, AFP
Bu gün qəzetlər nədən yazıb? Vergi nazirliyinin növbəti "qara siyahısı", "AzadlıqRadiosu"nun bəyanatı, Riqa sammitinin bəyannaməsi və digər məsələlər bu günkü mətbuat icmalında.
“Yeni Musavat” qəzeti bugünkü buraxılışında yazır ki, “Vergilər nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb.
Açıqlanan növbəti “qara siyahı”da xeyli fiziki və hüquqi şəxsin adı var. Siyahıda Bakının nəqliyyat sektoruna nəzarət edən “Transqeyt” MMC-nin adı da var. Qəzet bu şirkətin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğunu da qeyd edir. Yazıda həmçinin deyilir: “Ekspertlər inzibati addımların mövcud problemləri həll etməyəcəyini vurğulayırlar. Bildirilir ki, əsasən də oliqarxlara məxsus böyük şirkətlər büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər. …Ekspertlər vergi daxilolmalarında yaranan problemləri ölkədə nizamlı vergi yığımının olmaması ilə izah edirlər. Bu gün dövlətin iri vergi ödəyicilərinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var. Həmin borclar ilbəil daha da artır.”
“Yeni Musavat” qəzeti yazır ki, “BMT baş katibinin xüsusi nümayəndəsi Zeynəb Banqurin münaqişə zonasındakı qadınların vəziyyətinə dair hesabatında İŞİD döyüşçülərinin kölə kimi satdığı qadınlar arasında azərbaycanlıların da olduğunu deyib.” “Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban Zeynalova isə bildirib ki, kölə kimi satılan azərbaycanlı qadınlar əsasən ərlərinin təkidi ilə ölkədən gedənlərdir. O həmçinin deyib ki, həmin qadınların geri, vətənə qayıtması üçün ilk növbədə əsas gün BMT-nin, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatının üzərinə düşür.”
“Azadlıq” qəzeti "AzadlıqRadiosu"nun baş redaktoru Nenad Pecicin Bakı bürosunun bağlanması ilə əlaqədar növbəti bəyanatla çıxış etməsi barədə yazıb. Yazıda deyilir: “Azərbaycan hakimiyyəti qanunsuz və əsassız hərəkət edərək bizim işçi heyətimiz və onların ailə üzvləri üçün dərin və bir çox hallarda silinməz iztirab və köçkünlük yaradıb.” Pecic həmçinin deyib ki, şirkət özünün və işçi heyətinin hökumətin hərəkətləri qarşısında hüquq və maraqlarını müdafiə etmək üçün bütün addımları atmağa hazırdır.
Hökumətin bu hərəkətlərinə radionun Bakı bürosunda reyd keçirilməsi və bu zaman şirkətin sənədlərinin, möhür və avadanlığının qanuni prosedurlara əməl edilmədən müsadirə olunması, Bakı bürosu işçilərinin hüquqi təmsilçiliyi təmin edilməsən dindirilməsi və saxlanması, büronun hüquq nümayəndəsinin məhkəmə prosesindən çıxarılması, heyət üzvlərinin qohumlarının təhdid edilməsi, bəzi işçilərə qanunsuz səfər məhdudiyyətlərinin qoyulması daxildir.”
Bəyanatda həmçinin tanınmış araşdırmaçı jurnalist, "AzadlıqRadiosu"nun keçmiş işçisi Xədicə İsmayılın həbsi məsələsinə də toxunulub: “Xədicə İsmayıl dekabrın 5-də həbs olunub və ona qarşı Azadlıq Radiosunun əleyhinə yönəldilən iddialardan doğan ittihamlar əsasında hələ də həbsxanada saxlanır.”
Bundan başqa bəyanatda deyilir: “Biz Azərbaycan hökumətini son təməl haqlara və azadlıqlara olan öhdəliklərini yerinə yetirməyə, öz vətəndaşlarını incidən və ölkənin gələcəyini şikəst edən repressiya kampaniyasına son qoymağa çağırırıq.”
Riqa sammiti
Bügünkü qəzetlər Riqa sammitinin yekunlarına xüsusi yer veriblər. “Azadlıq” qəzeti yazır ki, “Avropa İttifaqı “daha çox islahat, daha çox dəstək” formulunu seçdi. Yalnız islahatlar sahəsində ciddi uğurlar qazanan ölkələr Avropa Birliyinin daha böyük dəstəyinə ümid edə biləcək.” Yazıdan qısa parça: “Sammit iştirakçıları Ukrayna və Gürcüstanla Avropa İttifaqı arasında viza rejimininliberallaşdırılması sahəsindəki tərəqqini alqışlayır. … Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstanda kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə yeni proqram reallaşdırmağa başlayıb.”
Qəzetin yazdığına görə “Azərbaycan hökuməti bu sənədi çox çətinliklə imzalayıb. Hökumət əvvəlcə Bəyannaməni imzalamağa razılaşmayıb. Yayılan məlumatlara görə Avropa Komissiyasının prezidenti Donald Tusk iki dəfə telefonla İlham Əliyevlə danışmalı olub.”
Bugünkü “Xalq” qəzeti yazır: “Riqa sammitinin bəyannaməsində enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu qeyd edilib.” Yazıda sammitin bəyannaməsinə istinadən deyilir: “Gələcək islahatlar prosesində Gürcüstan, Moldova və Ukrayna ilə assosiasiya haqqında müqavilələr, Azərbaycanla yeni, daha geniş müqavilə üzərində planlaşdırılan iş, Ermənistanla yeni ikitərəfli müqavilənin çərçivələri barədə saziş və Belarus ilə münasibətlərin güclənməsi təsdiq edir ki, biz bu dövlətlərlə əməkdaşlıq sahəsində sabit qaydada və sürətlə irəliləyirik”.
Bundan başqa qeyd olunur ki, “bəyannamədə, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə maraq göstərildiyi bildirilib. Cənub qaz dəhlizi layihəsininhəyata keçirilməsində, Transanadolu və Transadriatik boru kəmərinin istismara verilməsində Azərbaycanın xüsusi rol oynadığı qeyd edilib.”





