Mətbuat icmalı: Bakıda dəhşətli yanğın və bir daha hüquq və azadlıqların pozulması barədə

Şəklin mənbəyi, AFP
Bu gün “Azərbaycan” və “Xalq” qəzetlərinin ön səhifəsi Azərbaycan Prezidentinin Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirakına həsr olunub.
“Xalq” qəzeti Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Prezident Sərəncamını, Baş Prokurorluq, FHN və DİN-in yanğın hadisəsi ilə bağlı məlumat yayması, prezidentin yanğının səbəbinin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıq verməsi barədə xəbərləri dərc edib. Qəzet bundan başqa Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun bəyanatına da yer ayırıb. Hacıbala Abutalıbov bildirib ki, “evləri yanan sakinlərə ən yüksək məbləğdə maddi kömək göstəriləcək, məktəbli uşaqlar üçün avtobuslar təşkil olunacaq.”
Qəzetdə dərc edilmiş Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, “xəstəxanalarda olan yaralıların həyatı üçün təhlükə yoxdur.”
“Azadlıq” qəzeti mayın 19-da Bakıda baş vermiş yanğınla bağlı geniş məlumat və müəlliflərin fikrini ifadə edən bir neçə yazı dərc edib. Yazılardan biri “Bakını fəlakət meydanına çevirənlər… Avropaya bunu da göstərin!” adlanır. Yazıda deyilir: “İstəmirik sizin “altı təzək, üstü bəzək” təmirinizi, qoy kasıb binalarımızda yaşayaq, ancaq təhlükəsiz yaşayaq! Əgər bu örtüklər yaxşı şeydirsə, onu vurun saraylarınıza, villalarınıza… İndi bu miqyasda fəlakətə görə kim məsuliyyət daşıyacaq? Bu materiallardan tikintidə istifadəyə və ya onun keyfiyyətinə nəzarətə məsul olanlar niyə susur?”
“Yeni Musavat” qəzeti Binəqədi rayonunda baş vermiş yanğını “məmur terroru” kimi qiymətləndirib. Müəllif düşünür ki, “bu məmləkətdə əcaib və feodal idarəçilik fəlsəfəsi, təsərrüfatsızlıq, korrupsiya və inhisarçılığın yaratdığı, altını isə daim sadə xalqın çəkdiyi cinayətkat mühit dərhal aradan götürülməlidir. Məmur özbaşınalığı və dərəbəyliyə, total hüquqi özbaşınalığa son qoyulmalı, qanunların işləkliyi, məhkəmələrin müstəqilliyi təmin edilməlidir. ...bütövlükdə idarəçilik sistemi, idarəçilik fəlsəfəsi dəyişməli, qanun qarşısında hamının bərabərliyi təmin edilməlidir.”
“Azadlıq” qəzetində “Azərbaycanda hüquq və azadlıqların pozulması dövlət siyasətidir” adlı yazı dərc edilib. Yazı İnsan Hüquqları Evi (Human Rights House) və Freedom Now təşəbbüsünün açıqladığı hesabat barədədir. “Hesabatda qanunsuz həbslər və təqiblər, dövlətin pozduğu beynəlxalq standartlar təhlil edilir. Avropa oyunları ərəfəsində repressiyalarda məqsəd tənqidi fikirləri susdurmaqdır. Siyasi hüquqların pozulmasından başqa hakiiyyət korrupsiyanı tənqid edənləri də susdurmağa çalışır. Odur ki, hakimiyyət müstəqil KİV və QHT-ləri sıradan çıxarmaq siyasətini yürüdür”, deyə qəzet contact.az saytına istinadən yazır.
“Azadlıq” qəzeti ölkə prezidentinin III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışa reaksiya verərək “İlham Əliyev hansı azadlıqdan danışır?” adlı məqalə dərc edib. Məqalədə deyilir: “Söhbət iqtisadi azadlıqlardan gedirsə, vəziyyət olduqca şəffafdır.
Bu ölkədə iqtisadiyyatın bütün sahələri məmurların inhisarındadır. Dərman preparatlarından tutmuş banana qədər bütün məhsulları hakimiyyət nümayəndələri öz aralarında bölüşdürüb. Azərbaycanda gömrük sisteminin, vergi sisteminin insanları müflisləşdirməsi də faktdır. Elə bir sistem yaradılıb ki, vətəndaş qazancının 80 faizini hakimiyyətin yaratdığı kassaya ödəməli olur. Xırda sahibkardan o qədər qeyri-rəsmi ödəniş tələb edilir ki, həmin sahibkar peşəsindən əl çəkməyə məcbur olur”. Məqalədə müəllifin ölkədəki mətbuat azadlığı, siyasi və dini azadlıqlar, sərbəst toplaşma azadlığı barədə fikirləri də öz əksini tapıb.





