Mətbuat icmalı: Mədəniyyətlərarası Dialoq və oliqarxlar

Şəklin mənbəyi, AFP

Azərbaycan mətbuatı bu gün Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və iş adamlarının həbsi barədə yazıb.

Azərbaycan və Xalq qəzetləri Bakıda işə başlamış III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə geniş məlumat və prezident İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışını dərc edib.

Çıxışda deyilir: “Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı.

"Biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olub. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.”

“Oliqarxlar ölkədən vəsaitlərini çıxartmağa çalışacaqlar”

Yeni Musavat qəzeti həmçinin oliqarxların həbsinin ölkədən kapital axınını artıra biləcəyi barədə ekspertlərin fikrini soruşub. Ekspertlərin fikirləri müxtəlifdir.

Qubad İbadoğlu və Vüqar Bayramov bu həbslərin ölkədən kapital axınına təkan verəcəyini düşünmürlər. Əgər Qubad İbadoğlu bunu “Bankdan kredit adı ilə götürülmüş pulların çoxdan kapitallaşdığı və onların böyük hissəsinin çoxdan ölkə hüdudlarından kənarda olduğu” ilə izah edirsə, Vüqar Bayramov bu həbslərin “real bizneslə məşğul olan və maliyyə öhdəliklərini yerinə yetirənləri əhatə etməməsi” ilə izah edir.

Natiq Cəfərli isə, əksinə, baş verənlərin “kapitalın güclü axını, qaçışına” səbəb olacağını deyib. “Biznesə həssas yanaşılacaq, yatırımlardan qaçılacaq. Oliqarxlar ölkədən vəsaitlərini çıxartmağa çalışacaqlar.”

Azadlıq qəzeti də “Cahangir Hacıyevin işi” ilə bağlı məqalə çap edib. Yazıda deyilir ki, "Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub".

Qəzet həmçinin xatırlatma kimi ölkə üzrə kredit portfelinin 60 faizinin Beynəlxalq Bankın payına düşdüyünü qeyd edib. Bundan başqa yazıda Hacı Məmmədovun bandası tərəfindən sifarişlə qətlə yetirilmiş “Qara polkovnik” kimi tanınan polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynovun işinə də toxunulur.

Vəkili Kamandar Nəsibova istinadən qeyd olunur ki, o 318 milyon dolları mənimsəməkdə ittiham olunur. Adil Hüseynova məxsus olan, Böyük Britaniyada qeydiyyatdan keçmiş “KINGSWAY TRADE LLP” şirkətinin nəğd vəsaitlərinin həcminin 2014-cü ildə kəskin şəkildə artması rəqəmlərlə qeyd olunur.