Oliqarxların həbsi müxalif və rəsmi mediada

Şəklin mənbəyi, Getty

Azərbaycanda bir neçə oliqarxın həbsi müxalifyönlü mediada geniş işıqlandırılıb. Rəsmi mətbuat isə hadisənin üzərindən sükutla keçib.

Müxalif media

Müxalifət mediası bu xəbəri o özəl xəbər saytı olan virtualaz.org saytından əldə edib. Xəbərdə deyilir ki, 70 nəfər oliqarx uzun müddət əvvəl Azərbaycan Beynəlxalq Bankından əldə etdikləri milyardlarla dolları geri ödəyə bilmədikləri üçün həbs ediliblər.

Müxalifət mediası həbslərin arxasında dayana biləcək müxtəlif nəzəriyyələrlə bağlı ətraflı məqalələr dərc edib. Baş verənlər rəsmi mediada işıqlandırılmayıb.

Müxalif Müsavat partiyasına bağlı Yeni Müsavat qəzeti iddia edib ki, televiziya kanalları və rəsmi mətbuat həbsləri işıqlandırmamaqla bağlı təlimat alıb.

Rəsmi, hakimiyyətyönümlü media

Rəsmi və hakimiyyətə yaxın olan mətbuat və televiziya kanalları hadisəyə ümumiyyətlə məhəl qoymayıblar.

Lakin dövlətə məxsus AzTV və özəl ANS TV Prezident Əliyevin yerli iş adamlarına “problemlərdən” yayınmaq üçün qanunlara əməl etməsi ilə bağlı xəbərdarlığını əks etdirən görüntülər nümayiş etdiriblər.

Dövlət başçısı 14 mayda Bakıda keçirilmiş Azərbaycan-Vyetnam biznes forumunda bu barədə danışıb. Lakin o, oliqarxların həbsinə açıq istinad etməyib.

Hökumətə yaxın APA xəbər agentliyi və hökumətyönlü 1news.az və day.az saytları şərh vermədən hadisəni işıqlandırıblar.

İnternet istifadəçiləri sevinir

Sosial media istifadəçiləri isə həbsləri təqdir edib və bildiriblər ki, bu, hakimiyyətdaxili çəkişmənin bir hissəsidir və indi hüquq-mühafizə orqanlarının hədəfində nazirlərdir. Hadisəyə rəsmi şərh verilməyib.

Məqalə BBC Monitoring-in materialları əsasında hazırlanıb