Azərbaycan müxalifəti biznesmenlərin iddia olunan həbslərini pisləyir

Şəklin mənbəyi, AFP
Azərbaycanın müxalifət fəalları çox sayda iri sahibkarların iddia olunan həbsləri ilə bağlı narahatlıq bildiriblər. Son günlərdə kredit üzrə ödənişlərini etməyən və ya edə bilməyən şəxslərin kütləvi həbsləri barədə media xəbərləri yayılır.
“Azadlıq” qəzeti yazır ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Azərbaycan Beynəlxalq Bankından milyardlarla manatın mənimsənilməsi ilə bağlı 70-dək nüfuzlu iş adamını həbs edib.
Lakin bu xəbərlərin əksəriyyəti rəsmən təsdiq edilməyib. Hökumətin nəzarətində olan APA agentliyi yalnız bir biznes adamının dələduzluq və ictimai mülkiyyətin mənsimsənilməsi ittihamı ilə həbs edildiyini bilririr.
“Reketçilik”
Ana müxalifət partiyası olan AXCP-nin lideri Əli Kərimli bu həbsləri “reketçilik” kimi qiymətləndirib.
“Sizin hökumətin antiböhran hərəkətindən xəbəriniz varmı? Onlar bir gündə 70 biznesmeni həbs ediblər. Bunlar adi insanlar yox, dövriyyələri 100 milyard manatlarla ölçülən sanballı biznesmenlərdir” – deyir Kərimli.
O bildirib ki, hakimiyyətin hərəkətləri “reketçilikdən və dövlət səviyyəsində şoudan başqa heç nə deyil”.
Əli Kərimli bildirib ki, bu hərəkətlərin ölkə iqtisadiyyatı üçün “fəlakətli” nəticəsi olacaq.
“Ölkənin iqtisadiyyatına yeni investisiyaları cəlb etmək asan olmayacaq. Bundan əlavə ölkədən pul axını artacaq və beləliklə, iqtisadi iflas daha da sürətlənəcək” – deyib AXCP lideri.
Bu hələ jurnaldır...
Müxalifət yönümlü iqtisadiyyat eksperti Natiq Cəfərliyə görə son hadisələr ölkədə hətta hökumətin himayəsi altında fəaliyyət göstərən bizneslərin qarantiyasız olduğunu nümayiş etdirib.
“İş adamlarını ona görə tuturlar ki, onların "yiyələrinə" mesaj olsun, bu ölkədə "yiyəsiz" ayda, maksimum, 10-15 min qazanmaq olar, milyonların "yiyəsi" olur. Azərbaycanda bütün irili-xırdalı məmurlar, iş adamları bilməlidirlər ki, bu ölkədə onların heç nəyi yoxdur, hər an her şeyi əllərindən ala bilərlər, hətta azadlıqlarını da. Son olaylar biznes mühitinin tabutuna son mismarlar oldu: əvvəl xarici və yerli iş adamları qanunlar deyil, "yiyə" axtarırdılar, ona arxayın olub iş qururdular, "yiyə" - qarant idi. Artıq bu sxem de çökdü, ölkede pul azaldıqca, "piroq" kiçildikce, "yiyələrin" davası başlayacaq. Yəni, bu hələ jurnaldı, kino qabaqdadı... “ – yazır iqtisadçı özünün Facebook səhifəsində.
Ciddi qarşıdurma
Mayın 13-də “Azadlıq” qəzeti yazır ki, sözü gedən hadisələr hakimiyyət daxilində “ciddi qarşıdurmaya səbəb olacaq”.
“Məsələ burasındadır ki, Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. “Beynəlxalq Bank işi” isə yuxarıda qeyd etdiyimiz kimi DIN-ə tapşırılıb. Daxili işlər naziri Ramil Usubovla Eldar Mahmudov arasında münasibətlər onsuz da gərgindir. İndi Ramil Usubovun əlinə düşən fürsətdən yararlanacağı, Eldar Mahmudovun isə buna qarşılıq verəcəyi gözləniləndir” – deyilir məqalədə.
Müxalifətçi “Yeni Müsavat” qəzeti hökumət daxilində anonim mənbəyə istinadən yazır ki, sosial partlayışa çevrilə biləcək iqtisadi problemlərin önlənməsi üçün iyunda keçiriləcək Avropa Oyunlarından sonra hökumətdə ciddi “təmizləmə” prosesinə start veriləcək.
“Başlanan həbslər bunun işartısıdır” – yazır qəzet.
“Qəribə sakitlik”
Müxalifətyönlü Turan xəbər agentliyi “dövlətin milyonlarla dollarlıq vəsaitinə qarşı fırıldaqçılığa” görə həbslərlə əlaqədar hökumətin sükutu qəribə görünür.
Turan əlavə edib ki, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı bütün kreditlərin 60 faizini verib. Agentlik iddia edir ki, Cahangir Hacıyevin rəhbərliyi dövründə ona yaxın olan şəxslərə ucuz kreditlər verilib.
“Ölkə gəlirlərinin azalmasına səbəb neft qiymətlərinin qlobal düşməsi və manatın maliyyə sistemində ciddi problemlər yaradan devalvasiyasıdır” – yazır Turan.
Məqalə BBC Monitoring-in materialları əsasında hazırlanıb




