Facebook-da keçmiş liderin "dəbdəbəli ad günü" tənqid olunur

Azərbaycanda Facebook istifadəçiləri mayın 10-da Bakıda mərhum prezident Heydər Əliyevin ad gününün bahalı və ifrat dəbdəbəli keçirilməsini kəskin tənqid ediblər.
İstifadəçilər deyirlər ki, “Gül bayramı”na israf olunan milyonlardan insanlara kömək üçün, məsələn onlara bank kreditlərinin ödənməsində kömək üçün, fabriklərin tikintisi və ya təhsil üçün istifadə etmək olardı.
Hazırkı prezident İlham Əliyevin atası, 2003-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat etmiş Heydər Əliyevin bu il 92 yaşı olmalıydı.
Bakı icra hakimiyyəti hər il mayın 10-da “Gül bayramı” keçirir.
Təəccüblü
Facebookdakı debatlar müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri, habelə “Yeni Müsavat” qəzeti və müxalifət yönümlü Meydan TV saytının postları ilə fəallaşıb.

AXCP lideri Əli Kərimli yazıb ki, “Gül bayramı”nın bu il, “sosial gərginliyin dözülməz hala çatdığı bir vaxtda” keçirilməsi müxalifəti və bir çox insanları xüsusilə təəccübləndirib.
O yazır ki, bu tədbirin keçirilməsi ya “xalqa hörmətsizlikdir”, ya da “hökumət vəziyyətin nə dərəcədə gərgin olduğunu başa düşmür”.
Əli Kərimli milli valyutanın 34 faizli devalvasiyasını, qiymət artımını və adamların bank kredirtləri üzrə ödənişləri etməkdə çətinliklərini yada salıb.
İki milyon gül neçəyədir?
Hakimiyyət bayram üçün 2 milyon gül alındığını bildirsə də, bunun neçəyə başa gəlməsindən heç bir məlumat verməyib.
Meydan TV bildirir ki, “Gül bayramı” ənənəsi başlanan 15 ildən bəri bu tədbirə dövlət büdcəsindən 200-250 milyon dollar xərclənib.
Bir neçə istifadəçi mayın 17-ə “Talana son!” şüarı ilə müxalifət mitinqinin nəzərdə tutulduğunı xatırladıb, bəziləri “xalqı səfalət içində yaşadan” hakimiyyətə qarşı kütləvi etirazlara çağırıblar.
"Nabi S. Novruzov" adlı istifadəçi xalqa müraciət edib: "Əgər cəsarətiniz varsa küçə etirazlarına çıxın”.
"Saqif Qurbanov" isə izah etməyə çalışır ki, bu pullar ictimaiyyətə məxsusdur və xalq onun israf olunmasına görə “intiqam” almalıdır.
"Senuber Huseynova" adlı istifadəçi yazır: “Xalq hər şeyi yaxşı bilir. Amma xalqın adından danışmaq istəyəni həbsxanaya atırlar”.
Göyə sovrulan pullar
Bəzi istifadəçilər yazırlar ki, adamlara kömək üçün istifadə olunmalı pullar göyə sovrulur.

"Ferid Ferecov": “Bu pullara fabrik-zavodlar tikmək olardı”.
"Elnur Shiriyev" adlı istifadəçi kinayə ilə yazır: "Mən çox razıyam. Qoyun lap mən acından ölsəm də, təki gül bayramı olsun”.
"İlham Huseyn" gül bayramını xalqa təhqir adlandırır. Onun fikrincə hakimiyyət bununla göstərmək istəyir ki, pulu adamlara verməkdənsə zibil yeşiyinə tullamağa üstünlük verir.
Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində şərh yazan 29 nəfər gül bayramını “israfçılıq” adlandırıb.
Torpağı erməni işğalçılardan alın
Bəzi istifadəçilər yazırlar ki, belə tədbirləri keçirməkdənsə, erməni işğalında olan torpaqları azad etmək lazımdır.
"Vuqar Memmedov" yazır ki, Azərbaycana indi gül bayramları və olimpiadalar yaraşmaz. Bunun əvəzində ölkə silaha sarılıb işğal altında olan torpaqları geri almalıdır.
Məqalə BBC Monitoringin materialları əsasında hazırlanıb.




