Sosial media Bakıda portret və sitatların yığışdırılmasını lağa qoyur

Şəklin mənbəyi, Aziz Kerimov
Azərbaycanda Facebook istifadəçiləri hazırkı prezident İlham Əliyevin və onun atası, keçmiş prezident Heydər Əliyevin portret və sitatlarının ölkə paytaxtının müxtəlif yerlərindən yığışdırılması barədə xəbərlərə kinayə ilə reaksiya veriblər.
Azadlıq radiosunun Azərbaycan xidməti mayın 15-də İlham Əliyev və onun atasına məxsus portret və kəlamların yeraltı keçid, körpü və başqa yerlərdən götürüldüyü barədə xəbər vermişdi. Bu barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
Azadlıq radiosunun Facebook səhifəsində şərh yazanların əksəriyyəti bildirirlər ki, bu, Bakıda iyun ayında keçiriləcək Avropa Oyunları dövründə ölkədə Əliyevlərin şəxsiyyətinə pərəstişin əlamətlərinin görünməməsi üçün edilir.
“Onlar bununla demək istəyirlər ki, ölkədə heç bir diktatorluq yoxdur. Yəni sevimli qonaqlarımız bizi Şimali Koreya ilə müqayisə edə bilməsinlər” – yazıb "Shems Mustafazadeh" adlı istifadəçi.
Sözləri ilə özləri də getsəydilər…
"Odlar Yurdu Azerbaycan" adlı istifadəçi Heydər Əliyevin portretlərini Sovet İttifaqında Leninin portretlərinin yayılmasına bənzədir. “Yaxşı olardı ki, portretləri və sitatları ilə birlikdə özləri də gedəydilər” – yazıb "Gunel Isayeva".
Bəzi istifadəçilər yazırlar ki, Oyunlar qurtaran kimi portretləri yerlərinə qaytaracaqlar. “Avropa Oyunlarından sonra hər şey normal vəziyyətinə qayıdacaq" – yazıb istifadəçi "Emil Mammadov".
"Ramil Bayramli" isə bunu “İki aylıq demokratiya” adlandırıb.
Heydər parklarının da adı dəyişdirilsin
"Lap gülməyim gəlir. Avropa diktatorları yaxşı tanıyır. Portretləri yığışdırmağın xeyri olmayacaq” – yazıb "Sadiq Qara".
"Avropa Oyunlarından sonra təzə sitatlar olacaq – yazır “Parvin İmran, - Ümummilli lideri Avropa Oyunlarından əvvəl unudub, Oyunlardan sonra təkrar yadımıza salacağıq”.
"Mark Fogelson" adlı istifadəçi sitatları turistlər üçün tərcümə etməyi məsləhət görüb.
İstifadəçi "Isgenderli Orxan" isə təklif edir ki, elə Heydər Əliyev parklarının da adlarını dəyişmək lazımdır.




