Azərbaycan: Avropa Oyunları və Avropanın narahatlığı

Neftlə zəngin Azərbaycan ölkədəki insan haqlarının vəziyyətindən xarici və daxili narahatlıqlar, müxalifətin narazılığı, tədbirə ictimai dəstəyin yoxluğu, milli valyutanın məzənnədən düşdüyü və qonşu Ermənistanla ərazi münaqişəsinin davam etdiyi bir şəraitdə, iyun ayında ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.

Xaricdə mənzillənmiş bir sıra qruplar insan haqlarının vəziyyətinə görə tədbirin boykotuna çağırırlar, azərbaycanlılar isə Oyunlara gələn qonaqların nəqliyyat və yaşama xərclərinin hökumət tərəfindən ödənməsi planlarına qəzəblidirlər.

Azərbaycan müxalifəti iddia edir ki, Oyunlara ümumilikdə 8 milyard dollar xərclənəcək, hökumət isə bu rəqəmin 1, 2 milyard dollar olduğunu, neft qiymətlərinin düşməsi ilə bağlı bir qədər də azaldıldığını iddia edir.

<link type="page"><caption> Həmçinin oxuyun: Avropa Oyunları 2015 nədir, necə keçəcək, yarış nəyin uğrunda olacaq?</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/03/150305_baku_2015_european_games" platform="highweb"/></link>

Azərbaycanın düşməni Ermənistanın da idmançıları bu yarışa qatılacaqlar, hərçənd münaqişə bölgəsi olan Dağlıq Qarabağda atəşkəs rejimi tez-tez pozulur.

Oyunlar haqqında

Şəklin mənbəyi, Aziz Karimov

Avropa Olimpiya Komitəsi tərəfindən Asiya Oyunlarına və ya Pan-Amerika Olimpiadasına bənzər şəkildə planlaşdırılan Avropa Oyunları Bakıda, iyunun 12-28-də keçiriləcək.

Bir çox idmançılar bu tədbiri 2016-ci il Rio de Janeyro Olimpiadası ərəfəsində yaxşı hazırlıq fürsəti kimi qiymətləndirirlər. Bakı isə bu ümiddədir ki, indiki tədbirə ev sahibliyi gələcəkdə onun olimpiadalar üçün ev sahibliyi iddialarını gücləndirə bilər.

Bakı 50 ölkədən 6000 idmançınınm iştirak edəcəyi Oyunlardan Azərbaycanı beynəlxalq miqyasda təbliğ etmək üçün faydalanmaq niyyətindədir. Prezident İlham Əliyev hələ yanvar ayında demişdi ki, bu tədbir qonaqlarrın “Azərbaycanın uğurlu inkişafını” görməsi üçün imkan yaradacaq. Birinci ledi Mehriban Əliyeva isə Oyunların olimpiada səviyyəsində keçiriləcəyini demişdi.

Bakının ilk Avropa Oyunları üçün məkan kimi seçilməsi bir çoxlarında skeptisizm yaratmışdı, belə ki, Azərbaycan ənənəvi olaraq idman ölkəsi kimi tanınmır. Lakin hökumət mediası israr edir ki, Bakı Oyunlarında Avropanın ən yaxşı idmançıları yarışacaqlar.

2015-ci ildə Azərbaycan, həmçinin Dünya Şahmat Çempionatına, 2016-cı ildə isə Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Aprelin 19-da Formula 1-in rəhbəri Bernie Ecclestone bəyan edib ki, 2016-cı ilin Grand Prix yarışı Bakıda keçiriləcək.

Buna əlavə olaraq 2020-ci ildə Avropa Futbol Çempionatının bir dördə bir final matçı da daxil olmaqla, üç oyunu Azərbaycanda oynanacaq. 2017-ci ildə isə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək niyyətindədir.

Bəzi xəbərlərə görə, Azərbaycan həm də 2024-cü ilin Olimpiya Oyunları üçün rəsmi namizədliyini elan etməyə hazırlaşır.

Bundan əvvəl Bakının 2016 və 2020-ci ilin olyunları üçün namizədlikləri uğur qazana bilməyib. 2024-cü il Olimpiadasının keçiriləcəyi şəhər 2017-ci ildə elan edilməlidir.

İnsan haqları

Azərbaycanda insan haqlarının vəziyyəti son aylarda xüsusilə pisləşib və çox sayda hökumət tənqidçisi hazırda dəmir barmaqlıqlar arxasındadır.

Xəbər verilir ki, həbsdə olanlara və məhkəməsini gözləyənlərə qarşı bir-birinə bənzəyən və sual doğuran ittihamlar irəli sürülüb.

Beynəlxalq insan haqları qrupları hökumətdən həbsxanalarda olan fəalların dərhal azad olunmasını tələb edirlər. Bu təşkilatlar həmçinin Avropa liderlərinə və beynəlxalq icmaya müraciət edərək Oyunların açılış mərasimi və ya bütövlükdə tədbiri boykot etməyə çağırıblar. Onlar həmçinin Bakı rəsmilərinə qarşı sanksiyaların qoyulmasını tələb edirlər.

2014-cü il ərzində Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti üzərinə təzyiqlərini artıraraq onlarca insan haqları kampaniyaçısını fırıldaqdan tutmuş dövlətə xəyanətədək ən müxtəlif ittihamlarla məhkum edib, QHT-ləri bağlayıb.

Avropa İttifaqı, Vaşinqton və beynəlxalq qruplardan gələn tənqidlər Bakı tərəfindən bir qayda olaraq rədd edilir.

2012-ci ildə Eurovision Mahnı Müsabiqəsindən əvvəl olduğu kimi Bakı Suriya kimi yerlərdə döyüşmüş onlarca şəxsi məhkum etməsi ilə lovğalanır.

Erməni idmançıların iştirakı

Ermənistasnda qızğın debatlardan sonra rəsmi Yerevan martın 10-da erməni idmançıların Avropa Oyunlarına göndərilməsinə qərar verib.

<link type="page"><caption> Həmçinin oxuyun: Bakı Oyunları: Azərbaycan bütün ölkələrin xərclərini ödəyəcək </caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/02/150224_guardian" platform="highweb"/></link>

Bakı və Yerevan Qarabağa görə texniki olaraq müharibə vəziyyətindədirlər. 1994-cü ildən bəri Azərbaycanın bir sıra əraziləri etnik erməni qüvvələrinin nəzarətindədir. 1994-cü ildə imzalanmış artəşkəs sazişi tez-tez pozulur və tərəflər buna görə qarşılıqlı ittihamlarla çıxış edirlər.

Qarabağda davam edən toqquşmalara baxmayaraq, Azərbaycan iddia edir ki, Oyunların təhlükəsizliyinə tam zəmanət veriləcək.

"Anti-Azərbaycan" kampaniyası

Atəşkəsin tez-tez pozulmasına baxmayaraq hökumət Bakı Oyunlarının təhlükəsizliyinə zəmanət verir.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Atəşkəsin tez-tez pozulmasına baxmayaraq hökumət Bakı Oyunlarının təhlükəsizliyinə zəmanət verir.

Hökumətə meylli media iddia edib ki, Oyunların ərəfəsində ölkənin gözdən salınmasına yönəlmiş kampaniyanı "anti-Azərbaycan şəbəkəsi" və "erməni lobbisi" maliyyələşdirir.

Hakim Yeni Azərbaycan Partiyasına rəğbətli qəzetlər, internet saytları və millət vəkilləri bildirirlər ki, yerli "antimilli" qüvvələrin xarici dairələrin dəstəyi ilə apardığı kampaniya iflasa uğrayacaq. Onlar bu qənaətdədirlər ki, bütün bunlar "Azərbaycanın artmaqda olan beynəlxalq uğurlarına" paxıllıqdan irəli gəlir.

Onlar həmçinin deyirlər ki, ilk Avropa Oyunlarına alternativ kimi 2018-ci ildə Qlazqo və Berlində müştərək ev sahibliyi ilə Avropa İdman Çempionatlarının keçiriləcəyinə dair xəbərləri yalnız "bədxahlar" yaya bilərlər.

Millət vəkili Leyla Abdullayeva parlamentin mətbu orqanı "Azərbaycan" qəzetində dərc olunan şərhində bildirir ki, Amnesty International, Freedom House, Human Rights Watch və Azadlıq Radiosu kimi “bəzi qruplar” “demokratiya pərdəsi” altında idmandan siyasi alət kimi istifadə etməyə çalışırlar.

Populyar hökumət yönlü day.az xəbər portalında dərc olunmuş məqalədə təəssüf edilir ki, “bir sıra yerli media qurumları və siyasi fiqurlar Azərbaycan haqqında şübhəli mənbələrdən gələn yalanları yaymaqla məşğuldurlar”.

“Belə bir təəssürat yaradılır ki, guya azərbaycanlılar Oyunların keçirilməsinə sevinmirlər” – məqalədə deyilir.

Təhlili BBC monitorinq hazırlayıb