Bakı Oyunları: Azərbaycan bütün ölkələrin xərclərini ödəyəcək

Şəklin mənbəyi, Getty
Bakının ev sahibliyi etdiyi Avropa oyunlarında Azərbaycan təkcə Böyük Britaniyanın deyil, iştirak edən bütün ölkələrin iştirak xərclərini ödəyəcək.
BBC Dünya Xidmətinin idman üzrə redaktoru BBC Azərbaycancaya izah edib ki, bunu Bakıya ev sahibliyi hüququnun verilməsinin "şərtlərindən" biri də adlandırmaq olar.
"Lap əvvəldə, 2012-ci ildə ev sahibliyi <link type="page"><caption> Bakıya veriləndə</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/12/121208_baku_european_olympics" platform="highweb"/></link> [təşkilatçılar] demişdilər ki, bütün milli assosiasiyalar üçün "xərclər neytral olacaq". Yəni, bunu əslində əvvəldən bilirdik", Ben Sutherland deyir.
Çərşənbə günü Britaniyanın "The Guardian" qəzeti xəbər verib ki, Britaniya Olimpiya Assosiasiyası (BOA) Bakıda keçiriləcək ilk Avropa oyunlarının təşkilatçılarının Britaniya idmançılarının yarışa qoşulması üçün pul ödədiyini etiraf edib.
"Qeyri-adi"
İştirakçıların xərclərinin sahib ölkə tərəfindən ödənilməsi adi hal deyil: "Olimpiya oyunlarında, dünya çempionatlarında, digər böyük [idman tədbirlərində] belə olmur. Əgər iştirak etmək istəyirsənsə, xərcini də ödəyirsən", əməkdaşımız izah edir.
Bakı 2015 təşkilatçılarının məlumatına görə, oyunlarda 5000-dən çox idmançının iştirak edəcəyi gözlənilir.
Olimpiya Oyunları zamanı təxmin edilir ki, atletbaşı xərc 24 000 funt (39 000 AZN) digər nümayəndələr üçün isə 10 000 funt (16 000 AZN) olub.
"Bu baxımdan aydındır ki, pul Azərbaycan üçün problem deyil", Sutherland deyir. "Belə olmasaydı, Britaniya Bakı oyunlarına o qədər idmançı göndərməzdi".
Böyük Britaniyanın Azərbaycana göndərdiyi 240 nəfərlik nümayəndə heyətində 160 atlet olacaq.
İnsan haqları narahatlıqlarını "ört-basdır etmək"
The Guardian qəzetinin müxbiri Owen Gibson yazır ki, təşkilatçılar bu addımı hüquq müdafiə qruplarının hökumətin söz azadlığına təzyiqləri ilə bağlı hücumlarının təsiri altında atıblar.
Britaniya komandasının 2016-cı ildə Rio Olimpiadasında da eyni vəzifəni yerinə yetirəcək missiya rəhbəri Mark England qəzetə deyib ki, komandanın yarışlara göndərilməsi xərci əsasən təşkilatçılar tərəfindən ödəniləcək. "Təşkilat komitəsindən iştirak qrantı almışıq. Ümumiyyətlə, Böyük Britaniya komandasının, ümid edirik ki, heç bir xərci çıxmayacaq", o bildirib.

Azərbaycanda müxalif səslərin boğulması cəhdlərinin tənqidi 18 olimpiya və qeyri-olimpiya idman növü üzrə 5000-dən çox idmançının iştirak edəcəyi oyunlara hazırlığa kölgə salıb. Amnesty International və Human Rights Watch ötən həftə prezident İlham Əliyev rejimini bir daha tənqid edib.
İnsan haqları qrupları Azərbaycanda təqribən 100 siyasi məhbusun olduğunu bildirir.
Cənab Englandın sözlərinə görə, o, insan hüquqları ilə bağlı tənqidlərdən xəbərdardır. Lakin idmançılardan Azərbaycanın imicini ört-basdır etməyə kömək üçün istifadə edildiyini inkar edib.
"Qabaqcıl Olimpiya komitəsi olaraq biz bundan xəbərdarıq. Biz sizin yazılarınızı oxuyuruq. Bu bir idman hadisəsidir və bir missiya rəhbəri kimi buna şərh vermək mənim vəzifəm deyil", o deyib. "Bizim vəzifəmiz insan hüquqları, yaxud siyasi aspektlərlə bağlı deyil".



