Avropa Oyunlarının rəhbəri: Azərbaycan "inanılmaz azad" ölkədir

Bakıda quraşdırlmış geriyə sayım tablosu Avropa Oyunlarının açılış mərasiminə 300 günün qaldığını göstərir.

Şəklin mənbəyi, baku2015.com

Şəklin alt yazısı, Bakıda quraşdırlmış geriyə sayım tablosu Avropa Oyunlarının açılış mərasiminə 300 günün qaldığını göstərir.

Bakıda Avropa Oyunlarının açılış mərasiminə 300 gün qalmış Oyunların təşkili üzrə britaniyalı qurum rəhbəri Azərbaycanı “inanılmaz dərəcədə azad cəmiyyət” və “yaşamaq üçün gözəl yer" adlandırıb.

Simon Cleggin bəyanatı son iki həftə ərzində Azərbaycanın tanınmış insan haqları müdafiəçiləri və fəalların həbsindən sonra sonra səslənir.

İnsan haqları üzrə Amnesty İnternational təşkilatı bildirib ki, yarışın hazırkı kimi “repressiv bir mühitdə” keçirilməsi Avropa Oyunlarına olan etimada xələl gətirəcək.

Azərbaycan hökuməti israr edir ki, ölkədə heç kəs öz siyasi inanclarına görə həbs edilmir.

Geriyə sayım

Şənbə günü Bakı Avropa Oyunlarının açılış mərasiminə 300 günün qaldığını qeyd edir. Bu münasibətlə Bakıda geriyə sayım saatı quraşdırılıb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi açılış mərasiminə dair yaydığı məlumatda Azərbaycana 6 mindən çox idmançı və 3 mindən çox komanda rəsmisinin gələcəyini qeyd edir.

Yarışda 239 medal və Avropa çempionu adı uğrunda rəqabət aparılacaq.

Gələn il 12 iyun tarixində açılacaq oyunlar 17 günlük idman bayramına başlanğıc verəcək, təşkilatçılar bildirir.

Azərbaycan ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçiriləcəyini Azərbaycanın iqtisadi imicinin artması ilə izah edir.

Britaniya Olimpia Assosiasiyasının sabiq başçısı olmuş Simon Clegg Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) icraçı direktoru vəzifəsinə aprel ayında təyin olunub.

Siyasət və idman?

Beynəlxalq idman sahəsində geniş təcrübəyə sahib olan Simon Clegg deyib ki, o vəzifəni qəbul edərkən Azərbaycanın reputasiyası barədə agah olub, lakin "avtoritar davranış" əlamətlərini görməyib və “diqqətini hər-hansı siyasi məsələ yox idmana yönəldir”, Britaniyanın “The İndependent” qəzetindəki məqalədə deyilir.

Azərbaycan hökuməti qarşısında insan haqları barədə məsələni formal və qeyri-formal kanallar vasitəsilə qaldırmaq Avropa Olimpiya Kömitəsi kimi təşkilatçıların məsuliyyətidir, Amnesty İnternational qrupunun nümayəndəsi Levan Asatiani bildirib.

Mövzu ilə bağlı daha bir yazı IBTimes internet nəşrində dərc olunub. Məqalədə deyilir ki, cənab Clegg bu yaxınlarda azərbaycanlı insan haqları fəallarının həbsləri barədə məlumatı şərhsiz qoyub.

Keçmişlərdə yerli və beynəlxalq insan haqları təşkilatları kütləvi həbs dalğalarını Azərbaycanın qonaqladığı tədbirlərlə, məsələn 2012-ci ilin Eurovision Mahnı Yarışı ilə əlaqələndiriblər.

Hakim partiyadan millət vəkili Aydın Mirzəzadə BBC Azərbaycancaya deyib ki, Azərbaycanda "qanun qarşısında hamı bərabərdir" və QHT rəhbərləri siyasi baxışlarına görə deyil, qanunsuz fəaliyyətlərinə görə ittiham edilirlər.

Son iki həfrə ərzində bir sıra QHT rəhbərləri həbsə alınıb və bəzi QHT-lərin hesablarına həbs qoyulub.