"Bakı 2015" Avropa Oyunları üçün hazırlıq vaxtı "məhduddur"

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gələn il Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıqlarla bağlı vaxtın "məhdudluğu" məsələsinə toxunub.
"Bildiyiniz kimi, biz qısa müddətdə Avropa Oyunlarını keçirməliyik. Digər ölkələrdə, şəhərlərdə Olimpiya Oyunlarına hazırlıq prosesi 6-7 il aparır, biz isə bu oyunları 2 ilə hazırlamalıyıq", cənab Rəhimov Oyunlara hazırlıqla bağlı təşkilat komitəsinin 3-cü görüşünun mətbuat konfransında bildirib.
2015-ci ildə Bakıda Birinci Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə qərar ötən ilin yanvar ayında Avropa Olimpiya Komitəsi Baş Assambleyasında <link type="page"><caption> qəbul olunub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130118_games_mehriban_aliyeva.shtml" platform="highweb"/></link>.
Avropa Oyunları Komitəsinin Əlaqələndirmə Komitəsinin sədri Spyros Capralos qeyd edib ki, Oyunların açılış mərasiminə bir ilə yaxın müddət qalıb, "ona görə də hər gün əhəmiyyət kəsb edir".
49 ölkədən 6 min atlet
"Biz təsdiq edə bilərik ki, Oyunlar zamanı Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək", Capralov qeyd edib.
Onun sözlərinə görə, Bakı 2015 AO-da 2016-cı il Rio Olimpiyadasına 8 idman növü üzrə lisenziyalar veriləcək.
Biletlərə gəlincə isə, nazir Rəhimov bildirib ki, biletlərin xüsusi görkəmi ilə bağlı məsələlər müzakirə edillir. Biletlərin qiymətləri isə Olimpiya oyunlarının qiymətləri səviyyəsində "olmayacaq".
"İndiyə kimi oyunlar Londonda, Vankuverdə, Pekində, Soçidə keçirilib. Oralar Avropanın, böyük ölkələrin paytaxtlarıdır, Bakıda qiymətlər fərqlidir. Biz istərdik ki, zallar dolu olsun, ona görə də çalışacağıq ki, biletlərin qiymətləri münasib olsun", - o deyib.
Büdcə
Avropa Oyunlarının hazırlıq prosesinə ayrılan büdcəylə bağlı nazir Rəhimov deyib ki, Olimpiya Futbol Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Növləri Sarayı, Bakı Atıcılıq Mərkəzi və digərin tikilməsinin Bakı 2015 AO ilə "əlaqəsi yoxdur".
Cənab nazir fikrini, həmin tikintilərə Bakı 2015 Oyunlarının keçirilməsi qərarından öncə başlanması ilə bağlayıb.
Eləcə də, nazir Heydər Əliyev adına İdman Konsert Kompleksi və Əl Oyunları Sarayının təmir büdcəsinin də Bakı 2015 AO-nun büdcəsinə daxil olmadığını qeyd edib.
"Bu təmir və tikinti ilə əlaqədar məsələlərdir və Avropa Oyunlarının büdcəsi ilə heç bir əlaqəsi yoxdur", - nazir Rəhimov jurnalistlərin AO-nun büdcəsinin miqdarı barədə suala cavab olaraq bildirib və büdcənin miqdarını açıqlamayıb.
Ötən il Oyunlara hazırlıqla əlaqədar keçirilən iclasların birində, Oyunların təşkilat komitəsinin rəhbəri, birinci xanım Mehriban Əliyeva bildirib ki, yarışların keçirilmə yeri kimi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzi seçilib.
"2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub", xanım Əliyeva vurğulayıb.
Bakı 2015 Avropa Oyunlarının gələn il iyun-iyul aylarına keçirilməsi planlaşdırılır. Oyunlara hazırlıq ötən ilin <link type="page"><caption> yanvarından başlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130204_europe_olympycs_baku.shtml" platform="highweb"/></link>.




