Bakı ilk Avropa Yay Olimpiadasına ev sahibliyi edəcək

Şəklin mənbəyi, eoc
Avropa Olimpiya Komitələrinin iclasında Panamerika və Panafrika oyunları formatında ilk beynəlxalq idman yarışlarının Azərbaycanda keçiriləcəyi barədə qərara səs verilib.
Şənbə günü Avropa Olimpiya Komitələrinin Romada keçən Baş Assambleyasının 41-cı iclasında üzv ölkələr təşkilatın prezidenti Patrick Hickey-in 2010-cu ildə irəli sürdüyü təşəbbüsünü dəstəkləyiblər.
2015-ci ilə keçəcək oyunların dəqiq günü müəyyən edilməyib.
Yarışlar təqribən 15 idman növü üzrə aparılmalıdır.
APA agentliyinə görə iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan hökuməti adından siyasi, maliyyə və iştirakçıların təhlükəsizliyinin təmin olunmasına dair qarantiyalar verib.
Avropa Olimpiadası üzrə illərdir ki, müzakirələr aparılsa da oyunlar ideyası ilk dəfə səs verməyə çıxarılıb, AP agentliyi xəbər verir.
AzərTAc bildirir ki, mötəbər yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38 ölkənin olimpiya komitəsinin nümayəndəsi, əleyhinə isə 8-i səs vermiş.
Yerdə qalanların bitərəf qaldığı bildirilir.
AP agentliyinə görə ilk inaqurasiya oyunlarının keçirilməsi barədə qərarın elanı 49 ölkə nümayəndələri tərəfindən alqışla qarşılanıb.
Ermənistan səsvermədə iştirak etməyib.
Yarışlara ev sahibliyi etməkdə Azərbaycanın əsas rəqibləri Rusiya ilə Türkiyə olub.




