Bakı Olimpiya 2020-yə ev sahibliyi edə bilməyəcək

Olimpiya bayrağı

Şəklin mənbəyi, Getty

Beynəlxalq Olimpiya Komitəsi 2020-cı ilin yay olimpiya oyunlarını qonaqlamağa iddialı ölkələrin sayını 5-dən 3-ə endirdi. Yenilənmiş siyahıda daha Bakının və Dohanın adları yoxdur.

Qərar bu gecə Kanadanın Quebec şəhərində 15 nəfərdən ibarət İdarə Heyəti üzvləri arasında gizli səsvermənin yekununda elan edilib.

Namizəd şəhərlər sırasında indi yalnız Tokio, Madrid və İstanbul qalıb. 3 şəhərdən ən şanslısının adı sentyabrın 7-də Buenos Ayresdə elan ediləcək.

İstanbulun bu siyahıda qalacağını çoxları gözləyirdilər, axı türklər ardı-ardına beşinci dəfədir ki, iddialarını ortaya qoyublar. Tokio üçün Olimpiya 2020 ikinci, Madrid üçün isə üçüncü cəhddir.

Nəticələri elan edən İdarə Heyəti qərarlarını “ehtiyatlı və riskli mülahizələrlə” əsaslandırmağa çalışıblar.

Bakı, onların fikrincə, yarışmada “kənar namizəd” idi, belə ki, bu şəhərin beynəlxalq idman oyunları keçirmək təcrübəsi yoxdur.

Lakin Doha ilə bağlı qərar vermək İdarə Heyətinə asan başa gəlməyib, belə ki, Qətər artıq 2022 Dünya Çempionatına ev sahibliyi edəcək.

Uzun gör-götürdən sonra elə Dünya Çempionatı son anda İdarə Heyəti üzvlərinin köməyinə gəlib, belə ki, araşdırmalar zamanı, Qətərin bir sıra texniki problemlərlə, məsələn, havanın şıltaqlığı üzündən yarışmaların tarixini dəyişmək məcburiyyəti ilə üzləşdiyi üzə çıxıb.

Təşilatçılar az əvvəl Qətərin təklifi ilə Dünya Çempionatının 2022-ci ildə açılş mərasiminin tarixini “hər ehtimala görə”, dəyişməli olublar. Lakin İdarə Heyəti bu amilin dünənki qərar üçün “yeganə səbəb olmadığını” da elan edib.

Növbəti mərhələdə ən zəif bənd olaraq, nəzərlər indidən Madridə zillənib, belə ki, iqtisadi çətinliklər qarşısında İspaniya hökuməti 2020-ci ildə maliyyə imkanları barədə təminatlar verə bilmir.

40 il əvvəl olimpiya oyunlarına evsahibliyi etmiş Tokyo isə ötənilki zəlzələnin nəticələrindən hələ də əziyyyət çəkir.

Beləliklə, favorit İstanbuldur. Türkiyə rəhbərliyi ev sahibliyinə yiyələnərsə, olimpiyadanın ölkə üçün 1 nömrəli vəzifə olacağını elan edib.

Bakıya gəldikdə, Kanada telekanalları Quebec qərarından məyus olmuş Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovdan sitat gətirib: “Şanslarımızı növbəti dəfə sınayacağıq”.

Hələlik isə, bakılı Olimpiya həvəskarlarına 2020-ci ildə idman oyunlarını bölgəyə gətirmək üçün qardaş Türkiyəyə şans diləmək qalır.