London-2012 nəticələri: 30-cu Olimpiada, 30-cu yer, 10 medal

Şəklin mənbəyi, prezident.az
- Müəllif, Anar Cəfərsoy
- Vəzifə, supersport.az saytının baş redaktoru, Bakıdan BBC Azərbaycanca üçün
Bitdi, dünyanın bir nömrəli yarışı - 30-cu Olimpiya Oyunları. Bütün ölkələrdə böyük maraq və həyəcanla izlənilən London Olimpiadası bir sıra sensasiyalar və rekordlarla yaddaşlara həkk olundu.
“Dumanlı Albion”a böyük ümidlərlə yollanan olimpiya yığmamız ilk günlər dumana düşsə də, sonradan özündə güc tapdı - batan gəmini xilaskarlar qurtardı. 16 günü onlarla birgə yaşadıq, bəzən ümidsizliyə qapıldıq, bu da “arzuolunmaz son” deyib təəssüfləndik. Ancaq qəhrəmanların möhtəşəm qələbəsi bu fikirləri alt-üst etdi, dönüş yaratdı və sonda rekord göstərici ilə yaddaşlarda, tarixdə silinməz iz qoydu.
Sönən ulduz
Azərbaycanın bayraqdarı və əsas ümidlərindən olan olimpiya çempionu Elnur Məmmədli ilk görüşdəcə beynəlxalq arenada heç bir uğuru olmayan kanadalı idmançı qarşısında aciz qaldı, tənqid atəşinə tutuldu. Elnur isə özü dediyi kimi rəqibinə ciddi yanaşmadığı üçün fiaskoya uğradı.
Ümumiyyətlə, Olimpiadada 8 cüdoçu ilə təmsil olunan ölkəmiz bu idman növündə imkanlarından çox aşağı səviyyədə çıxış etdi. Bu səbəbdən də milli komandanın təcrübəli baş məşqçisi Ağayar Axundzadənin istefaya göndəriləcəyi iddia olunur.
Çox güman ki, uğursuzluğa düçar olan qurumlar və atletlərdən hesabat tələb olunacaq, onlar barədə ciddi tədbir görüləcək.
Çempionlar milli qəhrəman səviyyəsinə qaldırılmamalı, onlara qayğı həddində olmalıdır. London Olimpiadası belə halların mənfi təsirinin olduğunu bir daha ortaya qoydu.
Bu gün ölkədə ən böyük diqqət və qayğının idman sahəsinə olduğu danılmaz həqiqətdir. Təkcə bu il dövlət idmana 10 milyon, London Olimpiadasının hazırlığına isə əlavə 5.7 milyon manat ayırmışdı. Bunun qarşılığını federasiyalar, məşqçilər və idmançılar lazımınca verməlidirlər.
İndi Olimpiya çempionlarının hər biri 600 min manatla mükafatlandırılacaq. Onlar bunu min bir əziyyət və zəhmətləri hesabına qazanıb.
Ancaq yüksək nəticə qazanan və milyonlar verilən idmançılara güclü nəzarət edilməli, onların başlarının əyləncəyə qarışmasına imkan verilməməlidir.
Həmçinin alacaqları mükafat, qazandıqları şöhrət onların başını gicəlləndirməməlidir. Çünki belə səhvlər uğursuzluğun əsasını qoyur.
“Gümüş oğlan” niyə “qızıla” çevrilmədi?
Londonda Azərbaycanın Olimpiya yığmasının əksər üzvləri istər psixoloji, istərsə də fiziki baxımdan rəqibləri ilə ayaqlaşa bilmədilər. Söhbət uğursuzluğa düçar olan cüdoçular, ağırlıqqaldıranlar, boksçular və digərlərindən gedir.
Yunan-Roma güləşi üzrə favoritlərdən sayılan ikiqat Avropa və dünya çempionu Rövşən Bayramovun Pekində olduğu kimi Londonda gümüş medalla kifayətlənməsinin başlıca səbəbi finalda iranlı beşqat dünya çempionu Həmid Məhəmməd Reyhanpurdan çəkinməsi və özünəinamın az olmasında idi.
“Gümüş oğlan” yarış meydanında ağlamağı kənara qoymalı, səhvlərdən nəticə çıxararaq, növbəti olimpiadada qızıl qazanmalıdır. Rövşən Bayramov qızıla həsrət qalsa da, şəxsi məşqçisi, Olimpiya dərəcəli referi Hicran Şərifov hakimlikdəki fəaliyyətinə görə “qızıl fit”lə mükafatlandırıldı.
“Köhnə hamam, köhnə tas”
Boksçular yenə sindromu qıra bilmədilər: indiyə qədər bu idman növündə nəinki qızıl, heç gümüş medal qazanmaq mümkün olmamışdı.
Dünya çempionu Məhəmmədrəsul Məcidovun finaldan kənarda qalması gözlənilməz idi. Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov isə iki raundda üstün olsa da, sonda təcrübəsizlik və yorğunluq öz sözünü dedi.

Şəklin mənbəyi, ap
Azərbaycan boksçuları Londonda iki bürünc medalla kifayətləndilər. Ancaq yüksək titullu iki idmançısı olan millimizin bu nəticəsini böyük uğur saymaq olmaz.
Boksla bağlı daha bir xoşagəlməz məqam Məhəmməd Abdulhəmidovun qələbəsinin əlindən alınması oldu.
Azərbaycan Boks Federasiyası hakimləri qınasa da, günahı ilk növbədə özlərində, məşqçilər və idmançılarda axtarmalıdırlar. İstənilən yarışda referi səhvləri gözləniləndir.
Bu dəfə də taekvondoda medala həsrət qaldıq.
Gənc təmsilçimiz Ramin Əzizovun 33 yaşlı amerikalı ikiqat olimpiya və 5 dəfə dünya çempionunu üstələməsi ümidlərimizi artırsa da, ancaq təcrübəsizlik onun uğura gedən yolunu kəsdi.
Ağırlıqqaldırma üzrə Avropa çempionu Əfqan Bayramovun "sıfır" nəticə göstərməsi isə Azərbaycan adına yaraşmadı.
Avarçəkənlərimiz də fiasko ilə üzdülər. 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun 7 kanoeçi arasında sonuncu yeri tutaraq, mübarizəni erkən dayandırması əsl rüsvayçılıq idi. 29 yaşlı titullu idmançı, biabırçı çıxışını yarışdan bir gün əvvəl məşq vaxtı əzələsini qırılması ilə əlaqələndirib. Uğursuzluqdan sonra belə açıqlama vermək bəhanədən başqa bir şey deyil.
Fakt budur ki, güclü və hazırlıqlı idmançılar hər zaman qalib gəlir. London Olimpiadasında dəfələrlə bunun şahidi olduq. Çempion pəhləvanlarımızdan Toğrul Əsgərov və Şərif Şərifovun çıxışı da buna sübutdur.
Parlaq simalar - "general" Əsgərov

Bu zəfəri çox gözlədik, intizarla dolu günlər səbrimizi daşırdı, bizləri üzdü. İnanmaq istəmirdik ki, Olimpiya Oyunları bizim üçün bu məcrada davam edəcək, 7 medalda qalıb, yerimizdə sayacağıq. Həm də bu medalların sırasında qızıl olmaması bizi kədərə boğardı. Axı dörd il əvvəl Pekin Olimpiadasında da mükafatların sayı bu qədər idi.
Halbuki idmançılarımız budəfəki Olimpiya Oyunlarında rekord sayda - 16 idman növündə 53 lisenziya qazanmışdılar. Ona görə haqlı olaraq olimpiyaçılarımızdan qızıl da daxil olmaqla daha çox medal gözləyirdik. Özü də təmsilçilərimiz indiyədək hər olimpiadada uğurlu çıxışla fərqləniblər.
Nəhayət, intizar bitdi, arzular gerçək oldu. Gənclər və idman naziri Azad Rəhimovun “ən azı 10 medal qazanacağıq” proqnozu özünü doğrultdu.
Sanki olimpiyaçılarımız bütün güclərini axıra saxlamışdılar. Şübhəsiz, 2012-cı il avqustun 11-i Olimpiya tariximizə qızıl hərflərlə yazıldı. Rekord sayda lisenziya, rekord sayda medal! İlk dəfə olaraq olimpiyaçılarımız bir gündə iki qızıl medal qazanmaqla Olimpiadaya damğasını vurdular, mükafatların ümumi sayı 9-a çatdırıldı.
Bütün dünyanın diqqəti, günün qəhrəmanları Avropa çempionu Toğrul Əsgərov (60 kq) və dünya çempionu Şərif Şərifova (84 kq) yönəlmişdi.
Möhtəşəm, əzmkar mübarizə, dəmir müdafiə və ən əsası ağıllı güləş sayəsində olimpiya zirvəsi fəth olundu. Bəli, Avropa çempionu Əsgərov finalda rusiyalı dördqat dünya çempionunu məhz bu keyfiyyətlər hesabına məğlub etdi. Çempion da Yaradanına şükür etməyi unutmadı. Əsgərov çempionluğu ilə həm də “general olmaq istəməyən əsgər əsgər deyil” deyimini yada saldı.

O, ən gənc idmançımız kimi - 19 yaşında Olimpiya zirvəsinə qalxdı. Eyni zamanda 12 ildən sonra ölkəmizə sərbəst güləş növündə 2-ci olimpiya çempionluğu qazandırdı. Ölkəmizin Olimpiada tarixində 6 qızıl medalı var ki, bunun 4-ü güləş, 3-ü onun sərbəst növündə qazanılıb.
Xetaq Qazyumovun qan təzyiqinin yüksək olmasına baxmayaraq, bürünc medal qazanması böyük nailiyyət hesab edilməlidir.
Azərbaycandan ən çox pul mükafatı
Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan Azərbaycan Londonda 10 mükafata sahib çıxmaqla yeni şanlı səhifə açdı. Hər zaman ən böyük ümidlər bəslənilən güləşçilər bu dəfə də xilaskar rolunda çıxış etdi, ölkəmizin adını tarixə qızıl hərflərlə həkk etdirdi.
Ölkəmiz olimpiya qəhrəmanlarının uğurunu qiymətləndirmək baxımından da fərqlənir. Azərbaycan olimpiya çempionuna 600 min manat, Türkiyə 583 min avro mükafat ayırıb.
Məlumat üçün bildirək ki, London Olimpiadasında 104 medalla (46 qızıl, 29 gümüş, 29 bürünc) birinci sırada yer alan ABŞ qalib idmançısına 19 min avro verəcək. 87 medalla (38 qızıl, 27 gümüş, 22 bürünc) ikinci pillədə qərarlaşan Çin birinci yerin sahibini 42 min 400 avro ilə mükafatlandıracaq.
Qonşuların nəticəsi
204 iştirakçı ölkədən 85-i mükafata yiyələndi. Ölkəmiz bu oyunlarda 10 medal qazandı - 2 qızıl, 2 gümüş, 6 bürünc. Maraqlıdır ki, 30-cu olimpiadada Azərbaycan 30-cu pilləyə sahib çıxdı. 2008-ci il Pekin Olimpiadasında Azərbaycan 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazanmaqla 204 ölkə sırasında 39-cu olmuşdu.
Londonda Türkiyə (2 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan (1 qızıl, 3 gümüş, 3 bürünc) 39-cu oldu. Ermənistan (1 gümüş, 2 bürünc) isə Azərbaycandan 30 pillə geridə qalmaqla, 60-cı yerlə kifayətləndi. Baxmayaraq ki, həmin ölkədə çempiona 1 milyon dollar vəd olunmuşdu.
Şəxsi fikrim belədir ki, milli komandalarda daha təcrübəli mütəxəssislər olsaydı, olimpiya yığmamız bundan da yaxşı uğurlara imza atardı. Ancaq bu nailiyyət də yüksək qiymətləndirilməlidir.
Afərin Azərbaycan, əlvida London - Rio-de-Janeyroda görüşənədək...




