Mətbuat icmalı: Ölkə prezidenti məmurlara xəbərdarlıq edir

Şəklin mənbəyi, AFP

Bugünkü qəzetlər ölkə prezidentinin yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı yaradılmış dövlət komissiyasının ilk iclasındakı çıxışına geniş yer ayırıb.

Azərbaycan qəzeti Prezident İlham Əliyevin Binəqədi rayonunda yanğının baş verdiyi ərazidə olması barədə geniş reportaj dərc edib. Qəzetin ön səhifəsində yer almış əsas materialı da budur.

Bundan başqa qəzetdə “Heydər Əliyev Mərkəzinin Bakıdakı yaşayış binasında yanğın hadisəsi ilə əlaqədar konsert proqramlarını təxirə saldığı” barədə xəbər var.

Ekspress qəzeti də digər qəzetlər kimi prezidentin dünənki çıxışına yer ayırıb. Çıxışdan bir sitat: “…gördüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sэrf edilib. Bu qədər özbaşınalıq olmaz!”

Azərbaycan qəzetində həmçinin prezidentin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin mayın 21-22-də keçiriləcək Riqa sammitində iştirak edə bilməyəcəyi barədə xəbər var. Xəbərdə deyilir ki, “prezidentin qrafiki həddən artıq sıxlaşıb.” Bundan başqa bildirilir ki, “Riqa sammitinfə Azeərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər”.

Exo qəzeti həmçinin Azərbaycan prezidentinin Riqa sammitində iştirak etməyəcəyi barədə geniş yazı dərc edib. Diplomatik mənbələrə istinadən bildirilir ki, İlham Əliyevin Riqa sammitində iştirak etməməsi “son zamanlar Qərbdə qərəzli antiazərbaycan kampaniyasının keçirilməsi və QHT-lərin Azərbaycana qarşı Avropa mərkəzlərindən idarə olunan geniş fəaliyyətinə reaksiyadır.” “İlk Avropa oyunları ərəfəsində ölkəmizlə strateji tərəfdaşlıqda maraqlı olduqlarını bildirən Qərb dairələrinin bilavasitə iştirakı ilə Azərbaycana qarşı “qara piar” kampaniyasının keçirilməsi ədalətli qəzəb yaradır.” Bildirilir ki, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək ona genişlənməkdə olan antiazərbaycan kampaniyası ilə bağlı etirazını bildirib.

Azadlıq qəzeti “Riqadan Azərbaycan hakimiyyətinə sərt tənqidlər” adlı məqalə çap olunub. Yazıda Avropa Şurasının insane haqları üzrə komissarı Nils Mujnieksin çıxışına geniş yer verilib. Çıxışda deyilir: “… Ən həyacanlı vəziyyət olan ölkələrdən biri Azərbaycandır. Burada çox pis hadisələr baş verir. Müstəqil jurnalistlər, bloggerlər bir-birinin ardınca həbs edilir. Bu gün mənim Azərbaycandakı partnyorlarımın demək olar ki, hamısı həbsxanadadır. Avropa Şurası ölkəsində bu yolverilməzdir.” O həmçinin bir jurnalistin “AŞ Azərbaycan hökumətinin fikrini nəzərə alırmı, yoxsa onun üçün fərqi yoxdur?” sualına elə cavab verib: “Baxın, burada iki variant mümkündür: ya Avropa Şurasında idiotlar oturur və separatçılar, narkomanlar, intihar edənlər və inqilabçılarla əməkdaşlıq edir, ya da Azərbaycanda hüquq sisteminin vəziyyəti çox pisdir. Mən sizi əmin edə bilərəm ki, biz idiot deyilik.”

Azərbaycan qəzeti BP Azərbaycan şirkətinə istinad edərək “Şahdəniz-1” yatağının özünün ən yüksək hasilat səviyyəsinə çatdığı barədə xəbəri dərc edib.

Bakı-Xəbər qəzetində “Azərbaycan qazının Avropaya nəql variantının ən böyük rəqibi sual altında” adlı məqalə dərc olunub. Məqalədə “Türk axını” boru kəməri ətrafında Rusiya və ABŞ-ın öz maraqlarını qorumaq və region dövlətlərini öz cəbhələrinə çəkməklə bağlı attıqları addımların informativ icmalı və təhlili öz əksini tapıb.

Exo qəzetinin “Zibilin növlərinə görə ayrı toplanmasının həm ətraf mühit, həm də ekologiya üçün vacibdir” adlı yazısı əsasən ekoloq Telman Zeynalovun müsahibəsi əsasındadır. Telman Zeynalov bir sıra başqa məsələlərlə yanaşı paytaxt küçələrinin məişət tullantıları ilə çirkləndirilməsi ilə bağlı maarifləndirilmənin aparılmamasını da qabardıb. O deyib: “Mən əminəm ki, əgər çap və televiziya KİV-ləri bu məsələni daha tez-tez qaldırsa vətəndaşların məsuliyyət hisssi güclənərdi”.