Mətbuat icmalı: Yanan binanı "Aqrar tikinti" bərpa edəcək

Şəklin mənbəyi, AFP
“Azadlıq” qəzeti yazır ki, həbsdə olan iş adamı Nizami Piriyev bəyanat verərək son bir neçə gün ərzində hər gün döyüldüyünü, öz vəkilindən bununla bağlı Baş Prokurorluğa və MTN-ə müraciət etdiyini bildirib.
Yazıda bundan başqa deyilir ki, ““kredit qalmaqalına” grə həbs edilmiş başqa bir oliqarx Hacı İbrahim Nehrəmlinin prezidenti olduğu “Avesta Concern”şirkəti ləğv olunub.” Qəzetin aldığı məlumatda qeyd olunur ki, “iş adamı Beynəlxalq Banka olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb.
“Yeni Musavat” qəzeti yazır ki, şirkətin həyata keçirdiyi “Khazar islands New Citi”, “Gold City” və digər layihələr də müvəqqəti olaraq dayandırılıb.
Məhkmə-hüquq şurasının 10 illiyi
“Azərbaycan” və “Xalq” qəzetləri Bakıda Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunan beynəlxalq konfrans barədə geniş yazı, birinci xanım Mehriban Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş barədə məlumat dərc edib.
“Yeni Musavat” qəzeti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, ““Bank Technique”-in sədri Rövşən İsmayılov ötən həftəsonu saxlanılıb.” Yazıda bundan başqa bankın Xəzər filialının rəhbəri Fərid Məmmədovun (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşı) da olduğu deyilir. “Məlumatlara görə, “Bank Technique-də ciddi yoxlamalar başlayıb.”
“Azadlıq” qəzeti tanınmış vəkil Aslan İsmayılovun baş prokuror Zakir Qaralova yazdığı açıq məktubu çap edib. Məktubdan qısa bir parça: “Bu gün başımıza gələn bütün bəlaların (tüğyan edən korrupsiya, insan haqlarının, mülkiyyət hüquqlarının pozulması və s.) [kökünün - red] məhz məhkəmə və prokurorluq sistemində olmasında heç bir şübhəm yoxdur. Əgər Siz obyektiv, hərtərəfli, ədalətli istintaq aparsanız, məhkəmələr tapşırıq və maddi maraqlar əsasında yox, qanun əsasında qərar qəbul etsəydilər əminəm ki, Azərbaycanın adı bu gün dünyada insan haqlarının, məmur özbaşınalığının ölkələri siyahısında lider kimi hallanmazdı.”
Yanan binanı "Aqrar tikinti" bərpa edəcək
“Yeni Musavat” qəzeti xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov yanan binanı bərpa edəcək şirkətin adını açıqlayıb. O deyib ki, “tender vasitəsilə bir şirkət seçilib.” Bu, “Aqrar tikinti” MMC-dir.
“Azadlıq” qəzeti bu müsahibəyə reaksiya verərək xatırladıb ki, “Tender haqqında” Qanunda qeyd olunur ki, tenderin elan olunması barədə mətbuatda məlumat dərc olunmalıdır. ... Yanan binanın təmir olunması üçün açıq tender keçirilməlidir. Qapalı tenderə təmir-tikinti işləri daxil deyil. Qanun belə deyir. Açıq tenderin elan olunması barədə qanununsa 11.1-ci maddəsində bildirilir: “Açıq tenderin elan olunması haqqında mətbuatda ilk məlumat tender prosedurunun keçirilmə günündən azı 30 bank günü, ikinci dəfə isə tender prosedurunun keçirilmə günündən azı 20 bank günü əvvəl azı iki dəfə verilir. Tenderdə xarici iddiaçıların iştirakı nəzərdə tutulduğu halda elan eyni müddətlərdə beynəlxalq miqyasda yayılan mətbuatda da verilir”.
Yanğın mayın 19-da baş verib. Qanuna müvafiq olaraq tender prosedurunun keçirilməsindən 30 gün əvvəl onun təmiri ilə bağlı tender elan olunmalı idi. Amma yanğından 6 gün sonra Hacıbala Abutalıbov artıq tenderin keçirildiyini və qalibin müəyyənləşdirildiyini deyir. Bu qısa müddətdə tenderin elan olunması, şirkətlərin xidmətlərinin dəyərləndirilməsi sadəcə mümkün deyil. Digər tərəfdən tender elan olunması barədə ümumiyyətlə heç bir məlumat yoxdur.”
“Exo” qəzeti Milli Məclisin Brayl əlifbası haqda qanunu müzakirəyə çıxaracağı barədə geniş və informativ yazı dərc edib. Sosial siyasət komissiyasının üzvü Məlahət Həsənovanın daha əvvəl verdiyi məlumata istinadən qeyd edilib ki, bu qanun layihəsi artıq yaz sessiyasında müzakirəyə çıxarılmalı imiş, lakin müəyyən səbəblərdən payız sessiyasına saxlanılıb.





