Mətbuat icmalı: "Beynəlxalq Bankla əlaqədar 200 iş" araşdırılır

Şəklin mənbəyi, AFP

“Yeni Musavat” qəzeti qeyri-rəsmi mənbələrə istinad edərək xəbər verir ki, “Beynəlxalq Bankla əlaqədar 200 işin istintaqı aparılır.”

Qəzet bu işlə bağlı saxlananlardan biri, bankın Dubay filialının təmsilçisi Adil Hüseynovun vəkili Kamandar Nəsibovun Azadlıq Radiosuna verdiyi müsahibəni dərc edib. Müsahibədə deyilir: “Adil Hüseynov 320 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. Həmin kreditlər 2003-cü ildən Dubayda iki müəssisənin – tekstil və metanol məmulatı istehsal edəcək zavodların inşasına ayrılıb.

Adil Hüseynov nə bu kredit müqavilələrini bağlayan şəxs olub, nə də həmin vəsaiti alıb. O, 2008-ci ildə “Beynəlxalq Bank”-ın Dubay Filialına təmsilçi təyin olunub. Yalnız 2011-ci ildə ona həmin zavodlara ayrılan vəsaitlərin xərclənməsinə nəzarət etmə səlahiyyəti verilib. Həmin zavodlardan biri – tekstil zavodu açılıb, metanol zavodunda 99 faiz işlər yekunlaşıb. Beynəlxalq Bankın rəhbərliyi işdən azad olunandan sonra həmin zavodda tamamlama işləri dayandırılıb. Yəni, burada vəsaitin mənimsənilməsindən söhbət gedə bilməz. Kredit götürülüb, zavodlar inşa olunub.”

Jurnalistin “Belə hesab etmək olarmı, Adil Hüseynovun adından “proxy” kimi istifadə olunub. Əgər zavodda heç bir payı yoxdursa, onun adına şirkət yaradılır, hesabına pul köçürülür, həmin pul zavoda xərclənir. Amma zavodda payı yoxdur…” sualına cənab Nəsibov belə cavab verib: “Mən deyə bilmərəm. Bir bildiyim odur ki, belə şəxslər çoxdur. Adil Hüseynovu hətta həbs etsələr belə, o bu məbləği qaytara bilməyəcək. Həm də Adil Hüseynov təkcə öz adına açılan şirkətin götürdüyü 20 milyona görə yox, Dubayda 2 zavodun inşası üçün azı 5 şirkətə verilən 318 milyon manatı mənimsəməkdə iittiham olunur. Hansı ki, nə krediti verən o, olub, nə də alan. Bakıdan vəsait filan hesablara köçürülməsi üçün Dubay Filialına ötürülüb. Adil Hüseynov yalnız mühasibat işlərini görüb. Digər məsələlərdən xəbərsiz olub.

Vəkil həmçinin deyib: “Adil Hüseynov necə oldu ki, şirkət yaratmaq fikrinə düşdü?” sualının cavabında deyib: “Bankın rəhbərliyinin göstərişi ilə, tapşırığı ilə yaradılan şirkətdir. Bilirsiniz bu cür şirkətlər çoxdur. Həmin şirkətləri yarandanlarsa, sadəcə işçiləridir. Adicə, 10-15 min manat kredit almaq üçün bir papka sənəd istənilir. İndi bunların şirkətinə milyonlara krediti hər halda elə belə verməyiblər.”

Vəkil tikilmiş zavodların əsl sahiblərinin onlara məlum olmadığını deyib. Amma onların istintaqa məlum olduğunu da istisna etməyib. “Hər halda dediyim kimi yəqin ki, bank rəhbərliyinin bundan xəbəri olub ki, o kreditlər ödənilib. Bir daha qeyd etmək istəyirəm ki, Beynəlxalq Bankdan istintaq orqanlarına bir siyahı verilib. Həmin siyahıda göstərilib ki, filankəslər bankdan filan qədər kredit götürüb. Söhbət az məbləğdən də getmir. 6 milyard manat vəsaitdən gedir. İndi onların bəziləri həqiqətən o kreditləri götürüblər və müəyyən sahəyə investisiya ediblər. Amma elə hallar da ola bilər ki, həmin vəsaitlər həqiqətən mənimsənilib.”

“Yeni Musavat” qəzeti “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun ölkədə qeyri-neft sektorunun inkişaf perspektivləri barədə təkliflərini dərc edib.

Fikrət Yusifovun fikrincə “… postneft dövrünə doğru irəlilədiyimiz bir ərəfədə neft və qazın satışndan əldə olunan vəsaitlər hesabına böyük ixrac imkanları olan güclü qeyri-neft sektoru yaradılmalıdır: “Nə qədər ki, neft və qaz əsas enerji mənbəyi hesab olunurlar, biz bundan mümkün qədər yararlanmağı bacarmalıyıq. …İxracın ümumi həcmində qeyri neft sektorunun payı bu gün 8% həddindədir. Hesab edirik ki, bu vəziyyəti daha tez aradan qaldırmağın əsas yolu kiçik və orta sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcminə yenidən baxmaqdan və bu məqsədlə Neft Fondunun vəsaitlərinin bir hissəsini birbaşa Sahibkarlığa Komək Milli fondu vasitəsilə güzəştli kreditlər vermək yolu ilə kiçik və orta sahibkarlığın inkişafına yönəltməkdən keçir. …Hesab edirik ki, ilkin olaraq Neft Fondun vəsaitlərinin 5%-ə qədərini bu istiqamətə ayırmaq ölkədə qeyri neft sektorunun inkişafına əsaslı təkan verə bilər”.

“Azadlıq” qəzeti “Amerikanın səsi”nə istinadən yazır ki, İstanbulun Kadir Has universitetinin keçirdiyi yeni sorğuda “respondentlərin 45,5 faizi Türkiyəni “islam dövləti” kimi səciyyələndirib. 2013-cü ildə respondentlərin 37 faizi belə düşünürdü. Respondentlərin 26,4 faizi Türkiyəni Avropa ölkəsi, 20,3 faizi isə Yaxın Şərqin ölkəsi hesab etdiyini deyib.”

Türkiyənin dostları ilə bağlı suala “respondentlərin 38,9 faizi ölkənin “dostu olmadığını” deyib. ...Respondentlərin 37,5 faizi Azərbaycanın Türkiyənin ən yaxın dostu olduğunu bildirib.

Yazıdan ictimaiyyətin Türkiyənin xarici siyasəti ilə bağlı düşüncələrini əks etdirən başqa mühüm məlumatlar da var: “Respondentlərin 22 faizinin fikrincə, Türkiyə xarici siyasətini müstəqil olaraq müəyyənləşdirməlidir. Türkiyənin başqa müsəlman ölkələrlə bərabər şəkildə hərəkət etməli olduğunu deyənlərin sayı isə artaraq, 2013-cü ildən 12,5 faizlə müqayisədə 19,5 faiz olub.

Respondentlər arasında Avropa İttifaqına üzvlük məsələsində dəstəyin azaldığı müşahidə edilir. Türklərin yalnız 42,4 faizi Türkiyənin Avropa İttifaqına üzv olmaq istədiyini deyib. 2013-cü ildə bu göstərici 47,5 təşkil edirdi.

Türkiyənin digər müsəlman ölkələri üçün model ola bilməsin məsələsində respondentlərin 68,1 faizi birmənalı şəkildə müsbət rəy bildirib”.

«Eхо» qəzeti Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin Xızı rayonunda tikilmiş “Yeni Yaşma” külək parkında layihə gücü 59 MVt olan bütün stansiyanı sınaqdan keçirdiyi və gücü 2.5 MVt olan külək turbinini istismara buraxdığı barədə məlumatı dərc edib.

Agentlik bildirib ki, “... külək turbini artıq respublikanın ümumi energetika şəbəkəsinə külək enerjisindən istehsal edilmiş elektrik enerjisi ötürməyə başlayıb. Yaxın gələcəkdə taç gücü ilə işləyən “Yeni Yaşma” külək parkı respublikanın ümumi enerji şəbəkəsinə qoşulacaq.”

Yazıda həmçinin deyilir: “2014-cü ildə bildirilirdi ki, Azərbaycan 2020-ci ilədək enerji istehlakında alternativ enerji mənbələrinin payını 9,7%-ə çatdırmaq niyyətindədir. Eyni ildə xəbər verilirdi ki, Azərbaycanda Bakı-Qaradağ, Gəncə, Lənkəran, Bakı-Xaçmaz” istiqamətində gedən yolların işıqlandırılmasında ölkədə istehsal olunan alternativ enerjidən istifadə olunacaq.”

Yazıda bundan başqa Azərbaycan Energetika Mütəxəssisləri və Mühəndisləri Assosiasiyasının rəhbəri Rəsul Süleymanovun fikirləri də işıqlandırılıb. Onun fikrincə Azərbaycanda özəl investorların alternativ energetikaya marağını stimullaşdıran qanun yoxdur. “Azərbaycanda günəş panellərinin istehsalı tənzimlənib. Lakin, adi vətəndaşların onları almaq üçün stimulu yoxdur. Məsələ burasındasır ki, vətəndaşlar günəş panellərini satın alsalar belə onları yalnız bağ və şəhərətrafı evləri üçün alırlar. Bu yerlərdə isə onlar ya yay mövsümünü, ya da istirahət günlərini keçirirlər. Buna görə də qalan dövr ərzində günəş panellərinin istehsal etdiyi enerjiyə tələbat olmayacaq. Amma vətəndaşın şəbəkəsi ümumi şəbəkəyə qoşulmuş olsa və vətəndaşdan enerjini satın almaq mexanizmi mövcud olsa o günəş panelini almağa maraqlı olacaq. Çünki bu halda günəş panelinin dəyəri daha tez ödənilmiş olacaq,” deyə Süleymanov bildirib.”