Mətbuat icmalı: “AŞPA-nın resepti", Oyunlarda qaliblərin mükafatları və velosiped cığırları

Şəklin mənbəyi, AFP
Bugünkü “Azadlıq” qəzeti “Avropa Şurası hakimiyyətə qurtuluş resepti verdi” adlı yazı dərc edib.
Yazıda Azərbaycandakı insan haqları ilə bağlı vəziyyəti müzakirəyə çıxaracaq Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası ərəfəsində AŞPA-nın mövqeyi təhlil olunur: hakimiyyətin narahatlığını başa düşürük, amma onu da xatırlatmalıyıq ki, ”stabillik" insan haqlarıyla bağlı beynəlxalq standartların pozulması sayəsində olmur.
Ona görə də hakimiyyəti Avropa Şurasına üzv dövlət kimi öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Stabil demokratiya üçün ölkədə real hakimiyyət bölgüsünün (icra hakimiyyəti, parlament və məhkəmə sistemi) mövcudluğu çox vacibdir. Vacib olan başqa bir amil siyasi dialoqdur. Parlamentin icra hakimiyyəti üzərində nəzarətinin güclənməsi yalnız Azərbaycanın xeyrinə olardı. Bunun üçün parlamentin səlahiyyətləri artırılmalı, həmçinin əsl müxalifət parlamentdə təmsil olunmalıdır.
“Maraqlıdır ki, bir müddət əvvələ qədər Azərbaycan hakimiyyətinə qarşı loyallığı ilə seçilən AŞ PA hazırda olduqca sərt və prinsipial mövqedən çıxış edir. Hakimiyyət çox zaman Monitorinq Komitəsindəki müzakirələrər orada qəbul olunan sənədlərə əhəmiyyət vermirdi. Amma hazırda durum dəyişib. Hakimiyyət təmsilçilərinin də bəyanatlarından görünür ki, iqtidar baş verənlərlə bağlı ciddi narahatçılıq keçirir. Monitorinq Komitəsində qəbul olunan sənəddə ölkə reallıqları əks olunmaqla yanaşı hazırda insan haqlarının pozulmasına, demokratik dəyərlərin tapdanmasına görə hakimiyyətdən hesab sorulur. Qəbul olunan sənədin yekunu da maraq kəsb edir. Sənədin yekununda AŞ Azərbaycandan siyasi-hüquqi islahatlar həyata keçirməyi, normal parlament seçkiləri gerçəkləşdirməyi tələb edir. Stabil demokratiyaya yalnız azad, ədalətli seçkilər, azad rəqabət sayəsində nail olmaq olar. Stabil demokratiya həmçinin qanunun aliliyinə hörmət, güclü vətəndaş cəmiyyəti, azad mətbuatın mövcudluğunu tələb edir", deyə sənədin sonunda vurğulanır.”
“Yeni Musavat” qəzeti Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin yeni kampusunun tikiləcəyi barədə yazır. Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib ki, Xocasən qəsəbəsinin ərazisində yeni kampusun tikintisinə bir il bundan əvvəl başlanılıb.
“Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də gələcəyin müəllimləri bu universitetdə yetişir. Ona görə məhz bu universitetdən başladıq”.
Təhsil naziri həmçinin yeni təhsil strategiyası və yay düşərgələrinin təşkili məsələsi barədə də danışıb. O, bildirib ki, hazırda nazirliyin tabeliyində yay düşərgələri yoxdur. Nazir deyib:
“Ona görə də aidiyyəti qurumlarla əməkdaşlıq yolları aparılır ki, şagirdlərin asudə vaxtını, o cümlədən yay tətillərini keçirməsi məsələsinə baxaq. Ölkədə prezidentin təşəbbüsü ilə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Məsələn, Təhsil Nazirliyinin dəstəklədiyi, bizim də iştirak etdiyimiz “Azərbaycanımızı tanıyaq” kimi layihə çərçivəsində bir bölgədə oxuyan şagirdlər ölkənin digər bölgələrinə gedirlər”.
Oyun qaliblərinə mükafatlar
Bugünkü “Azərbaycan” qəzetində “Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Prezident Sərəncamı dərc edilib. Yüksək nəticələrə görə idmançılara və onların şəxsi məşqçilərinə təqdim ediləcək mükafatlar aşağıdakı qaydada müəyyən edilib:
Birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.
Uşaqlar üçün ekoloji təlim
“Xalq qəzeti” IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya”nın növbəti seminarı barədə məlumat dərc edib.
Məlumatda deyilir: “IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 5-8 yaşlarında olan uşaqlar üçün “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunan növbəti təlim keçirilib. Təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilib. Bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilib. “Kiçik ekoloqlar” ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin “davamlı şəhərin” qurulması yolları ilə də yaxından tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, tullantıların təkrar emal prosesini müşahidə edib və tullantılardan incəsənət nümunələri hazırlayıblar.
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim olan iyun laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların “davamlı şəhər” anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olub.”
Velosiped cığırları
«ЭХО» qəzeti Bakıda velosiped yollarının salınması perspektivi marədə maraqlı və informativ yazı dərc edib. Velosipedlərin Azərbaycan əhalisi arasında da populyarlaşmasına, lakin hələ də velosiped yollarının mövcud olmamasına diqqət çəkən müəllif velosipedçilərin öz həyatarını təhlükə altına atmalı olduqlarını yazır.
Şəhər planlaması üzrə ekspert Fuad Cəfərli echo.az saytına müsahibəsində deyib ki, “şəhərdə velosiped cığırlarının salınmasının zəruriliyi barədə məsələ qaldırmazdan əvvəl bu infrastrukturun inkişaf konsepsiyasını yaratmaq vacibdir. İlk öncə bu suala cavab verə biləcək bir strategiyanın işlənib hazırlanması vacibdir: velosiped yolları bizə kim və nə üçün lazımdır? Bu yollar turistlərə, tələbələrə və idmançılara lazımdır. Bu yolları harada salmalı? Əslində əgər kimdə belə cığırların salımasının çox xərc tələb etdiyini düşünürsə çox yanılır. Əslində şəhər büdcəsi velosiped yollarının çəkilməsindən zərər görməz”.
Ekspert deyib ki, “birtərəfli velosiped yolunun 80 santimetrdən 1 metrə qədər eni olduğunu, ölkədə həm avtomobil, həm də piyada yollarının kifayət qədər geniş olduğunu nəzərə alsaq kiçik bir zolağın velosipedçilər üçün ayrılması heç bir problem yaratmayacaq.”
Ekspert bu məsələyə cavabdeh olan qurumların hansı məsələlərə diqqət yetirməli olduğu barədə də fikirlərini bölüşüb. O həmçinin bildirib ki, “biz Qərbin yolu ilə gedə bilərik. Orada hər bir şəhərdə velosipedi ayda 10 avro ödəməklə kirayə götürmək olar. Həmçinin velosipedçinin təhlükəsizliyinə də kifayət qədər diqqət ayrılmalıdır. Onun dəbilqəsi, qoruyucu dizlikləri və s. olmalıdır.”




