Mətbuat icmalı: “Merkel gəlmir, üsyankar diplomat, Bakı oyunları…”

Şəklin mənbəyi, AFP

“Azadlıq” qəzetinin bugünkü başlıqlarından biri “Olland da Avropa oyunlarının açılışını boykot etdi” adlanır. Yazıda deyilir ki, hakimiyyət boykot aksiyasını ABŞ-ın diqtəsilə Merkelin təşkil etdiyini düşünür.

“İlk olaraq Almaniyanın kansleri Angela Merkel və Almaniya hökuməti açılış mərasimini boykot etmişdi. Almaniya mediası xəbər vermişdi ki, Almaniya hökumətindən Avropa Oyunlarının açılışına qatılan olmayacaq.”

Yazıda həmçinin deyilir: “Azərbaycan hakimiyyətinin nəzarətində olan bəzi medai orqanları "Bakı-2015"in açılışını Avropa liderləri və hökumətlərinin boykot etməsinin arxasında Almaniya kansleri Angela Merkelin durduğu iddiası ilə çıxış ediblər. Bu iddialara görə, "boykot kampaniyası" ABŞ-ın diqtəsi ilə təşkil olunub.

“Yeni Musavat” qəzeti “Üsyankar diplomat hakimiyyətə hücuma keçdi” adlı yazı dərc edib.

Yazıda deyilir: “Uzun illər Azərbaycanın Avropa Şurası, ardınca da Avropa İttifaqındakı səfiri olmuş, hazırda isə İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədovun Bakıdakı yanğından sonra məmurları tənqid etməsindən sonra başlanan qalmaqal davam edir.”

İki gün əvvəl Arif Məmmədovun Norveçdən siyasi sığınacaq istəməsi barədə xəbər yayılmışdı və səfir özünün facebook statusunda bu xəbəri təkzib etmişdi.

Qəzet bu xəbərin yayılmasının səbəbləri barədə yazıb: “…Arif Məmmədovun Norveçə getməsi xəbərinin yayılmasına səbəb bu ölkənin Bakıdakı sabiq səfiri Steynar Gilin özünün facebook profilində paylaşdığı bir status olub. Həmin statusun tərcüməsi belədir: “Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi: ”Əziz Steiner Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bir xeyli SOS məlumatım var".

Qəzet yazır ki, “XİN əməkdaşları Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova və Hikmət Hacıyev isə həmin çağırışı dəstəkləyiblər. Srağagün isə onların nazir Elmar Məmmədyarovun əmri ilə işdən çıxarıldığına dair məlumatlar yayılıb.” Dünən istirahət günü olduğundan qəzet bu xəbəri XİN-lə dəqiqləşdirə bilməyib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin baş vermiş hadisələrlə bağlı Facebookda yaydığı bəyanatda deyilir: “Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəyəm. Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur".

“Yeni Musavat” qəzeti Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun qısa müsahibəsini dərc edib.

Mer eyib ki, “Bakı şəhərində olan binaların hamısından üzlüklər tamamilə sökülüb. İndi Mətbuat prospekti və Ziya Bünyadov prospektində binaların üzlükləri keramika-qranitlə üzlənir, Mətbuat prospektində ağ daşla üzlənən, yalnız eyvanları yanğına səbəb ola biləcək materialdan olan 6 binanın eyvanı betonla üzlənəcək. Nobel prospektində bütün binalar təmizlənib, onların hamısı və digər binalar Almaniyadan, Finlandiyadan və Amerikadan gətirilmiş və xüsusi instruksiya ilə nəzərdə tutulmuş rənglərlə boyadılacaq. İyun ayının 10-a qədər bu işlər yekunlaşmalıdır. Bütün işlər ayın 10-da qurtaracaq. “

İcra başçısı Bakıda yaxın zamanlarda söküləcək ərazilərdən də danışıb: Söküntü işləri artıq başlayıb. Hazırda “Sovetski” adlanan ərazi sökülür. …“Nizami” metrostansiyasından İstiqlaliyyət küçəsinə qədər olan ərazi, “Təzəpir” məscidinin ərtafındakı evlərin sökülməsi nəzərdə tutulur. … “Beşmərtəbə”nin yanından Şəmsi Bədəlbəyli küçəsinə paralel olan küçələrdə, Dilarə Əliyeva, Vidadi küçələrinin sökülməsi nəzərdə tutulur. Sökülən ərazilər yalnız və yalnız yüksək səviyyəli yaşıllaşdırma və istirahət zolaqlarına çevriləcək.”

“Azadlıq” qəzeti Avropa Parlamentinin saytına istinadən yazır ki, “Avropa Parlamenti Bakıdakı Oyunlara görə Avropa Birliyi Şurasına və ali komissara çağırış edib. Avropa Parlamenti iyunun 10-da Azərbaycandakı repressiyaları müzakirəyə çıxaracaq. Parlamentarilər Bakıda keçiriləcək Avropa Oyunları fonunda “turnirə ev sahibliyi” edən ölkədə insan hüquqlarının vəziyyəti təhlil edəcəklər”.

“Xalq qəzeti” “Elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir” adlı yazı dərc edib. Yazıda deyilir: “Azərbaycan təhsili son on bir ilin bütün dövrlərində olduğu kimi, bu ilə də kifayət qədər uğurlu addımlarla başlayıb. … Elm ictimaiyyətinin nümayəndələri fəxrlə yada salırlar ki, bu gün Azərbaycan elmi islahatlarla müşahidə olunan yeni inkişaf yoluna qədəm qoyub. Belə ki, Azərbaycan elmində müşahidə olunan müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə təsdiq olunur. Alimlər qətiyyətlə deyirlər ki, hazırda biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də nəzərəçarpacaq uğurlarımız var. Bu, uğurları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması və səmərəli şəkildə fəaliyyətə başlaması daha da artırır. … bu gün müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca, milli təhsilimiz də, elmimiz də özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycan elmi və təhsili regionda və dünyada özünəməxsus nüfuz qazanacaqdır.”