Mətbuat icmalı: Arif Məmmədov, Cenevrədə müzakirələr, Avropa Oyunları

Şəklin mənbəyi, AFP

Azadlıq” qəzeti Azərbaycan ordusunda daha iki əsgərin intihar etməsi barədə xəbər dərc edib. Bildirilir ki, Gədəbəydə yerləşən hərbi hissədə intihar etmiş əsgər çox ağır fiziki zorakılığa məruz qalıbmış.

Onun adını öyrənmək mümkün olmayıb. İntihar etmiş digər əsgərinsə soyadı Tapdıqovdur və o Tovuzda xidmət edirmiş.

Arif Məmmədov

Yeni Musavat” qəzeti APA agentliyinə istinadən xəbər verir ki, “İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb və təşkilatın diplomatı statusundan məhrum edilib”.

Azadlıq” qəzeti də bu barədə Azadlıq Radiosuna istinadən məlumat dərc edib. Qəzet yazır ki, “Arif Məmmədov istefa verdi və peşəkar siyasətə qoşuldu”.

Arif Məmmədovun Azadlıq Radiosuna bildirib ki, “o özü istefa ərizəsi verərək bu postdan gedib və səfiri olduğu beynəlxalq təşkilat da onun bu ərizəsini nəzərə alıb: "Artıq heç kəsə sirr deyil ki, mən peşəkar siyasətə gələrək, ölkəmin və xalqımın problemləri ilə məşğul olacağımla bağlı bəyanat vermişəm.

Bu bəyanat bütün ölkə ictimaiyyətinə, eləcə də Avropanın siyasi çevrələrinə bəllidir.

Hər kəs anlayışlı qarşılayar ki, mənim siyasətçi olaraq konkret bir beynəlxalq təşkilatın səfiri vəzifəsilə özümü məhdudlaşdırmağım doğru alınmazdı. Hesab edirım ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim”.

Cenevrədə müzakirələr

Azadlıq” qəzeti Azadlıq Radiosuna istinadən iyunun 16-də Cenevrədə BMT-nin insan haqları Şurasının qərərgahında "Azərbaycanda insan haqları, siyasi həbslər, sərbəst toplaşma azadlığı" mövzusunda keçiriləcək müzakirə barədə məlumat dərc edib.

Bildirilir ki, “Müzakirələrdə Azərbaycandan olan jurnalistlər- İdrak Abbasov, Beynəlxalq Media Dəstək qrupundan Gülnarə Axundova, İnsan Haqları Evindən Florian İrminger, siyasi məhbuslar Leyla və Arif Yunusun qızı Dinarə Yunus, BMT-nin sərbəst toplaşmaq və birləşmək hüquqlarına dair xüsusi məruzəçisi Maina Kiai, insan haqları üzrə BMT nümayəndəsi Michel Forst iştirak edəcəklər.

Müzakirələrə Twitterdə #realBaku2015 hashtagi ilə qoşulmaq olar.”

Avropa Oyunları

Azadlıq” qəzeti yazır ki, “Rumıniya prezidenti Klaus Iohannis baş nazir Victor Pontanın ilk Avropa oyunlarının açılışnda iştirakından xəbərsiz olduğunu bildirib və nazirin, insan haqlarının vəziyyətinə görə bir çox Avropa liderlərinin qatılmadığı bu mərasimdə iştirakını xarici siyasətdə səhv addım adlandırıb.”

Bundan başqa deyilir ki, “baş nazir Ponta ətrafında yaranmış korrupsiya qalmaqalına görə, onunla prezident arasında münasibətlər pisləşib. Prezident Lohannis onu istefa verməyə çağırsa da Ponta bundan imtina edib. Həmçinin ölkə parlamenti onun toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorların sorğusunu rədd edib. Bundan bir qədər sonra baş nazirə etimadsızlıq göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə də Ponta qalib gəlib”.

Azərbaycan” qəzeti yazır ki, iyunun 15-də Bakıda birinci Avropa Oyunları çərçivəsində İtaliyanın brend idman məhsullarının təqdimatı olub. …Təqdimatdan əvvəl keçirilən mətbuat konfransında İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edib. Diplomat bildirib ki, İtaliya idman məhsullarının Azərbaycanda təqdimatı məhz ilk Avropa Oyunları ilə bağlıdır. Bu, həmçinin İtaliya-Azərbaycan əlaqələrinin inkişafının göstəricilərindən biridir.

İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo çıxış edərək deyib ki, təqdimatda İtaliyanın 24 şirkətinin 800 növ məhsulu nümayış etdiriləcək.”

Azərbaycan” və “Xalq” qəzetləri Avropa Oyunları gedişində Azərbaycan idmançılarının qələbələri barədə xəbərləri dərc ediblər. Xəbərlərdən biri Azərbaycan güləşçisi Mariya Stadnikin Avropa Oyunlarının çempionu olması barədədir.