Mətbuat icmalı: Diplomatlar Facebook hesablarını bağlayırlar?

Şəklin mənbəyi, AFP
“Azərbaycan” qəzeti “2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatının BƏYANATI”nı dərc edib. Bəyanatda deyilir:
“Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı “Bakı-2015” I Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur.”
Facebook hesabları bağlanılır?
«ЭХО» qəzeti isə yazır ki, Azərbaycan diplomatları öz Facebook hesablarını bağlamağa başlayıblar. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov öz Facebook hesabını bağlayıb. O deyib: “Mən 2009-cu ildə Facebook hesabını Dağlıq Qarabağın işğalı, Xocalı soyqırımı və s. haqda məqalələri yaymaq üçün açmışdım. Bu materialların daha böyük auditoriyaya çatması üçün mənə göndərilən bütün dostluq təkliflərini qəbul edirdim. Ancaq, təəssüf ki, bəzi adamlar məni yaxşı sayılmayan şəkillərdə qeyd etməyə və əxlaqsız şeylər göndərməyə başladılar.”
“Yeni Müsavat” qəzeti Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviçin “açıq və hədələyici mətnlə” “Transxəzər qaz kəmərinin tikintisi Rusiyanın razılığı olmadan baş tuta bilməz”deməsini xatırladır və hesab edir ki, “Putinin səfəri ərəfəsi Azərbaycan faktiki, qaz şantajına məruz qalmış kimi görünür”.
Qəzet mövzu ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini də dərc edib: “Bu xəbərdarlıq - quldurluq, dünyaya hökmranlıq etmək iddiasıdır. Belə bir iddianı irəli sürən ölkənin özü Baltik dənizinin dibindən Avropaya qaz kəməri çəkir, Qara dənizin dibindən Türkiyəyə ”Mavi axın" qaz kəməri inşa edib və 10 ildir ki, istismar edir. İndi isə Ukraynadan Avropaya göndərdiyi qazı Qara dənizin dibindən çəkərək Türkiyə ərazisinə çıxardıb, oradan da Avropaya satmaq istəyir. Yəni dünyada dənizin dibindən qaz kəməri çəkməyi birinci dəfə Rusiya tətbiq edib.
…Bir zamanlar Bakı-Tiflis-Ceyhanın çəkilməsində də belə hallar ortaya atıldı, ancaq sonradan hər şey qaydasına düşdü”
Yazıda deyilir: “Rusiyanın “Transxəzər”ə qarşı hücumunun məhz bu ərəfəyə təsadüf eləməsinin arxasında TANAP və TAP layihələrinin “Türk axını”na (əvvəlki adı “Cənub axını”) əngəl olmasının dayanması əslində yeni məsələ deyil. Son zamanlar “Türk axını”nın keçəcəyi tranzit ölkələrə ABŞ-ın, Avropa Birliyinin təzyiq etməsi Moskvada açıq-aşkar qıcıq yaradırdı.”
Müəlliflər baş verənlərə bu yaxınlarda Odessa vilayətinin qubernatoru təyin edilmiş Mixail Saakaşvili amilinin təsirini də geniş müzakirə edirlər. Məqalədə bununla bağlı bir ekspertin fikirləri də öz əksini tapıb: “…Məsələ ondadır ki, Odessa Qara dənizə çıxışı olan liman şəhəridir. Şəhərdə bölgənin nəhəng neftayırma zavodu var. Bu zavoda ARDNŞ illərdir maraq göstərir. İkincisi, Azərbaycan Gürcüstanın Qara dənizə çıxan limanlarında qaz terminalları inşa edir. Gələcəkdə bu terminallar vasitəsilə Qara dəniz ölkələrinə sıxılmış qaz satmaq olar. Həmin sıxılmış qazı Odessa limanı üzərindən Ukraynaya satmaq olar. Onsuz da Ukrayna Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Demək, Odessaya çatdırılan Azərbaycan qazı Ukrayna üçün alternativ enerji mənbəyi rolunu oynayacaq. Digər tərəfdən, təxminən 15 ildir ki, Bakı ilə Kiyev arasında Odessa-Brodı neft kəmərinin Azərbaycan nefti ilə doldurulmasına dair danışıqlar gedib. Saakaşvili Odessa qubernatoru olaraq bu layihəni də aktuallaşdıra bilər”.
Bundan başqa deyilir ki, “dünən isə Saakaşvili Azərbaycanla bağlı başqa bir mühüm iqtisadi layihənin anonsunu verib. O, Asiyadan Avropaya daşınan yüklərin Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlayıb.”
İnsan haqları
“Yeni Müsavat” qəzeti yazır ki, ABŞ Konqresi, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi məhbus məsələsilə bağlı rəsmi Bakını müzakirəyə çıxarır
Bildirilir ki, “Azərbaycanın sərt tənqid olunduğu toplantıda Azərbaycanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edib. Toplantıya qatılan qaynağın sözlərinə görə, Səməd Seyidov kəskin suallarla “küncə sıxışdırılıb”. AŞPA təmsilçiləri Azərbaycan hakimiyyətinin siyasi məhbuslarla bağlı problemi hansı səbəbdən çözmədiyi, vətəndaş cəmiyyəti fəallarının təqibini dayandırmadığı haqqında çoxsaylı suallar versələr də Səməd Seyidovdan arqumentli cavab ala bilməyiblər.”
Bundan başqa, xəbər verilir ki, “Azərbaycanla bağlı Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında səslənəcək hesabat da artıq hazırdır. Hesabatı qurumun Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramund və Tadeus İvinski hazırlayıb.
…Hesabatda bildirilir ki, Azərbaycan hökuməti dəfələrlə yüksək beynəlxalq kürsülərdən ölkədə insan haqları və demokratiya ilə bağlı problemlərin olmadığını bildirsə də, reallıq tamamilə fərqlidir. Sənəddə siyasi fəaliyyətinə görə həbs edilən bir çox şəxsin adı çəkilir və onların hər birinin taleyi ilə bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət edildiyi, buna baxmayaraq həmin şəxslər üzərindən saxta məhkəmə iddiaları və həbs qərarları götürülmədiyi vurğulanır.
Sənəddə vətəndaş cəmiyyəti institutları ilə bağlı problem insan haqları məsələsi ilə uzlaşdırılıb. Həmməruzəçilər qeyd edir ki, Azərbaycanda siyasi məhbus statusu alan şəxslərin bir çoxu uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı üçün böyük əmək sərf edən şəxslərdir. Sənəddə Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq edən şəxslərin saxta iddialarla uzun müddətə azadlıqdan məhrum edilməsi demokratik prosesə ağır zərbə, Azərbaycanın sivil dünyanın bir parçası olmaqdan imtina etməsi kimi dəyərləndirilir.
Hesabatda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ayrıca bölüm var. Həmsədrlər Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasını, torpaqlarını işğal etməsini, bu səbəbdən 1 milyon insanın daimi yaşayış yerindən məhrum olmasını, sivil şəxslərin əsir götürülməsini ölkədə insan haqları ilə bağlı prosesə ciddi ziyan vurduğunu xüsusi qeyd edib”.
Müəlliflər hətta bildirirlər ki, “Həmsədrlərin hazırladığı hesabatın plenar iclasda müzakirəsi zamanı Azərbaycanın ciddi sürprizlərlə üzləşəcəyi ehtimalı yüksəkdir. Hər sessiyada Azərbaycan hakimiyyətini demokratiyaya basqılara görə tənqid edən AŞPA deputatlarının ölkənin qurumdan çıxarılması təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir.”
Donorların qarşısı niyə kəsildi?
“Azadlıq” qəzetində “Hökumət donorların qarşısını niyə kəsdi?“ adlı yazı dərc edilib.Yazıda deyilir: “Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasəti davam etməkdədir. Müstəqil QHT-ləri sıradan çıxarmaqla siyasətin birinci mərhələsini başa vuran hakimiyyət hazırda qanunvericilik bazasını sərtləşdirərək xaricdən maliyələşməni qeyri-mümkün edir. Bunu bir neçə gün öncə Nazirlər Kabinetinin qəbul etdiyi qərar da təsdiq edir.
Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirildi. Azərbaycanın Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib.
Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.
Azərbaycandakı ictimai və müxalif təşkilatların əksəriyyəti indiyədək əsasən amerikalı milyarder Corc Sorosun təsisçisi olduğu Açıq Cəmiyyət Institutu tərəfindən maliyyələşdirilib. Bu isə o deməkdir ki, yeni qaydaların tətbiqindən sonra xarici donor təşkilatlarının Azərbaycanda fəaliyyəti qeyri-mümkün olub. Çünki heç şübhəsiz Azərbaycan hakimiyyəti insan haqlarının qorunmasını həyata keçirən, demokratik prinsipləri yayan xarici donor təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsinə razı olmayacaq. Nəticədə QHT sektoru tam formada hakimiyyətdən və onun verdiyi qrantlardan asılı vəziyyətə düşəcək.”
Mövzu ilə bağlı ekspert qismində danışan Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, “hakimiyyət müəyyən dərəcədə reytinqini düzəltmək üçün bir sıra beynəlxalq donor təşkilatları ilə danışıqlar aparır. Məqsəd onların geri qaytarılmasıdır. Hakimiyyətin qoyduğu şərt isə budur ki, geri dönən beynəlxalq donor təşkilatları hökumətlə işləməli və hökumətyönlü layihələri maliyyələşdirməlidirlər. Əlbəttə, qanundakı dəyişikliklər xarici donorların Azərbaycandakı fəaliyyətinə, onların layihələrinin effektivliyinə də təsir edəcək.”
“Azadlıq” qəzeti həmçinin yazır ki, iyunun 12-də, …Bakıda Avropa Oyunlarının açılış günü Bundestaqda Azərbaycan məsələsi müzakirəyə çıxarılacaq. Son dövrlər dünya mediasının diqqətində olan problem - Azərbaycanda insan hüquqlarının durumu Bundestaq deputatlarının əsas müzakirə mövzusu olacaq. Almaniyanın federal kansleri Angela Merkelin rəhbəri olduğu hakim koalisiya qətnamə lahiyəsi ilə çıxış edəcək. Qətnamədə deyilir: “Azərbaycan hakimiyyətinin apardığı repressiyalar açıq şəkildə hüquq müdafiəçilərinə, vəkillərə, jurnalistlərə, bloqçulara və siyasi fəallara qarşı yönəlib”. Qətnamə müəllifləri hesab edir ki, son iki ildə vəziyyət daha da pisləşib. Qeyri hökümət təşkilatlarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılıb. Məqalədə deyilir: “Birinci Avropa Oyunlarına hazırlaşan Ilham Əliyev rejimi, yüzdən artıq müxalif düşüncəli insanı həbsxanaya salıb”. …Deputatlar Almaniya hökümətini Azərbaycanda aparılan repressiyaları pisləməyə və bütün siyasi məhbusların azadlığa çıxması üçün ciddi addımlar atmağa çağırır.”




