Mətbuat icmalında: Riqa sammiti, qaraçıların qeydiyyatı, ATƏT-in ofisi

Şəklin mənbəyi, AFP

“ЭХО” qəzeti yazır ki, “Vaşinqtonda “Atlantika Şurasında” çıxış edən Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı üzrə komissarı Johannes Hahn etiraf edib ki, Riqa sammiti çoxları üçün məyusedici olub. Lakin o düşünür ki, yekunları sammitdən əvvəl geniş müzakirə olunan gözləntilərlə müqayisə etmək yox, əldə edilmiş nailiyyətlərlə kifayətlənmək lazımdır. Bura, məsələn, vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsinə ayrılan büdcəninn 20 faiz artırılması da daxildir.

«ЭХО» qəzeti iyunun 13-də Bakıda başlayacaq, YARAT İncəsənət Məkanı tərəfindən keçirilən “A Drop of Sky” (“Bir damcı səma”) adlı III Public Art Festivalı barədə geniş məlumat dərc edib. Yazıda festival çərivəsində təqdim olunacaq incəsənət layihələri barədə məlumat verilir. Bundan başqa deyilir ki, iştirakçıların işləri şəhərin müxtəlif qalereyalarına yerləşdiriləcək. Festival kinoklub, rəssamlarla söhbətlər, iki həftə ərzində fəaliyyət göstərəcək, Londonun “Architecture Association”unu ilə birgə layihə olan “AA Baku School” yaradıcılıq emalatxanasını ehtiva edən geniş tədris proqramı ilə müşayiət olunacaq.

«ЭХО» qəzeti bildirir ki, Azərbaycanda yaxın günlərdə ölkədə yaşayan qaraçıların qeydiyyata alınmasına başlanılacaq. Lakin yerli hüquq müdafiəçiləri bildiriblər ki, bu, beynəlxalq təşkilatların iştirakı ilə böyük qalmaqala səbəb ola bilər. Ekspert bildirib ki, bir müddət əvvəl Avropanın qaraçıların hüquqlarını müdafiə mərkəzindən Azərbaycana gəlmiş nümayəndələr ölkədə qaraçıları tapmayıblar. O deyib ki, ölkədəki dilənçilər özlərini qaraçı kimi qələmə versələr də əslində qaraçı deyillər. Ekspertlər bu məsələ ilə bağlı bir sıra maraqlı detallara da toxunublar.

“Yeni Müsavat” qəzeti iyunun 11-də rəsmi şəxslərin Avropa Oyunları ilə bağlı brifinqindən geniş məlumat dərc edib. Məlumatdan bir parçanı təqdim edirik. “İlk sualın müəllifi olan “Əl-Cəzirə”nin təmsilçisi oyunlara hazırlıqda korrupsiya iddialarının olması və siyasi məhbusla bağlı suallara cavab istədi. Nazir Azad Rəhimov bu yarışların Azərbaycanın tarixində ən önəmli hadisə olduğunu və hazırlıqların yüksək səviyyədə başa çatdırıldığını dedi. Avropa Oyunlarında korrupsiyanın olması iddialarını cavablandıran A.Rəhimov dedi ki, bu fikirlər əsassızdır:

“Azərbaycanın idman büdcəsi ildə 10 milyon avro təşkil edir. Bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur. Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram. Avropa Oyunlarının büdcəsinə gəlincə isə büdcə 960 milyon manat idi və sonradan 1 milyon 74 min manat sərf olundu. Ancaq biz xərclərimizi azaltmışıq. Çünki manat 31 faiz devalvasiya olunub. 134 milyon manat da manatın devalvasiyası nəticəsində əmələ gəlib. Maaşların əsas hissəsi xarici mütəxəssislərə ayrılıb. Xərcləri açıq şəkildə təqdim edə bilərik”.

“Azərbaycan çağırışlara uyğun olaraq siyasi məhbusları azad edəcəkmi” sualına cavabında prezident köməkçisi Əli Həsənov bildirdi ki, son vaxtlar Azərbaycanda azad medianın mövcud olmadığı, siyasi məhbusların olduğu ciddi şəkildə gündəmə gətirilir: “Azərbaycan 15 ilə yaxındır Avropa Şurasının üzvüdür. Azərbaycan məhkəmələrinin qərarından kimsə razı deyilsə, bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edə bilər. Deməli, Azərbaycan məhkəmələri heç kəsi Avropa prinsiplərindən kənar mühakimə edə bilməz. Biz Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq və buna da tam əsasımız var ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ayrı-ayrı əməllərə görə barəsində cəza çıxarılan şəxslər var.”

“Yeni Müsavat” qəzeti bildirir ki, "Radio Free Europe" xəbər verib ki, Azərbaycanın ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun fəaliyyətini dayandırmasını istəməsi “Qərb rəsmiləri və beynəlxalq insan hüquq müdafiəçilərinin ölkədəki insan haqları və media azadlığı ilə bağlı genişlənən tənqidləri ilə bağlıdır.” Yazıda daha sonra deyilir: “Lakin Bakıdakı və ATƏT-in Vyanadakı baş qərargahındakı diplomatlar EurActive [saytına] bildirib ki, ATƏT-in Bakıdakı Layihə Koordinatorluğunun bağlanması ilə əlaqədar olaraq təqsirləndiriləcək biri varsa o da ABŞ diplomatıdır. Onlar iddia edir ki, amerikalılar Azərbaycanda hakimiyyət dəyişikliyinə can atırlar.”

Qəzet həmçinin xatırladır ki, ATƏT-in missiyaları ölkələrin öz təşəbbüsü ilə açılır. “Məlumata görə, yeni səfir mandatına ciddi hörmət edib və siyasi bəyanatlar verməkdən, hakimiyyəti tənqid etməkdən imtina edib. Lakin ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer onun daha çox siyasi rol oynamasını, ABŞ-ın Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da hakimiyyət dəyişikliyi strategiyasının davamçısı olmasını istəyib. Diplomatik mənbələrin bildirdiyinə görə, ABŞ və Böyük Britaniyanın Vyanada Fransaya və ATƏT-in baş katibi Lamberto Zannierə qarşı təzyiqi artıb. Nəticədə ATƏT səfiri ilə mayın 31-də bitən müqaviləsini yeniləməyib.

“EurActiv”ə bildirilib ki, Azərbaycan hökuməti bunu “Əgər Şahtaxtinskinin varisi eyni qayda ilə işləsə, o da işdən azad ediləcək. Bu onun öz mandatını pozaraq işləməsinə təhrik edəcək. Bu qəbuledilməzdir" deyə əsaslandırıb və Bakının qərarı missiyanın fəaliyyətinin dayandırılması olub. Məlumata görə, bu hadisələrdən qabaq Azərbaycan ABŞ-ın missiya üzərinə olan təzyiqlərinin artması barədə ATƏT-in Vyanadakı baş qərargahına rəsmi məlumat verib.”

Məlumatı verən diplomat bildirib ki, "Xüsusi xidmət fonu olanlar insan hüquqlarından hakimiyyətin dəyişdirilməsi üçün bəhanə kimi istifadə edərək xarici siyasəti alətləşdirmək üçün ATƏT-dən istifadə edir. Lakin bu Dağlıq Qarabağ münaqişəsi səbəbindən qonşu Ermənistan ilə müharibə şəraitində olan Azərbaycanda keçməz. …Amerika Azərbaycanı nə qədər çox tənqid edərsə, Azərbaycan bir o qədər çox yaxınlaşacaq Rusiyaya. Amerikanın istəyi budur? …Əgər Qərb buradakı vəziyyəti yaxşılaşdırmaq istəyirsə, o zaman çevrilişə deyil tədricən inkişaf etməsinə kömək etməlidir”.

“Yeni Müsavat” qəzeti Şeyxülislam Allahşükür Paşazadənin Tərtərə helikopterlə qəfil səfəri barədə yazıb. “Hakimiyyət bu rayondan Suriyaya döyüşməyə gedənlərin sayının artmasından narahat olduğu üçün QMİ sədrini təlimatlandırıb. Paşazadənin yerli İH başçısı və ruhanilərlə görüşdüyü deyilir. Qəzetin yerli mənbələrə istinadən verdiyi məlumata görə, “Şeyx Tərtərə tək getməyib, onu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, eləcə də QMİ və QDİDK sədrlərinin müavinləri, tanınmış şərqşünas-alim Vasim Məmmədəliyev müşayiət edib

Tərtərdə yerli icra başçısı ilə görüşən Şeyxülislam daha sonra ruhanilərlə bir araya gəlib və Tərtər Cümə məscidinə baş çəkib. Bizə verilən məlumata görə, Şeyx baxımsız qalan məsciddə günorta namazı qılıb, daha sonra məscidin otaqlarına baxış keçirib, binanın uçulub dağılmasından narahatlığını bildirib. Şeyx bildirib ki, öz şəxsi hesabından Tərtər məscidinin təmirinə 10 min manat ayırır. Eyni zamanda DQİDK sədrinə dövlətin müvafiq fondundan pul ayırmağı təklif edib. M.Qurbanlı Şeyxin təklifini dəstəkləyib, Tərtər məscidinin təmirinə yardım ediləcəyini bildirib. Mənbə bildirir ki, Şeyx Tərtərdə görüşlərdən sonra Bərdəyə yola düşüb.”

Qəzet yazır ki, “Tərtər rayonundan son illərdə çoxlu sayda sakin Suriyaya gedərək radikal qruplara qoşulub. Mətbuatın yazdığına görə, son 3 ildə rayondan bir neçə nəfər Suriyada gedən döyüşlərdə öldürülüb, yaxud da yaralanaraq Türkiyəyə aparılıb. Hazırda Suriyada gedən döyüşlərdə onlarla ayon sakininin olduğu güman edilir. Tərtərdə 90-cı illərdə vəhhabilik geniş yayılıb və yerli əhali arasında tərəfdar toplaya bilib. Sonrakı illərdə də rayonda vəhhabilər, radikal islamçılar xeyli fəal olublar. Ancaq Suriyada başlayan iç savaş və bu savaşda çoxlu sayda azərbaycanlıların öldürülməsindən sonra hakimiyyət orqanlarının respublika səviyyəli tədbirləri Tərtərdə də həyata keçirilib. Hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvü olan bir neçə nəfəri həbs edib, eyni zamanda rayonda radikal qrupları dəstəkləyən, onlara yardım edən şəxslər son aylarda nəzarətə götürülüb. Məhz bu cür xəbərlərin yayılmasından sonra Şeyxülislamın Tərtərə səfər etməsi rayonla bağlı hakimiyyətin narahatlığının hələ də qaldığını göstərir.

Rayondan verilən məlumata görə, son bir ildə hüquq-mühafizə orqanları Tərtərdə radikal qrupların üzvləri, onlara maliyyə dəstəyi verən, himayə edən şəxsləri nəzarətə alıb. Mətbuatda hətta hakimiyyət orqanlarında təmsil olunan bəzi şəxslərin belə qrupları dəstəkləməsi ilə bağlı xəbərlərin yayılmasından sonra hakimiyyət orqanları rayonda fəal vəhhabilər və onların nüfuzlu himayədarlarını nəzarətə götürüb.”

“Azadlıq” qəzeti “Azadlıq” radiosuna istinadən “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika (OCCRP) təşkilatınıın “Xədicə layihəsi” çərçivəsində növbəti, ikinci araşdırmasını dərc edib. “Azadlıq” qəzeti həmçinin Associated Press agentliyinin Avropa Oyunları qabağı Azərbaycanda mövcud repressiyalarla bağlı çap etdiyi məqaləni təqdim edib. Məqalədə deyilir: “Ilk Avropa Oyunlarına hazırlıq getdiyi bir vaxtda ölkədə güclü repressiya aparılıb. Ilk növbədə həbslər və bununla yanaşı digər repressiv üsullarla vətəndaş cəmiyyətinə ağır zərbələr vuruldu. Böyük təbii ehtiyatları olan bu ölkədə insan hüquqları ilə bağlı vəziyyət olduqca pisdir.

“Amnesty International” təşkilatının nümayəndəsi Levon Asatiani deyib: “Güclü repressiyalar yolu ilə Azərbaycanın vətəndaş cəmiyyətinə ağır zərbə vurulub. Hakimiyyət ölkəni tənqid olunmayan əraziyə çevirmək istəyir. Siyasi fəallara qarşı narkotik ittihamı geniş yayılıb. Adamlardan işgəncə yolu ilə ifadə alınır”. “ “Human Rights Whatch” təşkilatının nümayəndəsi Georgi Qogiya deyir ki, hakimiyyət çox böyük səylər hesabına xarici qonaqlara yaxşı şeylər göstərməyə çalışır: “Azərbaycan hakimiyyəti iqtisadi vəziyyətin pis olduğu regionlardan vətəndaşların yarışların keçiriliyi yerə gəlməsinin qarşısını almaq qərarı verib. Aeroportdan Bakıya gedən yolda olan hasarlar isə onun arxasındakı yoxsulluğu pərdələmək üçündür””.