Mətbuat icmalı: BMT nümayəndəsinə "hədə", Emin Hüseynov necə azad olundu, Oyunlar və imic

Şəklin mənbəyi, AFP
“Yeni Müsavat” qəzeti yazır: “AŞPA Komitəsində Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə irəli sürülən üç namizəd kifayət qədər yaxşı təcrübəyə malik olmadığından onların namizədlikləri qəbul edilməyib.
Məlumata görə, irəli sürülən namizədlər - Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova Avropa Şurası İnsan Haqları Məhkəməsi üçün uyğun namizəd hesab olunmayıblar.
1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.
Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayının 31-də başa çatır.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa “qafqazinfo”ya bildirib ki, adları çəkilən hər üç şəxs layiqli namizədlərdir: “Sadəcə, seçim məsələsində nəzərdə tutulan əsas meyarlar hakimlərin hökumətin tabeliyində işləyib-işləməməsi, icra strukturları tərəfindən nə dərəcədə dəstəklənməsi ilə bağlıdır. Əgər hakim hakimiyyətə yaxındırsa, bu, Avropa Məhkəməsi üçün məqbul sayılmır. Onlar daha müstəqil namizədlərə önəm verirlər. O baxımdan da AŞPA bizim namizədlərin siyahısını geri çevirib. Qeyd edim ki, Çingiz Əsgərov neçə illərdir ki, bu sahədə çalışır. İndi onun namizədliyi AŞPA-da qəbul edilməyibsə, burada hər hansı məqsədyönlü addımlar da ola biləcəyini istisna etmirəm”.
Emin Hüseynovun azad olunması barədə
“Yeni Müsavat” qəzeti yazır ki, Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciət təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və "E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib."
Yazıda qeyd olunur ki, "Emin Hüseynovun Azərbaycan hakimiyyəti ilə əldə edilmiş razılaşma əsasında, konkret olaraq prezident İlham Əliyevin razılığı ilə ölkəni tərk etdiyini İsveçrə qaynaqları da təsdiq edir. swissinfo.ch xəbər verib ki, İsveçrənin xarici işlər naziri Didye Burkhalter bu barədə yerli RTS kanalına müsahibəsində deyib.
O, deyib ki, Emin Hüseynovun azad edilməsi olduqca gərgin və mürəkkəb danışıqların nəticəsi idi.
“Mən ötən il prezident Əliyevlə şəxsən görüşdüm. Bir neçə müzakirələrdən sonra biz belə ortaq qənaətə gəldik ki, Hüseynov Azərbaycanı tərk etsə, daha yaxşı olar”- deyə Burkhalter bildirib.”
swissinfo.ch saytının yazısında o da qeyd olunub ki, “Azərbaycan Cənubi Qafqazda İsveçrənin ən iri ticarət partnyorudur. İsveçrə Azərbaycana əsasən zərgərlik məmulatları, maşınlar, saatlar, əczaçılıq məhsulları ixrac edir.
Azərbaycanda bir neçə İsveçrə şirkəti işləyir. İsveçrənin "Axpo" energetika şirkəti TAP qaz kəməri layihəsinə dair konsorsiumun üzvüdür. SOCAR isə İsveçrədə yanacaqdoldurma şəbəkələrinin sahibidir.
Həmçinin "SOCAR Trading" treyder şirkətinin ofisi Cenevrədə yerləşir.”
“Azərbaycan” qəzeti bugünkü nömrəsində iyunun 15-də Olimpiya Ailəsinin üzvləri üçün keçirilmiş rəsmi qəbulda president İlham Əliyevin Nitqini bütövlüklə çap edib.
Nitqdən bir parçanı təqdim edirik: “Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda, biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük. Çünki bu gün iqtisadi cəhətdən zəif olanda beynəlxalq arenada öz mövqeyini müdafiə etmək çətin olur. Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir.”
“Xalq qəzeti” yazır ki, yuxarı sinifdə oxuyan Britaniyalı şagird Tom Uoqq Kils Universitetində təcrübədə olduğu zaman qalaktikada yeni planet tapıb.
Həm “Azərbaycan”, həm də “Xalq” qəzetinin səhifələri idmançıların Avropa Oyunlarında qazandıqları qələbələr və onların müsahibələri, habelə president ailəsinin oyunlar çərçivəsində keçirilən çoxsaylı tədbirlərdə fəal iştirakını əks etdirən fotolar və məlumatlarla doludur.
BMT nümayəndəsi hədələnib
“Azadlıq” qəzeti Azadlıq Radiosuna istinadən yazır ki, “Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü bu qurumun İnsan Haqları Şurasının sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi olan Maina Kiaini hədələyib. Bu barədə məruzəçi özü “Azadlıq” radiosuna müsahibəsində deyib. “Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü mənə yaxınlaşıb dedi ki, əgər bugünkü tədbirdə (iyunun 16-da Cenevrədə BMT-nin Insan Haqları Şurasının qərargahında, 29-cu sessiya çərçivəsində ”Avropa Oyunlarının repressiv üzü" mövzusunda keçirilən tədbir nəzərdə tutulur-red.) onlarla müzakirə olunmamış məsələləri qaldırsam, mənim mandatım altında əməkdaşlığı bir daha nəzərdən keçirəcəklər. Soruşdum ki, mənim nəyi deməyimi və nəyi deməməyimi istəyirlər, cavab vermədilər. Onlara bildirdim ki, bu cür davranışı hədə kimi qəbul edirəm və əməkdaşlıq belə şeylərdən asılı olmamalıdır. Maina Kiai deyir ki, nümayəndə heyətinin ondan özünüsenzura tələb etməsi yanlış və qeyri-peşəkar hərəkətdir, dövlət başa düşməlidir ki, BMT-nin müstəqilliyi alidir. Xüsusi məruzəçi BMT Insan Haqları Şurasının dövlətlə əməkdaşlıq etdiyini, ona hörmət etdiyini bildirib: “Əməkdaşlıq ikitərəfli olmalıdır. Amma hədədən istifadə etmək yanlışdır”.
Maina Kiai iddia edir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri daha sonra bu davranışa görə üzrxahlıq ediblər: “Mən istəyirəm onlar başa düşsünlər ki, BMT çərçivəsində bu işlər belə görülmür”.
Kiai deyib ki, Azərbaycanı BMT-də təmsil edən nümayəndə heyəti onları Avropa Oyunları ərəfəsində insan haqları məsələsini qaldırmaqla məsələni siyasiləşdirməkdə ittiham edir, o isə bununla razılaşmır: “İnsan haqlarının müdafiəsi Avropa Oyunlarına görə dayanmamalıdır, bu müdafiə aramsız olmalıdır. İnsan haqları siyasi məsələ deyil. Bizim siyasi mövqeyimiz yoxdur. Bizim üçün önəmli olan yeganə məsələ insan haqlarının qorunmasıdır.
Amma əlbəttə ki, biz strateji davranırıq və əgər qlobal bir hadisə varsa, ondan istifadə etməyə çalışırıq, amma bu, qətiyyən siyasi deyil və tamamilə insan haqları üçündür."
Azərbaycanın təcridi kimin xeyrinədir?
Daha sonra “Azadlıq” radiosunun “Azərbaycan beynəlxalq təşkilatların ölkədəki ofislərini bağlayır, Qərb dövlətləri və təşkilatları dövlət mediasında ciddi tənqid olunur, əgər hökumət özünütəcrid yolunu seçərsə, bu, insan haqları məsələsini nə dərəcədə çətinləşdirə bilər?” sualına məruzəçi belə cavab verib:
“Ölkə özünü izolyasiya edəndə insan haqları məsələsi hər kəs üçün çətinləşir. Eritreya, Şimalı Koreya, keçmiş Myanmar təcrübəsinə baxanda bunu görmək olar. Təcrid nə Azərbaycan hökuməti, nə də xalqı üçün faydalıdır. Dünyanın qloballaşdığı və Azərbaycanın sərmayə cəlb etmək istədiyi, beynəlxalq ictimaiyyətin həlledici üzvü olmaq istədiyi dövrdə, deyərdim ki, açıq olmaq - özü də hər kəslə - Rusiya, Skandinaviya, İsveçrə ilə açıq olmaq Azərbaycanın marağındadır. BMT-nin əsas ideyası da ideayaların, dəyərlərin, sistemlərin mübadiləsidir. Biz bir-birimizdən öyrənə bilərik. Əgər Azərbaycan qapanmağa və özünü daha çox izolə etməyə qərar versə, bu, məyusedici olacaq və nəticədə zərbəsi Azərbaycan xalqına dəyəcək. Biz İranda, keçmiş kommunist rejimlərində bunun şahidi olmuşuq.
Bugünlərdə Şərqi Berlində oldum, Şərqi Almaniya və Şərqi Berlin izolyasiyadan fayda götürməyib. O cümlədən, insan haqları kontekstində. Bəlkə də qısa müddət üçün izolyasiya faydalı ola bilər, amma uzun müddət üçün olmayacaq. Uzunmüddətli perspektivdə biz bir-birimizə lazımıq, biz biznes qurumlarını, insanları, insan haqları anlayışını Yer üzünə yayılmağa həvəsləndiririk. Dünya belə yaxşılaşır".”
“Azadlıq” qəzeti yazır ki, “Avropa Oyunlarının açılış mərasiminə Avropa liderlərinin qatılmaması dünya mətbuatının müzakirə mövzusuna çevrilib. …Məsələn, “Buzzfeed” Avropa Oyunları fonunda Azərbaycandakı durum barədə hazırladığı geniş həcmli məqaləni “Avropa liderlərinin iştirakı olmadan Avropa Oyunları” başlığıyla yayımlayıb.
Yazıda deyilir ki, “Birinci Avropa Oyunlarının açılış mərasimində hətta Ledi Qaqanın çıxışı da Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətilə bağlı narahatlığı üstələyə bilmədi. Azərbaycanın avtoritar prezidenti Ilham Əliyev açılış mərasimində tamaşalara fəxrlə baxırdı. İyirmi ildən artıqdır ki, Azərbaycanı Əliyevlər ailəsi idarə edir. Əliyev üçün “Avropa Oyunları” adlanan bu yeni idman hadisəsinə özünü dünyaya göstərmək, ölkəsini Qərbin burada insan haqlarının acınacaqlı vəziyyətinə baxmayaraq, heç bir vicdan əzabı çəkmədən onu tamhüquqlu tərəfdaş kimi qəbul etdirmək fürsəti kimi baxır. Əliyev bu istiqamətdə milyardlar xərcləyib, dünyanın ən tanınmış pop-ulduzlarından birini açılış mərasiminə dəvət etdirib. İllərdir davam edən hazırlıqlara, xərclənən milyardlara baxmayaraq, Əliyev istədiyinə nail ola bilmədi və açılış mərasimində VIP tribunada Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, ümumilikdə 71 ildir hakimiyyətdə olan Bularus, Qazaxıstan, Tacikistan prezidentlərilə yanaşı əyləşməli oldu.”
…“Hələlik məlum deyil ki, Amerika ilə nə baş verir. Biz strateji tərəfdaş idik. Biz incimişik və gözləyirik ki, Amerika hökumətindəki dostlarımız Azərbaycana qarşı kampaniyanı dayandırmaq üçün məsələyə müdaxilə edəcək”, - deyə Əli Həsənov bildirib. Daha sonra bildirilir ki, “Azərbaycanda hakimiyyətə etiraz etdiyinə görə hazırda onlarla fəal dəmir barmaqlıqlar arxasındadır. Hüquq müdafiəçilərinin dediyinə görə, ölkədə indiyədək misli görünməmiş repressiyalar davam edir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, həbsdə olanların ən azı 20 nəfəri vicdan məhbusudur. Yerli fəalların sözlərinə görə, ölkədə siyasi məhbusların sayı 80 nəfərdən çoxdur. Azərbaycan hökuməti Avropa Oyunları ərəfəsində beynəlxalq hüquq-müdafiə təşkilatlarının, o cümlədən “Human Rights Watch”ın, “Amnesty International”ın əməkdaşlarının ölkəyə səfər etməsinə imkan verməyib. Həmçinin BBC, “The Guardian”, Almaniyanın ARD telekanalının jurnalistlərinə də viza verməkdən imtina olunub. Azərbaycanın özünün ən tanınmış jurnalisti - “Azadlıq” radiosunun əməkdaşı, Əliyevlər ailəsinin biznes fəaliyyətini araşdıran Xədicə İsmayılova ötən ilin dekabrından həbsdədir.
“Xədicə korrupsiyanı ifşa edib, bunu ictimaiyyətə çatdırırdı. Əgər Xədicə indi həbsxanadadırsa, deməli, ondan qorxurlar”, - deyə Xədicə Ismayılovanın anası Elmira xanım bildirib. Əli Həsənov isə Xədicə Ismayılovanın peşə fəaliyyətinə görə həbs olunmadığını iddia edir.
…Bakı yaxın illərdə daha bir neçə böyük turnirə “ev sahibliyi” edəcək - “Formula-1", 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyunu. Rəsmi məlumatlara görə, Azərbaycan Avropa Oyunlarına bir milyard dollardan artıq vəsait xərcləyib. Lakin real rəqəmlər isə bundan dəfələrlə çoxdur. Avropa Oyunlarında xidmət edən personalın böyük əksəriyyəti 2012-ci ildə London Olimpiadasında işləmiş şəxslərdir.
EOC prezidentinə "Şərəf" ordeni
«ЭХО» qəzeti yazır ki, Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin Prezidenti Patrick Hickey-ni “Şərəf” ordeni ilə təltif edib. Bununla bağlı Gənclər və İdman Naziri Azad Rəhimov APA agentliyinə deyib: «Avropa Oyunları onun dəstəyi ilə keçirilir. Məhz Patrick Hickey-nin sayəsində Avropa bu möhtəşəm anları yaşayır. Bundan başqa, bu gün onun 70 yaşı tamam olur ».
Bundan başqa «ЭХО» qəzeti Bakı gömrük idarəsinin çox sayda mobil telefonun qaçaqmal yolu ilə ölkəyə keçirilməsi cəhdlərinin qarşısını alması barədə geniş və detallı məlumat dərc edib.




