Mətbuat icmalı: U2-dan məhbus fəallara dəstək, Avropa Oyunları, vaxtı ötən borclar

Şəklin mənbəyi, AFP
“Azadlıq” qəzeti yazır ki, “İrlandiyanın dünyaca məşhur rok qrupu U2 iyunun 12-i və 13-də Monrealda (Kanada) keçirdiyi konsertində Azərbaycanın həbs edilmiş ictimai fəallarından 6-nın şəkilini səhnədə qaldırıb. Şəkillər vicdan məhbusları İntiqam Əliyevin, Rəsul Cəfərovun, Leyla Yunusun, Anar Məmmədlinin, Xədicə İsmayılın və təqib olunduğu üçün İsveçrə səfirliyinə sığınan, ötən gün isə İsveçrəyə yola salınan Emin Hüseynovun olub.”
“Qrupun solisti, tanınmış vokalçı Bono şəkillər salonda nümayiş etdiriləndə onların barəsində bir neçə kəlmə də deyib: “Bizim bu dostlarımız öz fikirlərini ifadə etdiklərinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır””.
Qəzet Azadlıq Radiosuna istinadən “Sport for Rights” kampaniyasının koordinatoru Rebecca Vincentin Bononun çıxışına münasibətini dərc edib: «Biz Bononun həbsdəki azərbaycanlı həmkarlarımızın, o cümlədən “İnsan hüquqları naminə İdman”ın təsisçisi Rəsul Cəfərovun adından çıxış etməsindən valeh olmuşuq. Bononun bu çıxışı onu göstərir ki, Azərbaycan rejiminin Avropa Oyunlarına ev sahibliyi etməklə öz imicini yaxşılaşdırmaq səyləri puça çıxıb. Dünya bu ölkədə əslində nələrin baş verdiyini yaxşı bilir və buna səssiz qalmayacaq».
Vincent həmçinin deyib ki, “Lady Gaganın sürpriz şəkildə Azərbaycanda insan hüquqlarının ən pis şəkildə pozulduğu bir vaxtda Avropa Oyunlarının açılış mərasimində çıxış etməsi isə çox məyusedici olub: "İnsan hüquqlarının pozulmasına göz yummaqla Lady Gaga təkcə öz dəyərlərindən vaz keçməyib. Həm də müdafiə etdiyini söylədiyi hüquqları həyata keçirdiklərinə görə həbsaxana əzab çəkən azərbaycanlı fəallara xəyanət edib”.
Rebecca Vincent “Avropa Oyunlarına gələn isveçli nazirin təyyarəsində Azərbaycanı tərk edən Emin Hüseynovla bağlı” da mövqe ifadə edib: "Biz indi rahatıq ki, Emin artıq təhlükəsiz yerdədir. Amma onun azadlıqdan insafsızcasına məhrum edildiyi 10 ayının əvəzini heç nə verə bilməyəcək".
Avropa Oyunlarının ilk medalları
“Azərbaycan” və “Xalq” qəzetləri də Avropa oyunlarından yazır:
“ “Ötən gün Avropa Oyunlarının yarışları 17 məkanda keçirildi. İlk medallar artıq sahiblərinə təqdim olundu. Ev sahibi olaraq Azərbaycanın yüksək nəticələr qazanması bizi çox məmnun etdi. Bu, Oyunların uğurlu keçməsinə zəmin yaradır.” …Bu sözləri iyunun 14-də keçirilən mətbuat konfransında “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
…Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos isə dünən keçirilən karate yarışlarından danışaraq dedi: “Bu yarışlar bir daha göstərdi ki, karate artıq Olimpiya proqramına daxil edilməyə hazırdır. Bakıya Avropanın ən güclü karateçiləri gəlib. Bu da yarışların yüksək səviyyəsindən xəbər verir”.”
“Ekspress” qəzeti yazır ki, “Avstriyalı idmançıların xəsarət alması ilə nəticələnən yol qəzasının video görüntüsünü yayan polis əməkdaşı işindən azad olunub.” Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.
Məlumatda deyilir: “Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürülməklə tanışlarından birinə göndərməsi və onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub.
Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
Avropa Oyunlarına xaricdən baxış
“Azadlıq” qəzeti bu gün də Azərbaycan hökumətinin repressiya siyasəti və korrupsiyası barədə dünya mətbuatının yazdıqları barədə məqalə dərc edib.
Qəzet yazır: “Belə görünür ki, Bakıda keçirilən birinci Avropa Oyunları başa çatana qədər dünyanın ən nüfuzlu media orqanları Azərbaycanda insan hüquqlarının real vəziyyəti, Əliyev hakimiyyətinin mahiyyəti, repressiyalar barədə bütün dünya ictimaiyyətini kifayət qədər məlumatlandıracaq. Gündəlik milyonlarla oxucusu olan “The Guardian”, “Haaretz”, “Der Spiegel” və s. nəşrlər Bakıda keçirilən turnir fonunda bu ölkədə diktatura rejiminin hökm sürməsindən, zahiri parıltının arxasındakı insan fəryadından bəhs edir.”
Bunun ardınca qəzet nüfuzlu media orqanlarının Azərbaycan barədə məqalələrini ixtisarlarla oxucuların diqqətinə çatdırır:
“The Guardian”: Ötən həftənin sonu müasir idman tarixində ən pis hadisələrdən biri başlandı. Olimpiya Hərəkatı Bakıda ilk Avropa Oyunlarını keçirir. Nəzəri baxımdan bu Avropa üçün Pan-Amerika, Asiya Oyunları tipli bir turnirdir. Hərçənd, buna heç bir ehtiyac yox idi. Çünki Olimpiya oyunlarının hər biri üzrə Avropa çempionatları keçirilir.
Avropa Olimpiya Komitəsinin irlandiyalı prezidenti Patrik Hikki rəhbərlik etdiyi qurumun vəsaitlərinə qənaət etmək məqsədilə pullu tiranlar axtarmağa başladı. Əvvəlcə Belarus diktatorunu bu işə qoşmaq istədi. O, qoca və zalım Aleksandr Lukaşenkoya Olimpiya hərəkatına yatırım qarşılığında böyük mükafat vəd etdi. Lakin onun bu cəhdləri əbəs idi. Çünki Lukaşenkonun çox pis idarə etdiyi ölkə belə turniri keçirmək üçün həddindən artıq kasıbdır. Belə olan halda, Hikki Azərbaycandakı mafiyaya üz tutdu. Böyük neft dollarlarını ələ keçirmiş Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə nüfuz qazanmaq üçün həmin pulları xərcləməyə razılıq verdi. Azərbaycanda həbsdə olan siyasi məhbusların - jurnalistlərin, fəallarının azadlığa buraxılması üçün etiraz aksiyaları keçirən “Insan hüquqları naminə idman!” kampaniyasının təşkilatçıları Bakıdakı Avropa Oyunlarının boykot olunmasını istəməyiblər. Onlar istədiyi budur ki, Avropa dövlətlərinin hökumətləri, idmançıları, olimpiya komitələri Azərbaycan hakimiyyətini siyasi məhbusları azadlığa buraxmağa çağırsınlar. Məsələn, Xədicə Ismayılova kimiləri... O, hökumətdə korrupsiyanı ifşa edən yazılarına görə həbsxanaya salınıb. Ismayılova həbsxana kamerasından “The New York Times”a göndərdiyi məktubda yazıb ki, Azərbaycanda insan haqları sahəsində vəziyyət heç vaxt indiki qədər acınacaqlı olmayıb. Ölkəsinə gələnlərdən də xahiş edir ki, oradakı parıltıya aldanmasınlar, korrupsiyadan, repressiyalardan diqqəti yayındırmasınlar. Turnirin təşkilatçıları iştirakçıların tənqidi fikirlərinin qarşısını almağa çalışırlar. Yarış iştirakçılarına toplantı keçirmək, siyasi, dini, irqi mövzularda təbliğat xarakterli çıxışlar etmək qadağan olunub. Azərbaycanın siması bu oyunların təşkilatçıları və ondan faydalananlar deyil, hazırda həbsxanada olan dəyərli insanlardır.
“Haaretz”: Bakıda Avropa Oyunlarının açılışı Olimpiada miqyasında keçirildi. Bu, Əliyev hökumətinin ölkənin sərvətlərini mənimsəməsini, Azərbaycanda insan haqlarını boğmasını ört-basdır etmək üçün həyata keçirdiyi planın tərkib hissəsi idi. Xəzər dənizinin sahilində yerləşən Bakıda çoxsaylı yeni binalar, parlaq mərmər və qranitlər, avto-salonlar, son Italiya dəbindən olan paltar mağazaları gözə dəyir. Ölkənin neft-qaz gəlirlərinin əhəmiyyətli hissəsi prezident Ilham Əliyevin repressiv rejiminin saxlanılmasına sərf olunub. Onun atası, mərhum Heydər Əliyev Azərbaycanın müstəqilliyindən əvvəl “KQB”nin rəhbəri, Kommunist Partiyasının Bakıda birinci katibi, Moskvada Siyasi Büronun üzvü olub. …Azərbaycanda Əliyev hökumətinin ört-basdır elədiyi gerçəkliklərin üzərindən pərdəni qaldırmağa çalışanlar təqiblərlə üzləşir, həbs olunur, ölkədən qaçmaq məcburiyyətində qalır. Məsələn, çoxsaylı beynəlxalq mükafatların sahibi olan araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı, Əliyev və ətrafındakıların korrupsiyasını ifşa edən Xədicə Ismayılova. Onu yaşadığı mənzilə gizli şəkildə kamera yerləşdirilərək, yataq otağında lentə alınmış intim görüntülərilə şantaj etdilər. Xədicə Ismayılova şantaj qarşısında geri çəkilmədikdə həmin görüntülər internetdə yayımlandı. Ismayılova ötən ilin dekabrında saxta ittihamlarla həbs olunub və hələ də həbsxanada məhkəməsini gözləyir. Ismayılova hazırda Azərbaycanda həbsxanada olan onlarla jurnalist, blogger, vəkil, hüquq müdafiəçisindən biridir. Başqalarının hüquqlarını müdafiə edən Rəsul Cəfərovun özü də ötən ilin avqustundan həbsxanadadır. Həbs olunana qədər onun həyata keçirdiyi işlərdən biri də Azərbaycanda insan haqlarının vəziyyətinə diqqət çəkmək məqsədilə təşkil olunan “Insan haqları naminə idman” kampaniyası idi. Cəfərov Avropa Oyunları ərəfəsində bu kampaniyanı keçirmək istəyirdi. Siyasi repressiyalar sistemli ola bilər, amma çox nadir hallarda effektli olur. Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergidən yayınma kimi ittihamlarla 6 il 6 ay azadlıqdan məhrum edildi. Onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi Avropa Oyunlarının açılış gününə təyin olunsa da, bir neçə gün əvvəl təxirə salındığı bildirildi. Görünür, hakimiyyət dairələri başa düşür ki, ölkədə bu qədər xarici jurnalist olduğu bir vaxtda həmin məhkəmənin keçirilməsi Azərbaycanın imici baxımdan məqsədəuyğun deyil. Yeri gəlmişkən, hökumət özü üçün “potensial problem” saydığı xarici jurnalistlərə də viza verməkdən imtina edərək ölkəyə buraxmayıb. Maraqlıdır ki, hakimiyyət Avropa Oyunlarından maksimum faydalanmağa çalışdığı bir vaxtda bu haqda yazacaq jurnalistlərin ölkəyə gəlişinə də qadağa qoyur. Avropa Olimpiya Komitəsi də Azərbaycan hökuməti kimi həyəcanla bu turnirin uğurlu keçməsinə çalışır. Necə ki, FIFA-nın devrilmiş prezidenti Zepp Blatter 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün yeni stadion və mehmanxanaların tikintisində öldürücü istidə çalışan fəhlələrin ən adi hüquq və təhlükəsizlik normalarına əməl olunmaması səbəbindən ölüm hallarını ört-basdır etməyə çalışırdı. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki də yalnız Azərbaycan hökumətini tərifləməklə məşğuldur. Məlumata görə, Bakıda keçirilən Avropa Oyunları Azərbaycana ən azı 7 milyard dollara başa gəlib. FIFA ilə bağlı son həbslər, beynəlxalq araşdırmalar bir daha üzə çıxartdı ki, Olimpiada, dünya çempionatı, Formula-1, Qran-pri yarışları diktatura rejimləri, keçmiş sovet ölkələri, ərəb dünyası üçün sanki vitrin rolunu oynayır. Onlar pul hesabına bu yarışları almaqla özlərinə imic yaratmaq, yol tapmağa çalışırlar. Nəzarət olunmayan büdcə korrupsiya, çirkli pulların yuyulması kanalına çevrilir. Gələn il Bakıda Formula-y yarışları keçiriləcək, dünyanın ən sürətli avtomobilləri bu şəhərin küçələrində şütüyəcək. Diktatorlar və idman təşkilatlarının prezidentlərini ümumi maraqlar birləşdirir. Avropa Oyunlarının nüfuzuna ilk zərbə ötən həftənin əvvəlində - Hollandiya növbəti dəfə 2019-cu ildə keçiriləcək bu turnirə “ev sahibliyi” etməkdən imtina edəndə dəydi. Belə çıxır ki, əgər Rusiya və ya keçmiş sovet ölkələrindən hər hansı biri addım atmasa, o halda, Bakı bu Avropa Oyunlarını keçirən birinci və axırıncı ölkə olacaq. Avropanın bir sıra hökumətləri Azərbaycandakı vəziyyətə etiraz olaraq, Bakıda açılış məraisiminə qatılmadı. Almaniya isə kifayət qədər aşağı ranqlı rəsmi şəxslə təmsil olundu. …Olimpiya bürokratları, idmançıları, xarici media nümayəndələri çıxıb gedəcəklər, Azərbaycan xalqı isə qalıb bunun bədəlini ödəməli olacaq.”
“Der Spiegel”:Bakıda keçirilən Avropa Oyunları Azərbaycanın mütləq hakimi Ilham Əliyevin təbliğat şousudur. Bu idman yarışının təkcə özü yox, tarixi də şübhəlidir. Dünyanın idman liderləri bu ölkədə insan haqlarının pozulmasına, mətbuat azadlığının məhdudlaşdırılmasına etiraz etmədilər və Bakıdakı yeni Olimpiya stadionunun tribunalarında Ilham Əliyevlə yanaşı əyləşərək, onu alqışladılar. Ilham Əliyev diktatorlardan biri olmaqla yanaşı, həm də Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. Həm də səxavətlə pul xərcləyəndir. Əliyev öz təbliğatı üçün ən azı 6 milyard dollar xərcləyib. Avropa Olimpiya Komitəsi hələ 2007-ci ildə Avropa Oyunları keçirmək qərarı vermişdi. Bundan dörd il keçsə də, “Deloitte” hüquq firması təşkilatçılar üçün tələblər paketini hazırlayıb Patrik Hikkiyə təqdim etməmişdi. Sonradan qərara alındı ki, Avropa Oyunlarının Londonda 2012-ci ildə keçirilən Olimpiadadan 3 il sonra keçirilməsi məqsədəuyğundur. Əliyev 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışması ərəfəsində Patrik Hikkini Azərbaycana dəvət etmişdi. “Eurovision”un finalına 3 gün qalmış Beynəlxalq Olimpiya Komitəsinin Kanadada keçirilən toplantısında Icraiyyə Komitəsi 2020-ci il Olimpiadasına “ev sahibliyi” edəcək dövlətlə bağlı verdiyi qərarla ikinci dəfə rəsmi Bakının ümidini dəfn elədi. Bundan əvvəl Azərbaycan 2016-cı il Olimpiadasına “ev sahibliyi” etmək üçün müraciət etmiş və bu cəhdi uğursuz olmuşdu. Hikkinin Bakıya səfəri gerçəkləşirdi. Kanadadan qayıdan idman naziri Azad Rəhimov şefi Əliyevə bu haqda hesabat verdi. Əliyev, Hikki və Rəhimov razılaşma əldə etdilər. 2020-ci ilin Olimpiadası əvəzinə, 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verildi. Paralel olaraq, nazir Rəhimov 2019-cu ildə keçiriləcək Yay Universiadasına (tələbələrin idman turniri) “ev sahibliyi” etmək üçün də ərizə verdi. Lakin bunun əvəzinə Azərbaycana 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyununu keçirmək hüququ verildi - hazırda Britaniya Olimpiya Assosiasiyasının rəhbəri olan Lord Kounun köməyilə. Avropa Oyunlarına “ev sahibliyi” məsələsilə bağlı razılaşma 2012-ci ilin dekabrında Romada 38 nəfər lehinə, 8-i əleyhinə olmaqla rəsmiləşib. Özü də bu turnirə “ev sahibliyi” etmək üçün Azərbaycandan başqa namizəd olmayıb. Kou da səsvermə zamanı Azərbaycanın xeyrinə mövqe nümayiş etdirib. Kounun Bakıda, keçmiş sovet ölkələrindən Türkmənistanda da biznesi var. Növbəti Avropa Oyunlarının 2019-cu ildə Hollandiyada keçirilməsinə qərar verilmişdi. Lakin bir neçə gün əvvəl Hollandiya maliyyə sərfiyyatının çoxluğunu əsas gətirərək, bu turniri keçirməkdən imtina etdi. Hikki və köməkçiləri indi ümidsizcəsinə çıxış yolu axtarırlar. Ən yaxşısı budur ki, turnirə “ev sahibliyi” edəcək ölkə demokratik olsun - bəs pulu kim ödəsin? Ümid diktatorluğuna görə 2012-ci ilin yayında London Olimpiadasına buraxılmayan və Hikkinin yaxın dostu olan Aleksandr Lukaşenkoya qalıb.
Vaxtı keçmiş borclar
“Azadlıq” qəzeti Amerikanın Səsinə istinadən bildirir ki, Azərbaycanda iqtisadiyyatda kredit qoyuluşları aşağı düşüb, vaxtı keçmiş borclar artıb.
“Mərkəzi Bankın son açıqlamasına görə, 2015-ci il mayın 1-nə ölkə üzrə cəmi kredit qoyuluşları … əvvəlki ayla müqayisədə 36,8 milyon manat və ya 0,18 faiz azdır.”
Bundan başqa deyilir ki, “kredit qoyuluşunda cari ilin mart-aprel aylarındakı müşahidə olunan artımdan sonra may ayında müşahidə olunan azalma işgüzar aktivliyin aşağı düşməsi faktı kimi də qiymətləndirilə bilərdi. Lakın, təhlillər göstərir ki, azalmanın baş verməsi əsasən banklarda olan manat qıtlığı səbəbindən manatla yeni kredit xəttlərinin açılması ilə bağlıdır. Bu tendensiya bu ilin yanvarından başlamış və fevral devalvasiyasından sonra daha da sürətlənmişdir.”
İqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə deyib ki, “kredit qoyuluşlarının azalması ilə yanaşı vaxtı keçmiş borcların da artması bankların kredit portfelini idarəetmə riskinin yüksəlməsinin göstəricidir. …Vaxtı keçmi kreditlər əsasən istehlak kreditləşməsində müşahidə olunur. Bu isə o deməkdir ki, vaxtında kreditini qaytara bilməyən vətəndaşların sayı durmadan artır”. Onun fikrincə “bu indikator həm də ölkədə sosial vəziyyətin ağırlaşmasının göstəricisi sayıla bilər.”
O həmçinin deyib: “Təəssüflər olsun ki, banklara olan borclarına tərkibində şübhəli və ümidsiz kreditlərin payı açıqlanmadığından biz vəziyyəti tam qiymətləndirə bilmirik. Lakin, aydın xətt üzrə müşahidə olunan daha bir təhlükəli tendensiya da mövcuddur ki, getdikcə şübhəli borclar ümidsiz borclara çevrilməkdədir”, İbadoğlu qeyd edib.




