N!DA VH fəalların İlham Əliyevə müraciətinin "müxtəlif yollarla yazıldığını" bəyan edib

N!DA Vətəndaş Hərəkatı hazırda həbsdə olan üzvlərinin Prezident İlham Əliyevə müraciət yazmaq üçün "müxtəlif yollarla və dəfələrlə cəhd edildiyini" açıqlayıb.
"Həbsdəki üzvlərimizin məlum müraciəti hansı şəraitdə yazmaları barədə məlumatımız yoxdur. Ona görə də müraciətin mətni ilə bağlı ətraflı fikir yürüdə bilmirik. Bildiyiniz kimi, N!DA-çı gənclər 19 aydır günahsız yerə həbsdədirlər", təşkilatın yaydığı bəyanatda deyilir.
Çərşənbə günü N!DA fəallarının İlham Əliyevə müraciətində deyilir ki, həbs cəzasının axıra kimi çəkilməsinin "gənclik dönəmlərinin boşa xərclənməsi demək olardı".
VH-nın bəyanatında isə bildirilir ki, hakimiyyət "bu əməllərlə azadlıq və demokratiya uğrunda mübarizə aparan insanları yolundan çəkindirə, onların mübarizə əzmini sındıra bilməyəcək".
"Onlar özlərinin cinayət əməllərinə, günahsız insanların həbs olunmasına haqq qazandırmaq, daxili və xarici təzyiqlərdən diqqəti yayındırmaq məqsədilə avtoritar rejimlərə xas formada həbsdəkilərə "kağız parçasına" öz eşitmək istədiklərini yazdıraraq vəziyyətdən çıxmağa çalışırlar", bəyanatda qeyd olunur.
Bundan öncə N!DA Vətəndaş Hərəkatının hazırda həbsdə olan altı üzvü prezident İlham Əliyevə açıq məktubla müraciət edib.
Çərşənbə axşamı Penitensiar Xidmətin saytında yerləşdirilən məktubun Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadənin imzası ilə yazıldığı görünür.
"Biz həbsdəki nidaçılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı", müraciətdə deyilir.
Gənc fəalların vəkili Elton Quliyev BBC Azərbaycancaya deyib ki, N!DA fəallarının müraciətindən öncədən xəbərdar olub.
"Belə bir qərara gəldiklərini bilirdim. Ümumi müzakirə edib qərara gəldikləri bir sənəd olub. Mətndə qeyri-adi heç nə yoxdur", vəkil qeyd edib.
Vəkil: "Yəqin ki, təklif olub"
Müraciət mətnində gənc fəalların həbsdə olan zaman ölkə daxilində və ölkə xaricində gedən prosesləri kənardan "kifayət qədər müşahidə etmək imkanlarının" olduğu bildirilir.
"Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq", mətndə qeyd olunur.
Cənab Quliyev N!DA-çıların müraciəti təzyiq altında yazıb-yazmadıqları barədə sualı şərh edərkən deyib ki, "yəqin ki, təklif olub".
"Belə bir zərurət olduğunu əvvəllər heç onlara da deməyiblər. Sənədin bu cür yayılması onun N!DA-çıların əleyhinə şərh edilməsinə heç bir əsas vermir", vəkil əlavə edib.
Müraciətdə prezidentə xitabən deyilir ki, "bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəyinizə ümid edirik".
Vəkil N!DA fəallarının müdafiəsində "maksimum məqsədin" gənclərin azadlığa buraxılması olduğunu bildirib.
"Bizim müdafiəmiz yalnız hüquq çərçivəsində olub və onların əleyhinə olan sübutların hamısı qurama sübutlardır. O mövqedən geri çəkilmirik. İşin sonunda bizim maksimum niyyətimiz gənclərin azadlığa buraxılmasına nail olmaqdır. Əgər belə bir qərar qəbul edilə bilərsə, o cümlədən müraciət ünvanlanan dövlət başçısı tərəfindən, demək biz maksimum məqsədimizin birinə nail olacağıq", o əlavə edib.
Valideynlər
Məmməd Əzizovun anası Məhluqə Əzizova BBC Azərbaycancaya deyib ki, müraciətin yazılmasına "çox sevinir" və "xeyri olacağını" gözləyir.
"Amma belə bir müraciət hazırladıqlarını heç eşitməmişdim. İnternetdən oxuyan arada Məmməd özü zəng vurdu və dedi ki, axır ki yazdıq ana, gözün aydın, sən deyən oldu. Nə olur olsun oğlunu və digər gəncləri yalnız azadlıqda görmək istəyirəm".
İlkin Rüstəmzadənin atası Bəkir Xəlilov müraciətdən "xəbərsiz" olduğunu desə də, sevincini gizlətmir.
"Mən sevinirəm ki, yazıblar. Onları ərizəsiz buraxmayacaqlar. İlkin əvvəldə mənə heç nə deməmişdi. Hətta mənim ərizə yazmama qəti narazılıq edirdi. Yəqin ki, razılaşıblar", Xəlilov BBC Azərbaycancaya deyib.
Ötən həftənin cümə günü Üzeyir Məmmədli ilə görüşdüyünü bildirən Yalçın İmanov BBC Azərbaycancaya deyib ki, aralarında müraciət haqqında "söhbət olmayıb" və bu onun üçün"gözlənilməz" olub.
"Sirr deyil ki, dəfələrlə NİDA-çılara əfvlə bağlı müraciət yazılması təklif olunub. Amma konkret bu müraciətlə bağlı heç nə deyə bilmərəm. Görüşməliyəm və dəqiqləşdirmələr apardıqdan sonra bu barədə nəsə demək olar", vəkil əlavə edib.
Rəşadət Axundovun atası Fikrət Axundov müraciətin hazırlandığından məlumatlı olduğunu deyir.
"Müəyyən kanallardan məlumat var idi. Demişdi ki, belə müraciət hazırlayırlar. Mən o mənada pis qarşılamıram ki, ümumi gedişata uyğunluq kimi addım atıblar. Bu işdə demokratiyanı müdafiə edənlərin də günahı çoxdur, Amerikanın, Avropanın da günahı çoxdur", cənab Axundov BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, müraciəti əfv adlandırmaq "doğru deyil" və bundan sonra "ciddi bir gözləntisi" yoxdur.
Müraciətin sonunda N!DA fəalları "bütün bilik və bacarlarını müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istədiklərini" qeyd edib.
"Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz", müraciət bu sözlərlə bitir.
Səkkiz N!DA-çı fəal ötən ilin martında Əsgər Ölümlərinə Son aksiyası ərəfəsi və sonrası həbs olunub, onlar kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunub.
Bu il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il, Rəşad Həsənov və Məmməd Əzizova 7.6 il, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7, Şahin Novruzluya isə 6 il azadlıqdan məhrum etmə cəzası kəsilib.
Bundan əvvəl Şahin Novruzlu və Bəxtiyar Quliyev prezidetn İlham Əliyevə müraiət edib.




