N!DA-çı Şahin Novruzlu İlham Əliyevə əfv müraciəti göndərib

Şəklin mənbəyi, penitensiar xidmet
N!DA Vətəndaş Hərəkatının kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilən üzvü Şahin Novruzlu Azərbaycan prezidenti İlham Əliyevdən "əfv edilməsini" istəyib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin saytında çap edilən müraciət məktubunda qeyd olunub ki, Novruzlu məhkum olmasını "həyatının ən böyük səhvi" hesab edir.
"Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm".
19 yaşlı gənc fəal əlavə edib ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmayıb və gələcəkdə də "heç bir siyasi təşkilatın üzvü olmayacaq".
Bu ilin mayında Şahin Novruzlu təxminən bir illik istintaq və məhkəmə proseslərindən sonra 5 il həbs cəzası alıb.
"..uşaqdır"
Novruzlunun atası İbrahim Novruzov oğlunun müraciətindən xəbəri olduğunu deyir.
"Şahin ordadır, çətindədir. 17 yaşında uşaqdır, düşüb ora, mən nə deyim ona? Yəni çətin məsələdir. Bu yerə gəlib çıxmaq, əvvəl axır gözlənilən bir şey idi də", ata Novruzov BBC Azərbaycancaya bildirib.
İbrahim Novruzov əlavə edib ki, oğlu ilə çərşənbə günü görüşsə də, müraciət barədə "söz-söhbət bir müddət əvvəl" yayılıb.
Fəalla ötən həftə görüşən vəkil Nemət Kərimli müraciəti "təəssüflə" qarşılayıb.
Vəkil "təəssüflənir"
"Mən onunla keçən həftə görüşmüşəm və o qəti sürətdə inkar edirdi ki, belə müraciət yazacağını. Ona görə mənə aydın deyil bu müraciət, çünki Şahin həmişə özünün təqsirsiz olduğunu deyirdi"
Vəkil qeyd edir ki, müraciət "fəala təzyiqlər" nəticəsində yazılıb, "onu aldadıblar", cənab Kərimli əlavə edib.
Şahin Novruzlu 2012-ci ilin martında narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham edilərək saxlanılıb.
Bir ay əvvəl N!DA VH-nın həbsdə olan başqa bir üzvü- <link type="page"><caption> Bəxtiyar Quliyev</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140602_nida_bakhtiyar_guliyev.shtml" platform="highweb"/></link> prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Hazırda N!DA VH-nın başqa üzvləri - Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizova, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 6-8 il azadlıqdan məhrum etmə cəzası ilə <link type="page"><caption> həbsdədir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140422_nida_timeline.shtml" platform="highweb"/></link>.




