Bəxtiyar Quliyev İlham Əliyevə məktub yazıb

Şəklin mənbəyi, penitensiar xidmet
N!DA Vətəndaş Hərəkatının keçmiş üzvü Bəxtiyar Quliyev prezident İlham Əliyevə açıq məktubla müraciət edib, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidməti BBC Azərbaycancaya təsdiqləyib.
Yerli mediada yayılan məktubun iyunun 1-də Bakı İstintaq Təcridxanasında Bəxtiyar Quliyev tərəfindən və imzası ilə yazıldığı görünür.
"Mən anlamışam ki, burada olduğum dövrdə passiv bir gənc kimi zaman itirməkdənsə fəal, Azərbaycanın adını daim zirvələrə qaldıra və gənclərin sırasında ola bilərəm. Mən artıq bunu anlayanda hələ də gec olmadığını və bundan sonrakı davranışlarımda sağlam ruhla ulu öndər mərhum Heydər Əliyevin bizə miras qoyub əmanət etdiyi doğma Azərbaycanımıza layiqli vətəndaş olmağıma şərait yaratmağınızı sizdən xahiş edirəm ", "virtualaz.org" saytının çap etdiyi məktubda bildirilir.
Prezident İlham Əliyevin siyasətinə dəstək ifadə olunan məktubda bildirilir ki, müəllif "yanlış insanların təxribatlarına uyaraq etdiyim cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir".
Mayın 6-da 7 il azadlıqdan məhrum etmə cəzası alan Bəxtiyar Quliyev ötən ilin martında narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham edilərək saxlanılıb.
Ötən gün gənc fəal vəkillərindən və üzvü olduğu təşkilatdan imtina edib, fəalın atası Səməndər Quliyev BBC Azərbaycancaya bildirib.
"Özü NİDA VH-dan çıxmaq istəyir və mənə dedi ki, idarə heyətilə əlaqə saxlayım və ona deyim ki, N!DA-dan çıxır. Cavan uşaqdı, ağıllanıb yəqin".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytında Bəxtiyar Quliyevin N!DA VH-dən çıxması və adından "siyasi məhbus" adının götürülməsini nəzərdə tutan bəyanat da yayılıb.
N!DA VH BBC Azərbaycancaya məsələ ilə bağlı hələ şərh verməyib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytında Bəxtiyar Quliyev Səməndər oğlu tərəfindən 29 may tarixində yazılmış bəyanat yayılıb.
"Mən, bu gündən NİDA VH üzvülüyündən imtina edirəm. mənim bu addımıma səbəb, həbsdə olduğum dövrdə özüm-özümü tapmağım, təxribatçı qüvvələrin yalnış fikirlərini həyata keçirdiyimi dərk etməyimdir. Aidiyyatı orqanlardan tələb edirəm ki, siyasi məhbus anlayışını mənim üzərimdən götürəsiniz", sənəddə deyilir.
İki gün əvvəl oğlu ilə danışdığını deyən Səməndər Quliyev deyir ki, oğlunun vəziyyətinə görə çıxış yolu olmayıb.
"Epilepsiya xəstəsidir, kamera şəraitində vəziyyəti çox pisdi. Hökm verilən zaman da necə gərgin olduğunu gördüm.
Səməndər Quliyev əlavə edir ki, Bəxtiyar Quliyev hadisələrin bu "dərəcəyə gəlib çıxacağını bilməyib".
"Gərək N!DA-ya üzv olanda başa salardılar ki, vəziyyət bu hala gəlib çıxa bilər. Onda bilib gələrdi. Hay-küy düşüb üzv olub, 19 yaxşı var, bilməyib əslində onu hara gətirib çıxara bilər".
Bəxtiyar Quliyev, N!DA fəalları Məmməd Əzizov və Şahin Novruzlu ilə eyni zamanda- ötən ilin martında saxlanılıb. Martın 8-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun yaydığı bəyanatda N!DA hərəkatının hakimiyyət tərəfindən saxlanılmış üzvlərinin evindən Molotov kokteyli, marixuana, həşiş və "təcili demokratitya tələb olunur" yazılmış vərəqələrin tapıldığı deyilir. Bu ilin mayında Bəxtiyar Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.




