Qərb ölkələri N!DA fəalları barədə qərardan "narahatdır"

Şəklin mənbəyi, Nida NIDA VH media qrupu

Qərb və ABŞ rəsmiləri, eləcə də beynəlxalq insan haqları təşkilatları 6-8 il həbs cəzası alan N!DA Vətəndaş Hərəkatı fəalları barədə məhkəmə qərarından "narahat olduqlarını" bildirib.

Ötən ilin noyabrından kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə səkkiz N!DAçı fəalın məhkəmə istintaqı aparılırdı.

Mayın 6-da yekunlaşan məhkəmənin qərarı ilə fəallar Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il, Rəşad Həsənov və Məmməd Əzizova 7 il 6 ay, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7, Şahin Novruzluya isə 6 il azadlıqdan məhrum etmə cəzası verilib.

Britaniya hökümətinin "məhkəmə proseslərini yaxından izlədiyini" deyən Böyük Britaniyanın Avropa üzrə naziri David Lidington qərardan "dərin narahatlıq" keçirdiyini bildirib.

"Mən fəalların kütləvi iğtişaş təşkil etmək, qeyri-qanuni silah və narkotik əldə etmək ittihamlarından xüsusi narahatam", cənab Lidington bildirib.

Nazir qeyd edib ki, Britaniyanın xarici işlər naziri [William Hague] də ötən ilin dekabrında Bakıya səfəri zamanı N!DA Vətəndaş Hərəkatı üzvlərinin saxlanılması barədə narahatlıqlarını bildirib.

Böyük Britaniya Azərbaycanda siyasi motivli saxlanılma və həbs qərarları barədə artmağa doğru gedən cərəyandan narahatlığını bildirməyə davam edəcək, cənab Lidingtonun bəyanatında deyilir.

Amnesty İnternational (Aİ) Təşkilatı isə gənclərə həbs cəzası verilməsinin Azərbaycanın Avropanın əsas insan haqları təşkilatına sədrliyi ilə eyni zamana təsadüf etməsinə diqqəti yönəldib.

Təşkilat, belə bir vaxtda Azərbaycanda insan haqlarının vəziyyətini "qorxulu" adlandırıb.

Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurası Nazirlər Komitəsində sədrliyi <link type="page"><caption> təhvil alıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140506_coe_mincab_mammadyarov.shtml" platform="highweb"/></link>.

Azərbaycanın Nazirlər Komitəsində sədrlik dövrü isə mayın 14-də başlayır və noyabrın 13-də bitir. Sədrlik dövründə Azərbaycan, prioritetləri sırasında Şuranın əsas üç sütun vəzifələrini - insan haqları, qanunçuluq və demokratiya məsələlərini həyata keçirməyi planlaşdırılıb.

"Bu hökm insan hüquqlarına yaraşmır və Azərbaycanın əsas azadlıqlara hörmət etməkdən imtinasının zamanında göstəricisidir", Aİ-nin Avropa və Mərkəzi Asiya Proqramı rəhbərinin müavini Denis Krivoşeev deyir.

Denis Krivoşeev bildirib ki, Aİ, hər zaman Azərbaycanda vicdan məhbuslarından narahatlıq duyub. Təşkilat onların dərhal və şərtsiz azad edilməsinə çağırıb.

"..onlarla şəxsin dinc yolla ifadə azadlığı hüququnu həyata keçirməkdən məhrum edilməsi də narahatedicidir. Hökümətin insanlarla rəftarı ilə Azərbaycanın insan haqları sahəsində götürdüyü öhdəlikləri, eləcə də AŞ Nazirlər Komitəsinə indiki sədrliyi arasında əlaqə tamamilə yox kimidir".

Təşkilat bildirib ki, Azərbaycan höküməti insanların toplaşma, birləşmə və ifadə azadlıqlarına hörmət etməli və bunları həyata keçirmək istəyən şəxsləri şərtsiz azad etməlidir.

Eləcə də, AŞ, Parlament Assambleyası, sədri və Nazirlər Komitəsi bu hüquqların həyata keçirilməsinə daha tələbkar yanaşmalıdır.

Ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyi də gənc fəallara hökmün çıxarılması ilə bağlı bəyanat yayıb və "dərin məyusluq hissi keçirdiyini" açıqlayıb.

Səfirliyin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, ABŞ və digər ölkələrin səfirlikləri məhkəmə prosesini izləyib və “ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlarla” müşayət olunub.

“Azərbaycan hökumət nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırmışıq. Biz, həmçinin, məhkəmə nümayəndlərinin sübutlarla yalnış rəftar və hüquqi axtarış prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik”.

Amerika səfirliyi Azərbaycan hökümətini insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

“Biz Azərbaycanı demokratikləşmə yolunda dəstəkləmək üçün Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə birgə işləməyə sadiqik”.

Azərbaycan hökümətindən hələlik bu bəyanatlarla bağlı hər hansı fikir bildirilməyib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bundan əvvəl gənclərin həbsi barədə bildirib ki, "istənilən halda ortada konkret ittihamlar var".

"..bu ittihamlar üzrə suallara cavab verilməsi daha düzgün olardı. Çox təəssüf ki, bəzi insanlar məhkəmə zamanı ittihamları bir kənara qoyaraq, etdikləri bir cinayət əməlini bir kənara qoyaraq siyasi mövzuda çıxış edirlər və özləri haqqında tamam başqa bir fikir yaratmağa çalışırlar", cənab Mirzəzadə BBC Azərbaycancaya deyib.

2013-cü ilin <link type="page"><caption> martından iyun ayına kimi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140422_nida_timeline.shtml" platform="highweb"/></link> "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonra həbs olunan fəallar kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunub. Məhkəmə onlar haqqında 6-8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.