N!DA fəalları 6-8 il müddətinə azadlıqdan məhrum edilib, aclığı dayandırır

Şəklin mənbəyi, Nida NIDA VH media qrupu

Kütləvi iğtişaşların təşkili və narkotik maddə ittihamı ilə həbs edilən səkkiz N!DA fəalı barədə hökm verilib.

Qərara əsasən, Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il, Rəşad Həsənov və Məmməd Əzizova 7 il 6 ay, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7, Şahin Novruzluya isə 6 il azadlıqdan məhrum etmə cəzası verilib.

Fəalların məhkəmə qərarından sonra buraxdığı bəyanatında deyilir ki, 20 gün davam edən aclıq aksiyasını bu gündən dayandırırlar.

"Hesab edirik ki, Azərbaycana bizim cəsədimiz yox, fəaliyyətimiz lazımdır", N!DA-çıların adından yayılmış bəyanatda bildirilir.

"Aclığın davam etdiyi bu 20 gündə Azərbaycanda siyasi məhbus probleminin gündəmdən düşməməsi, bu gün (6 may) yüzlərlə fədakar fəalın aksiya keçirməsi, yeni insanların etirazçı qüvvələrə qoşulması, xarici ölkələrdə dəstək aksiyalarının keçirilməsi beynəlxalq demokratik qüvvələrin diqqətinin Azərbaycana cəlb olunması, bizim qeyd etdiyimiz məqsədimizə çatmağımızı göstərir".

ABŞ-ın Azərbaycandakı səfirliyi gənc fəallara hökmün çıxarılması ilə bağlı bəyanat yayıb və "dərin məyusluq hissi keçirdiyini" açıqlayıb.

Səfirliyin bəyanatında deyilir ki, ABŞ və digər ölkələrin səfirlikləri məhkəmə prosesini izləyib və “ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlarla” müşayət olunub.

Məhkəmə hökmü oxunandan sonra N!DA Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Ayğün Pəncəliyeva jurnalistlərə açıqlamasında deyib ki, bu hökm "gözlənilirdi".

"Uşaqlar, hamı gözləyirdi bu hökmü, heç kim təəccüblənmədi. Analar ağlayırdılar və onlara deyirdilər ki, ağlamayın. Səhhətləri pisdir, zəifdirlər. Aclıq aksiyasını davam edib-etməmək barədə bu gün, ya da sabah bəyanat yayacaqlar".

Məhkəmə qərarından sonra fəalları dəstəkləyən onlarla gənc "azad et" şüarları səsləndirməyə başlayıb.

BBC Azərbaycanca müxbiri Nailə Abdiyeva xəbər verir ki, ümumilikdə təxminən 16-a yaxın fəal saxlanılıb, onlardan biri qadındır. Onlar arasında Tural Abbaslı (Musavat), Amid Süleymanov (AXCP), eləcə də jurnalistlər var.

Hadisələr Bülbül prospektində, Heydər Əliyev sarayının qarşısından Nizami kinoteatrı istiqamətində baş verir.

Onlarla şəxs Nizami kinoteatrının qarşısından Sahil metrosuna tərəf qovulub. Gənclərdən bir qrupu Nizami kinoteatrının qarşısında Azərbaycan dövlət himnini oxumağa başlayıb və azadet şüarları səsləndirib. Bu zamanda biri qadın olmaqla 6 gənc aparılıb.

Saxlanılanlar var

Müxbirimiz deyir ki, polis jilet geyinmiş jurnalistlərə də zorakılıq edildiyini görüb, Turan agentliyinin fotoqrafı Etimad Budaqov döyülüb.

Turan İA-ya Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı deyib ki, saxlanılanlar arasında beş partiya üzvü olub. Sonradan Rüfət Hacıbəyli buraxılıb, Şamil Beydulla və Sarvan Əbdüləzimov isə 22 saylı Nəsimi rayon polis idarəsinə aparılıb.

Saxlanılanlar arasında "Yeni Müsavat” qəzetinin müxbiri Məhəmməd Türkmən, "Azadlıq" qəzetinin müxbiri Xalid Qarayev da olub. Agentliyin məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Kəmalə Bənənyarlı və NİDA üzvü Rəhman Məmmədlidən başqa daha 10 nəfər saxlanılıb.

Proses başlamazdan təxminən bir saat əvvəldən fəalların yaxınları məhkəmə binasının qarşısına toplaşıb.

Müxbirimiz deyir ki, saat 11-də başlayan məhkəmədə hökm oxunub.

Vəkillər birbaşa hökmün qərar hissəsinin oxunması barədə vəsatət qaldırsa da, vəsatət təmin olunmayıb.

Məhkəmə binası qarşısında dayanan fəallardan biri üzərində sabiq prezident Heydər Əliyevin "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" cümləsi yazılmış şüar qaldırıb, lakin polis şüarı oxuduqdan sonra plakat kağızını qatlayıb aparıb.

Daha sonra gəncləri dəstəkləməyə gələnləri məhkəmə binası qarşısından parka tərəf sıxışdırmağa başlayıb.

Eyni zamanda, məhkəməyə gələn yollarda polis maşınları, çevik polis alayının əməkdaşları gözə dəyir.

Aprelin 17-də dövlət ittihamçısı fəallar- Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov, Məmməd Əzizov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.

Hökmə reaksiyalar

ABŞ-ın Azərbaycandakı səfirliyi gənc fəallara hökmün çıxarılması ilə bağlı bəyanat yayıb və “dərin məyusluq hissi keçirdiyini” açıqlayıb.

Səfirliyin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, ABŞ və digər ölkələrin səfirlikləri məhkəmə prosesini izləyib və “ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlarla” müşayət olunub.

“Azərbaycan hökumət nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesinin keçirilməsini təmin etməyə çağırmışıq. Biz, həmçinin, məhkəmə nümayəndlərinin sübutlarla yalnış rəftar və hüquqi axtarış prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik”.

Amerika səfirliyi Azərbaycan hökümətini insan hüquqlarına dair üzərinə götürdüyü beynəlxalq öhdəlikləri əməl etməyə çağırıb.

“Biz Azərbaycanı demokratikləşmə yolunda dəstəkləmək üçün Azərbaycan hökuməti və Azərbaycan xalqı ilə birgə işləməyə sadiqik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli BBC Azərbaycancaya gənc fəallara çıxarılan hökmü "qəddar ədalətsiz" adlandırıb və deyib ki, gənclər "heç bir cinayət əməli törətməyiblər"

"Hakimiyyət həm Azərbaycan ictimaiyyəti, həm də dünya ictimaiyyətinə sübut edir ki, Azərbaycanda məhkəmə deyilən müstəqil orqan yoxdur, məhkəmələr artıq digər güc strukturlarının bir hissəsi kimi dövlətin, hökümətin "represiya" aparatının bir vintinə çevriliblər. Onların yeganə günahı hökümətin nəzərində ölkədə ciddi dəyişikliklərə nail olmaq arzuları olub. Cinayət işi başda ayağa saxta sübutlar üzərində qurulub və Azərbaycan höküməti digər gəncləri qorxutmaq məqsədi ilə belə ağır cəza verib".

İşgəncələr Əleyhinə Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib ki, Azərbaycanda müstəqil məhkəmə sistemi "yox dərəcəsindədir".

Məhkəmə binası qarşısında dayanan fəallardan biri üzərində sabiq prezident Heydər Əliyevin "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" cümləsi yazılmış şüar qaldırıb, lakin polis şüarı oxuduqdan sonra plakat kağızını qatlayıb aparıb. Foto Cəsur Sümərinliyə məxsusdur.

Şəklin mənbəyi, Cesur Sumerinli

Şəklin alt yazısı, Məhkəmə binası qarşısında dayanan fəallardan biri üzərində sabiq prezident Heydər Əliyevin "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" cümləsi yazılmış şüar qaldırıb, lakin polis şüarı oxuduqdan sonra plakat kağızını qatlayıb aparıb. Foto Cəsur Sümərinliyə məxsusdur.

Gənclər etiraz olaraq aclıq aksiyasına başladıqlarını bildirib. Penitensiar Xidmət fəalların aclıq aksiyası keçirməsi barədə fikirləri rəsmi inkar etsə də, hazırda aclıq aksiyasının 20-ci günü olduğu deyilir.

Fəallar ötən ilin martından iyun ayına kimi "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonrası həbs olunub və kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur.