N!DA fəalları məhkəmədə "son söz" deyib

"Bizim mərhəmətə ehtiyacımız yoxdur, nədənsə peşman deyilik, çünki peşmanlıq çəkiləsi bir iş də görməmişik. Bu qondarma işə baxan məhkəmədən də ədalət gözləmirik, çünki o qanunu ali tutmağa, sərbəst qərar qəbul etməyə qadir deyil".

Bunu N!DA üzvü Rəşadət Axundov "kütləvi iğtişaşların təşkilinə cəhd" və "narkotik"də ittiham edilən səkkiz gənc fəalın adından məhkəmədə səsləndirdiyi son söz nitqində deyib.

Axundov deyib ki, aylarla davam edən məhkəmə istintaqı cinayət işinin "mənasız bir fəlsəfə olduğu qeyd-şərtsiz sübut edib".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə BBC Azərbaycancaya gənc fəalların son çıxışını "ümumi bəlağətli siyasi çıxış" adlandırıb.

"İstənilən halda ortada konkret ittihamlar var və bu ittihamlar üzrə suallara cavab verilməsi daha düzgün olardı. Çox təəssüf ki, bəzi insanlar məhkəmə zamanı ittihamları bir kənara qoyaraq, etdikləri bir cinayət əməlini bir kənara qoyaraq siyasi mövzuda çıxış edirlər və özləri haqqında tamam başqa bir fikir yaratmağa çalışırlar".

"Prezident İlham Əliyev 2013-cü il iyunun 7-də YAP-ın qurultayında, yəni hələ istintaq getdiyi dövrdə barəmizdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda bizi cinayətkar adlandıranda isə N!DA-ya qarşı repressiyaların siyasi sifariş olduğuna şübhə qalmadı. İstintaq sonrakı hərəkətində bu qərarın icrasından kənara çıxa bilməzdi".

Ilham Əliyev sözügedən çıxışında "başqa istiqamətdə" siyasi fəaliyyət aparanlar haqqında "onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, Molotov kokteylidir", - demişdi.

Noyabrda başlayan məhkəmə istintaqı nəticəsində, dövlət ittihamçısı bu ilin aprelin 17-də fəallar üçün 6-8.6 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Bundan sonra gənclər dövlət ittihamçısının tələbinə etiraz olaraq 15 gündür aclıq aksiyası keçirir.

N!DA fəalları kütləvi iğtişaşların təşkili, narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun ötən ilin mart ayında yaydığı bəyanatda N!DA hərəkatının hakimiyyət tərəfindən saxlanılmış üzvlərinin evindən Molotov kokteyli, marixuana, həşiş və "təcili demokratitya tələb olunur" yazılmış vərəqələrin tapıldığı deyilirdi.

"Səhv"

Rəşadət Axundovun sözlərinə görə, N!DA ətrafında aktiv, dəyərli gəncləri birləşdirməyə başladığına görə hakimiyyət onun əleyhinə olub.

"Çünki bu rejim xalqı mağmun, hərəkətsiz, rəzil, dəyərsiz kütlələrə çevirmək istədiyindən aktiv və fəal, fərqli düşünən insanlara düşmən kəsilib. Gənclik isə dinamik inkişafa, qeyri-statikliyə, hərəki fəallığa can atır. Ona görə də rejimin guya bizə cinayət törətdiyimizə görə düşmən kəsildiyini düşünmək kökündən səhvdir. Tam əksinə. Biz cinayət törətsəydik, bu rejimin dostu olardıq", - gənclərin "son söz"ündə deyilir.

Məhkəmə istintaqından danışarkən Axundov deyib ki, gənc fəallar məhkəmədə "formal" iştirak etdiyinə görə, bəraət istəmək də "formal" xarakter daşıyır.

"Çünki əminik ki, bizə bəraəti bu məhkəmə yox, xalqımız və tarix verəcək. Məhkəmədə iştirakımızın və son söz söyləməyimizin bir səbəbi də var. Biz məhkəmə sistemini dövlətin əsası, cəmiyyətin ədalətliliyinin qarantı kimi dəyərləndiririk. Məhkəmə sözündəki əzəmətə və qürura hörmətlə yanaşırıq. Ona görə də işimizə baxan məhkəmənin bu kriteriyalardan uzaq olmasına baxmayaraq hakim və məhkəmə adına hörmət edərək formal proseduralara tabe oluruq, onları gözləməyə səy göstəririk".

Gənc fəalın sözlərinə görə, N!DA-çılar insan və vətəndaş hüquq və azadlıqlara hörmətin ölkədə təmin olunması üçün fəaliyyət göstərdiyinə görə tutulub.

"Biz heç bir yerə getmirik, qayıtmayacağıq da. Çünki biz onsuz da varıq, burdayıq, sizinləyik. Həbsdə 10 N!DA-çı olsa belə azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə həm də daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın. Alnınızı dik, iradənizi möhkəm tutun".

"Kütləvi iğtişaşların təşkilinə cəhd" və "narkotik"də ittiham edilən N!DA Vətəndaş Hərəkatının səkkiz üzvü "son söz"lə məhkəmədə çıxış edib.

"Son söz"ü fəallar adından Rəşadət Axundov oxuyub, vəkil Nemət Kərimli deyib.

Məhkəmə qarşısında

Gənclər barəsində qərarvermə məhkəməsi mayın 6-da keçiriləcək.

BBC Azərbaycancanın cümə axşamı səhər məhkəmə binası qarşısında olan müxbiri Nailə Abdiyeva bildirir ki, proses başlamazdan təxminən bir saat əvvəl fəalların valideynləri, dostları və onları dəstəkləyənlər Ağır Cinayətlərə Dair Məhkəmənin qarşısına toplaşıb.

Məhkəmə qarşısında toplaşanlar fəallara dəstək məqsədilə əl çaldıqdan sonra, polis onlara xəbərdarlıq edib, Nailə Abdiyeva deyir.

Həmçinin, bir neçə nəfərin saxlanılması və sonradan buraxılması barədə məlumatlar var.

Polis məhkəmə binasının qarşısındakı jurnalistlərlə fəalları iki yerə ayırıb, sərbəst hərəkət etməyə "icazə vermir".

Fəallar- Zaur Qurbanlı, İlkin Rüstəmzadə, Rəşadət Axundov, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Məmməd Əzizov və Şahin Novruzlu ötən ilin martından iyun ayına kimi, "Əsgər Ölümlərinə Son" aksiyası ərəfəsi və sonrası həbs olunub.

İnsan hüquqları müdafiəsi üzrə beynəlxalq təşkilat Amnesty İnternational aprelin 9-da gənc fəalların azadlığı tələbi ilə imzatoplama kampaniyası keçirir. Müraciətdə fəalların dərhal azad olunması və onlardan bir neçəsinin işgəncəyə məruz qalması qeyd olunub.

Human Rights Watch təşkilatı illik hesabatında gənc fəalları "vicdan məhbusları" adlandırıb.